Müsəlman
Şərqində ilk dünyəvi
qızlar məktəbi Bakıda açılıb
Azərbaycan xalqının tarixini vərəqlədikcə örnək hadisələrlə qarşılaşırsan. Onlardan biri də hər xalqa mənsub olmayan xeyriyyəçilikdir. Belə xeyriyyəçilik ənənəsinə sadiq qalan, xalqımızın XX əsr ictimai-siyasi və mədəni həyatında silinməz izləri görünən, ömrünün sonunadək təmənnasız xidmət göstərən, millətin inkişafı yolunda var-dövlətini əsirgəməyən Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev idi. O, müstəmləkə altında yaşayan, hər cür tərəqqiyə, inkişafa səbəb olacaq vasitələrdən məhrum edilmiş millətinin sabahı üçün dövrün ziyalıları ilə birgə çıxış yolları axtarırdı.
Yaxşı bilirdi ki, müsəlman-tatar adlandırılan millətinin tərəqqisi, düşdüyü zülmət və zillət quyusundan qurtuluşu üçün mədəniyyət, mətbuat, təhsil lazımdır. Beləliklə, həmin işıq H.Z.Tağıyevin Bakıda min bir əzab-əziyyətlə açdırdığı müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbindən şəfəq saçdı. Hələ o zaman kimsə deyə bilməzdi ki, bu bina həm də yaxın gələcəkdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi yadigarlarından birinə çevriləcək.
Hacının İmperator III Aleksandra məktubu
Bakıda qızlar məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə İmperator III Aleksandrdan icazə istəsə də, cavab müsbət olmur. Çar II Nikolay taxta çıxanda Hacı yenidən buna cəhd edir: 1895-ci ildə Nikolayın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını təmsil edən Hacı Zeynalabdin Tağıyev bu dəfə fürsəti əldən vermir. O, çarın xanımı Aleksandra Fyodorovnaya çox bahalı bir hədiyyə bağışlayır. Eyni zamanda Bakıda onun adına qızlar məktəbinin açılmasını xahiş edir. Hacı nə etdiyini gözəl bilirdi. Bunun üçün özgə bir yol görünmürdü. 1896-cı ildə şifahi, 2 il sonra isə rəsmi razılıq alan H.Z.Tağıyev ilk növbədə məktəb binası üçün müvafiq yerin seçilməsinə və inşasına diqqət yetirdi. Qaragüruhçuların hədə-qorxularına son qoymaq üçün o, Məkkə, Mədinə, Kərbəla, Xorasan, Təbriz, Tehran kimi dini mərkəzlərə, qardaş Türkiyəyə (İstanbula) nümayəndələr göndərdi. Onlar həmin şəhərlərin rəsmi din xadimlərindən aşağıdakı məzmunda imzalanmış və möhürlənmiş sənəd gətirdilər: "Qurani-Kərimdə qız uşaqlarının təhsil almasında heç bir qadağa yoxdur. Müsəlman qızları müasir məktəblərdə təhsil ala bilərlər”.
1897-ci ildən Hacı bu istiqamətdə fəallığını artırsa da, Rusiya imperator idarələrinin süründürməçiliyi ilə məsələnin həlli süni surətdə yubadılırdı. Hətta icazəyə - məktəbin binasının yerinin müəyyən edilməsinə və tikintisinə 4 il vaxt sərf olundu. Müsəlman qızlar məktəbi üçün bina Bakıda "İsmailiyyə” binasının yanında (indiki İstiqlaliyyət küçəsi) tikildi.
Həsən bəy
Zərdabinin ömür-gün
yoldaşı Hənifə xanımın məktəb
binasının tikintisinə dəstəyi
Hacı bu işi memar İ.V.Qoslavskiyə həvalə edir. Məktəbin tikilib başa gəlməsinə 200 min rubla yaxın vəsait xərclənir. Binanın ərsəyə gəlməsində dövrün böyük ziyalıları da iştirak edir. Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım bu təşəbbüsü daha çox bəyənir və Hacıya yardımçı olur.
Nəhayət, tarixi gün gəlir: 1901-ci ilin bir payız səhərində bütün Bakı əhalisi məktəbin açılışına toplaşır. "Kaspi” qəzeti həmin hadisəni belə təsvir edir: "Nikolayevski küçəsindəki gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-də dəvətlilərlə və şəhərin əyan-əşrəflərilə dolmuşdu. Məktəbin yaradılması, tikilməsi barədə danışıqlardan sonra çıxışlar oldu. Məktəbdə oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada deyilirdi: "Çox yaşa, Hacı!”
Tariximizin və cümhuriyyətin yadigarlarından sayılan Qızlar məktəbi müsəlman ənənələrini Avropa modernizmi ilə bacarıqla birləşdirərək Azərbaycanda dünyəvi qadın təhsilinin əsasını qoydu. Maarifçilik tariximizdə, Azərbaycan qadınının təhsil almasında Tağıyevin Qızlar gimnaziyasının böyük rolu danılmazdır. Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan millətimizin tərəqqisində yaxından iştirak edib. Məhz bu məktəbin yetirmələrindən olan Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Məryəm Qembitskaya, Qadın Xeyriyyə Cəmiyyətini yaradan Liza Muxtarova, həmçinin Naxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova və onlarla başqaları cümhuriyyətin fəallarından oldular.
Zaman-zaman cəhalət qaranlığında istedadları boğulan nə qədər Azərbaycan qızı məhz həmin məktəbdə təhsil alıb, inkişaf edib, cəmiyyətin fəal üzvlərinə çevrilib. Bir sözlə, həmin məktəbin Azərbaycan cəmiyyəti üçün faydasını heç nə ilə müqayisə etmək mümkün deyil. Məktəbin açılması prosesi belə olub: Bakı quberniyası və Dağıstan vilayəti Xalq məktəblərinin müdiri A.S.Txoryevski H.Z.Tağıyevə 22 mart 1896-cı il tarixində məktub yazaraq xahiş edir ki, məktəb açmaqla bağlı mərkəzə müraciət etsin. Həmin məktubdan sonra H.Z.Tağıyev 24 aprel 1896-cı il tarixində Qafqaz Tədris Dairəsinin hamisi K.P.Yanovskiyə məktub yazaraq niyyətini bildirir. Hacının məktubuna bir gün sonra Qafqaz Tədris Dairəsinin müfəttişi M.K.Zavadskinin cavabı gəlir.
Məktub yetişdi və bəhanələr ötüşdü
Bakı quberniyası və Dağıstan vilayəti Xalq məktəblərinin müdiri A.S.Txoryevskinin Hacı Zeynalabdin Tağıyevə ünvanladığı məktubunda deyilir: "Zati-aliləri cənab Qafqaz Tədris Dairəsinin hamisi mənə təklif etdi ki, xalq təhsilinə biganə qalmayan şəxslərdən imperator həzrətlərinin müqəddəs tacqoyma mərasimi ilə əlaqədar pul və ya torpaq ianələri şəklində yeni məktəblər yaratmağı, yaxud da mövcud məktəbləri genişləndirməyi xahiş edim.
Bunu nəzərə alaraq böyük xeyriyyəçiliyi və xalq təhsilinin yayılmasında təəssübkeşliyi hamıya məlum olan bir şəxs kimi Sizə aşağıdakı xahişdə müraciət edirəm: 1) bütün Rusiya üçün qarşıdan gələn sevincli hadisənin şərəfinə Bakıda müsəlman qızlar üçun məktəb təsis edəsiniz. Həmin məktəb Xalq Maarifi Nazirliyinin bir və ya ikisinifli məktəblərinin kursuna müvafiq olmalı, bürada müsəlman ailəsinin ehtiyaclarına uyğun əl işi və evdarlıq tədris olunmalıdır. 2) imperiyada hələlik yeganə olacaq Bakı müsəlman qız məktəbinin təsisinə razılığınız alındığı təqdirdə o, imperatorun qızı, əlahəzrət Böyük Knyaginya Olqa Nikolayevnanın şərəfinə "Olqinski” adlandırılsın”.
Daha maraqlı bir məqam isə Birinci gildiya Bakı taciri Hazı Zeynalabdin Tağıyevin Qafqaz Tədris Dairəsinin hamisi K.P.Yanovskiyə 24 aprel 1896-cı il tarixində göndərdiyi məktubdur. Məktubun bəzi incə məqamları var ki, onlar da o zaman Hacının həmin məktəbi açdırmaq üçün çəkdiyi əziyyət və milli mənafe xatirinə milyonlarından belə keçməsidir. Məktubda yazılıb: "Əlahəzrət imperatora dərin sədaqət hisslərindən irəli gələrək, mən istəkli monarxlarını ruhən və cismən sevən əsl rus adamlarının həmişə etdiyi və etməli olduqları kimi, imperator həzrətlərinin gələcək müqəddəs tacqoyma mərasimini xeyriyyə işi ilə qeyd edərək, öz vəsaitim hesabına Bakıda rus-müsəlman qız məktəbini yaratmaq qərarına gəldim. Mən nəzdində lazımi xidmətləri və şəraiti olan məktəb binasının tikintisinə 25 min rubl və ayrıca olaraq 125 min rubl ianə ayırıram ki, sonuncu məbləğdən əldə olunan 5 min rublluq faiz məktəbin saxlanılmasını təmin edəcəkdir. Özümə belə bir ümid verirəm ki, müvafiq rəhbər qurumlar həmin məktəbə imperatriçə Aleksandra Fyodorovnanın adının verilməsi barədə lazımi qaydada ali icazənizi ala biləcəklər”.
Bu məktublaşmalar Şərqdə ilk müsəlman qızlar məktəbinin təməl daşı demək olacaqmış. Digər xeyriyyəçilik missiyası kimi Hacı bu əvəzsiz xidməti ilə də xalqının elm və təhsil tarixinə adını şərəflə, qızıl hərflərlə yazdırdı. Qafqaz Tədris Dairəsinin müfəttişi M.K.Zavadskinin Hacıya ünvanladığı məktubda da bu, özünü göstərir: "Zati-aliləri Hacı Zeynal Abdin! Sizin 24 aprel tarixli məktubunuza cavab olaraq bildirirəm ki, cənab dairə hamisi məktubunuzda irəli sürülən fikirləri tam bölüşərək və məktəbin açılması üçün təklif edilən planın tatar (həmin dövrdə Çar Rusiyası Azərbaycan türklərini tatar adlandırırdı) qadınlarının təhsili üçün xeyirli olduğunu nəzərə alaraq, məni zati-alinizə bildirməyi müvəkkil etmişdi ki, hami Sizin tərəfinizdən məktəbin saxlanılmasına 150000 rublun köçürülməsi haqqında məlumat aldıqdan dərhal sonra xahiş etdiyiniz vəsatəti qaldıracaq.
İşin təxirəsalınmaz olduğunu və imperator həzrətlərinin müqəddəs tacqoyma gününün yaxınlaşdığını nəzərə alaraq cavabı tezləşdirməyi xahiş edirəm”.
Bəli, beləliklə, Hacının vəsaiti və vəsatəti ilə çarizm dövründə fədakarlıqla açdırdığı Qızlar məktəbi xalqımızın zərif təbəqəsinin qara çadradan xilasına, elm, təhsilə yol açılmasına, iqtedad və qabiliyyətlərinin üzə çıxarılmasına əsas vəsilə oldu...
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2019.- 22 sentyabr.- S. 6.