İsmayıllıda Yeni Azərbaycan Partiyasının Şirvan bölgəsi üzrə rayon təşkilatlarının ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirilib

 

Sentyabrın 21-də İsmayıllı şəhərində Yeni Azərbaycan Partiyasının İsmayıllı, Ağsu, Qəbələ, Qobustan, Kürdəmir və Şamaxı ərazi ilk partiya təşkilatları sədrlərinın iştirakı ilə müşavirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədən əvvəl Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olub.

Zona müşavirəsində YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat Novruzəli Aslanov iştirak ediblər.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin uğurla inkişaf etdiyini, vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli addımların atıldığını bildirib. O, bu ilin əvvəlindən dövlətimizin başçısı tərəfindən mühüm sosial islahatların həyata keçirildiyinibunun nəticəsində ölkəmizdə əməkhaqlarının, təqaüdlərin və sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırıldığını diqqətə çatdırıb.

YAP sədrinin müavini-icra katibi Əli Əhmədov partiya həyatı ilə bağlı müşavirə iştirakçılarına müvafiq tövsiyə və tapşırıqlarını verib.

Qeyd edək ki, Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsi veteranları ilə də görüşüb. Əli Əhmədov Qarabağ müharibəsi veteranlarının qayğıları ilə maraqlanıb.

 

Azərbaycan.- 2019.- 22 sentyabr.-  S. 2.