Regionlarda qadın sahibkarlar
maarifləndirilir
Regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda maraqlı olan qadınların maarifləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə tədbirlər həyata keçirilir.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bu çərçivədə avqust və sentyabr aylarında Qazax, Ağstafa, Samux və Naftalan rayonlarında gənc potensial qadın sahibkarlar üçün müxtəlif mövzularda təlimlər təşkil olunub. "Öz biznesinə başla”, "Biznes-planın hazırlanması”, "Potensial gənc qadın sahibkarların İKT bacarıqları” mövzularında təşkil olunmuş təlimlərdə 100-ə yaxın iştirakçı biznes planının, elektron maliyyə hesabatlarının hazırlanması, İKT üzrə bilik və bacarıqlar, sahibkarlıq sahəsində qanunvericilik, biznes üçün dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb.
Təlimlər zamanı potensial qadın sahibkarlar arasında sorğu da keçirilib. Sorğunun nəticələri göstərir ki, regionlarda qadınların əmək vərdişlərinin inkişaf etdirilməsinə ehtiyac var və bu ehtiyac nəzərə alınaraq belə təlimlər mütəmadi olaraq təşkil ediləcək.
Təlimləri uğurla başa vuran qadınlara sertifikatlar təqdim olunub.
Növbəti mərhələdə potensial gənc qadın sahibkarların istehsal müəssisələrinə təcrübə
səfərləri təşkil olunacaq və
onların məhsullarından ibarət sərgilər
keçiriləcək.
Azərbaycan.- 2019.- 24 sentyabr.- S. 5.