Tokio 2020” Yay Olimpiya Oyunlarına daha beş lisenziyanın sahibi Bakıda müəyyənləşib

 

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının altıncı günündə - sentyabrın 21-də qrup hərəkətləri komandaları təsnifat yarışlarında mübarizə aparıblar.

AZƏRTAC xəbər verir ki, "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 24 komanda iki qrupda yarışıb. Azərbaycan gimnastları B qrupunda güclərini sınayıblar. İdmançılar 5 top, 2 cüt gürz və 3 halqa ilə kompozisiyalarını təqdim ediblər.

Ölkəmizi təmsil edən qrup hərəkətləri komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Üç halqaiki cüt gürzlə təsnifat yarışlarında Yaponiya millisi 29,000 xalla birinci pillədə qərarlaşıb. Bolqarıstan 28,800 xalla ikinci, Rusiya 28,700 xalla üçüncü pillədə yer alıblar. Azərbaycan komandası 26,700 xalla yeddinci olub. Reqlamentə görə, 8 komanda yarışın finalına yüksəlib. Finala yüksələn komandalar arasında Azərbaycanla yanaşı, Yaponiya, Bolqarıstan, Rusiya, Belarus, İsrail, İtaliyaÇin yığmaları da var.

Beş topla mübarizədə isə Rusiya komandası 30,000 xalla birinci olub. İlk üçlüyü Bolqarıstan və Yaponiya (hər ikisi 29,200 xal) yığma komandaları tamamlayıblar. Azərbaycan 26,400 xalla 9-cu pillədə yer alıb. Finala Rusiya, Bolqarıstan, Yaponiya, Belarus, Ukrayna, İtaliya, İsrailÇin komandaları adlayıblar.

Qrup hərəkətləri komandalarının final yarışları sentyabrın 22-də keçiriləcək.

Günün sonunda çoxnövçülük üzrə yarışların qalibləri də müəyyənləşib. İki kompozisiyanın cəmində 58,700 xal toplayan Rusiya komandası qızıl medal qazanıb. Yaponiya gimnastları 58,200 xalla gümüş medala sahib olublar. Bolqarıstan komandası isə 58,000 xalla çempionatı üçüncü pillədə başa vurub.

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.

Qrup hərəkətləri komandalarının çıxışını Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov da izləyib.

Çempionatda çoxnövçülük xalları üzrə "Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə əldə edən 5 ən yaxşı komanda da bəlli olub. Ötən il Sofiyada təşkil olunan dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiyaİtaliya artıq lisenziyanı təmin ediblər. Yaponiya millisi ev sahibi olaraq Olimpiadada iştirak edəcək. Hər dörd komanda çoxnövçülük xallarına görə ilk beşlikdə qərarlaşıblar. İki proqramın yekununda 53,100 xal toplayan Azərbaycan komandası çoxnövçülük yarışında səkkizinci olub və "Tokio 2020”yə vəsiqəni təmin edib. Azərbaycanla yanaşı, Belarus, İsrail, Çin və Ukraynanın da qrup hərəkətləri komandaları Tokioda güclərini sınayacaqlar.

Altmış bir ölkədən 300-dən artıq gimnast mübarizə apardığı çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

 

Azərbaycan.- 2019.- 22 sentyabr.- S. 8.