Çin nümayəndə heyəti Heydər
Əliyev Mərkəzi ilə tanış olub
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 21-də Heydər Əliyev Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, qonaqlara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib.
Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Bundan əlavə, Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə populyarlaşdırılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
Bildirilib ki, məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Mərkəz dünya memarlıq inciləri siyahısına daxil edilib.
Qonaqlar əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olublar. Nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, muzeyin "Fotoşəkillərdə əks olunmuş həyat”, "Azərbaycanın ictimai-siyasi həyatı”, "Dövlətçilik, irs, nailiyyətlər” adlı bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur. Hər bir mövzu üzrə materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir. Muzey qonaqların böyük marağına səbəb olub.
Çin nümayəndə heyətinin üzvləri Mərkəzdə "Azərbaycan inciləri” sərgisi ilə də tanış olublar. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı unikal eksponatlar nümayiş etdirilir. Sərgidə qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri təqdim edilib. Mis məmulatlar sərgisi qonaqların xüsusi marağına səbəb olub.
Diqqətə çatdırılıb ki, Azərbaycanın qədim çalğı alətləri orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimləri, qədim sikkələr nümayiş etdirilən sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
Nümayəndə heyəti klassik avtomobil sərgisi ilə də tanış olub.
Ümumçin Xalq Nümayəndələri
Yığıncağı Daimi Komitəsinin
sədri Li Canşu Mərkəzin
xatirə kitabına ürək sözlərini yazıb.
Azərbaycan.- 2019.- 22 sentyabr.- S. 2.