Azərbaycan Milli Məclisinin Sədri Nur-Sultanda Naxçıvan Sazişinin 10 illiyi ilə bağlı keçirilən dəyirmi masada iştirak edib

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 23-də Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərinə səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Oqtay Əsədovun və Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopun rəhbərliyi ilə nümayəndə heyətləri Beynəlxalq Türk Akademiyasında olub, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 10 illiyi münasibətilə keçirilən dəyirmi masada iştirak ediblər.

Dəyirmi masada Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali bildirib ki, 2009-cu ildə türkdilli ölkələrin dövlət başçılarının ortaq qərarı əsasında Azərbaycanın Naxçıvan şəhərində yaradılan Akademiyanın əsas məqsədi türk xalqlarının qədim və müasir tarixi, dil, ədəbiyyat və mədəniyyətini, habelə türk mədəniyyətinin bəşər sivilizasiyasına töhfəsini tədqiq etmək, türk dünyasında akademik fəaliyyətin əlaqələndirilməsini həyata keçirməkdir. Bu məqsədlə Akademiya türk xalqlarının elmi qurumlarına elm və təhsil məsələsində yardımçı olur, türkdilli ölkələr və xalqların ziyalılarının təşəbbüslərinə dəstək verir, onları müntəzəm olaraq bir araya gətirir. Akademiyanın prezidenti Azərbaycana və Türkiyəyə türkdilli dövlətlər arasında inteqrasiyaya verdikləri dəstəyə görə təşəkkür edib. O, Prezident İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İlielan etməsi ilə əlaqədar ötən il UNESKO-nun baş qərargahında təşkil olunan beynəlxalq forum çərçivəsində Cümhuriyyətin 100 illik yubileyinin qeyd olunduğunu vurğulayıb. "Bu il isə "Nəsimi İli” çərçivəsində yenə də UNESKO-nun baş qərargahında keçirilən forumda böyük şairin 650 illik yubileyi və Naxçıvan Sazişinin 10 illiyi qeyd olunub”, - deyə D.Kıdırali bildirib.

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop türk dünyasının beynəlxalq münasibətlərdə güclü aktora çevrilməsinin vacibliyinibu prosesdə bu il 10 illiyi qeyd olunan Naxçıvan Sazişi ilə qurulan ortaq regional təşkilatların rolunu vurğulayıb. Türk Şurası, TÜRKPA, Beynəlxalq Türk Akademiyası kimi təşkilatların qısa zamanda mühüm işlər gördüyünü deyən M.Şəntop dəyirmi masaya ev sahibliyi edən Beynəlxalq Türk Akademiyasının vacib elmi tədqiqatlar və elmi ekspedisiyalar təşkil etdiyini, çox sayda kitablar nəşr etdirdiyini söyləyib və bu istiqamətdə fəaliyyətin beynəlxalq səviyyədə təşviqinin önəmli olduğunu diqqətə çatdırıb.

Milli Məclisin Sədri Oqtay Əsədov Naxçıvan Sazişinin imzalanmasının böyük tarixi hadisə olduğunu deyibonun türkdilli dövlətlərin əməkdaşlığında yeni bir səhifə açdığını bildirib. Sədr hazırda türkdilli xalqların inteqrasiyasına xidmət göstərən önəmli təşkilatların - TÜRKPA-nın Baş Katibliyinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahının Bakıda yerləşdiyini vurğulayıb. O, son illər Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin xüsusilə nəzərə çarpdığını, yaradıldığı qısa müddət ərzində onun türkdilli xalqların tarixi, mədəni və mənəvi irsinin araşdırılması və təbliği sahəsində bir sıra uğurlara imza atdığını qeyd edib. Parlamentin Sədri əmin olduğunu bildirib ki, Akademiya öz fəaliyyəti ilə ümumi dəyərlərimizin qorunmasına və inkişafına hələ çox töhfələr verəcək.

Sonra Oqtay Əsədova və Mustafa Şəntopa türkdilli dövlətlər və xalqlar arasında inteqrasiyanın dərinləşdirilməsi, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafında xidmətlərinə görə Beynəlxalq Türk Akademiyasının qızıl medalı təqdim olunub.

Həmçinin səfər çərçivəsində qonaqlar Beynəlxalq Türk Akademiyasında fəaliyyət göstərən Türk Muzeyini ziyarət edibtürkologiya sahəsində 50 mindən çox nadir kitabın toplandığı kitabxana ilə tanış olublar.

Xatırladaq ki, Milli Məclisin Sədri Oqtay Əsədov Nur-Sultan şəhərində keçiriləcək Avrasiya ölkələri parlament sədrlərinin IV konfransında iştirak edəcək. Tədbirə Avropa və Asiyanın müxtəlif ölkələrinin parlament rəhbərləri və nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri dəvət olunublar.

"Böyük Avrasiya: Dialoq. Etimad. Tərəfdaşlıq” mövzusunda keçiriləcək konfransın əsas məqsədi Avrasiya məkanında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün Avropa və Asiyanın qanunverici orqanlarının rəhbərləri və parlamentlərarası təşkilatların başçıları arasında birbaşa dialoqun qurulmasıdır.

Səfər çərçivəsində Milli Məclis Sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.

 

Azərbaycan.- 2019.- 24 sentyabr.- S. 2.