Azərbaycana gələn
turistlərin sayı artdıqca gəlirlər də
çoxalır
Cari ilin yanvar-avqust aylarında Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 2,1 milyona çatıb. Keçən ilin statistikası göstərdi ki, turistlər Azərbaycanda olduqları müddətdə 2,6 milyard dollardan çox pul xərcləyiblər. Azərbaycana gələn əcnəbilərin sayında davamlı artım nəzərə çarpır.
Belə ki, 2016-cı ildə
2,25 milyon, 2017-ci ildə 2,7 milyon, 2018-ci ildə isə 2,85 milyon
əcnəbi ölkəmizə səfər edib.
Ehtimala görə, gələn turistlərin
sayı 2019-cu ildə 3 milyon nəfəri
ötəcək. 2018-ci
ildə turizmdən gəlir 2,634 milyard dollar, xərci 2,284 milyard dollar, müsbət fərqi 350 milyon dollar təşkil edib. Faktlardan göründüyü kimi, turizm Azərbaycanda
valyuta gətirən əsas sahələrdən
birinə çevrilib.
Ölkəmizə gələn turistlərin ildən-ilə çoxalması
bu sahədə yaradılan əlavə dəyərin həcminin artmasına səbəb olur. 2014-cü ildə turizm
sektorunda 2,4 milyard manatlıq əlavə dəyər yaradılıb. Bu göstərici
2018-ci ildə 3,46 milyard manata yüksəlib. Turizmin inkişafı həm
də əhalinin məşğulluğunun artmasına
töhfə verib.
2014-cü ildə bu sektorda 42 min insan çalışırdısa, ötən
ilədək onların
sayı 53,2 mini ötüb. Azərbaycan Turizm Assosiasiyasının
müşaviri Müzəffər
Ağakərimov jurnalistlərə
müsahibəsində bildirib
ki, turizm sahəsi tezliklə neft-qaz sektorundan sonra iqtisadiyyatın əsas aparıcı qüvvəsinə çevriləcək.
Bunun başlıca
səbəbi Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi hərtərəfli
dəstəyidir. Yeni turizm növlərinin
inkişafına, dünya
standartlarına uyğun
hotellərin inşasına
dövlət başçısı
tərəfindən xüsusi
diqqət yetirilir.
Turist səfərlərinin asanlaşdırılması
məqsədilə viza
alınması sadələşdirilib.
Azərbaycanın beynəlxalq tədbirlərə,
simpozium və konfranslara evsahibliyi etməsi, beynəlxalq idman yarışları, musiqi festivalları, mədəniyyət tədbirləri
ölkəmizdə turizmin
inkişafına müsbət
təsir göstərmişdir.
Ekspertlərin fikrincə, növbəti
illərdə Azərbaycana
gələn turistlərin
sayının nəzərəçarpacaq
dərəcədə artacağı
ehtimal olunur. Hətta strateji yol xəritəsində
göstərildiyi kimi,
Azərbaycan 2025-ci ildə
dünyanın 20 ən
yaxşı inkişaf
edən turizm ölkəsindən birinə
çevriləcək.
Ölkəmizdə turizm infrastrukturu və müxtəlif turizm növləri inkişaf edir, eyni zamanda, xalqımızın
qonaqpərvərliyi turist
səfərlərinə müsbət
təsir göstərir. Azərbaycan həm
təbiətinə, həm
coğrafi mövqeyinə,
həm də sabitliyinə görə unikal ölkədir. Turistlər xüsusilə də ailələri ilə o yerlərə üz tuturlar ki, orada
sabitlik, insanlara münasibət yüksək
səviyyədə olsun.
Azərbaycanda turizm şirkətlərinin
və onların növlərinin sayı ildən-ilə artır. Bildiyimiz
kimi, əvvəllər
ölkəmizdə turizm
növləri az idi. Sevindirici haldır
ki, bu azlıq
içərisində qış
turizmi indi populyarlığı ilə
seçilir. Tufandağda, Şahdağda, Qusarda və başqa ərazilərdə qış
turizminin inkişafı
buna bariz nümunədir. Bundan başqa,
ölkəmizdə çimərlik
turizmi ilə yanaşı, kənd turizmi də inkişaf edir. Kənd turizminin məmnunluq doğuran cəhətlərindən
biri də odur ki, turistlərin
bir çoxu Şəkidə, Qusarda, Qubada, Qəbələdə,
Lənkəranda, Gədəbəydə
fərdi evlərdə
qalmağa meyillidirlər.
Bu da yerli
sakinlərin gəlirlərinin
artmasına səbəb
olur.
Azərbaycanda sağlamlıq turizmi də gündəmdədir. Qalaaltı,
Duzdağ, Naftalanda günün tələblərinə
cavab verən müasir hotellər fəaliyyət göstərir.
Gələcəkdə bu hotellərin
sayı arta bilər. Masallıda və Lənkəranda
istisu mənbələri
yaxınlığında yeni
hotellər tikilib.
Bu da sağlamlıq
turizminin inkişafı
üçün daha geniş imkanlar yaradır.
Turizmin çoxşaxəli
inkişafı dünyanın
müxtəlif ölkələrindən
Azərbaycana gələnlərin
sayını çoxaldan
əsas amillərdəndir. Odur ki, bu sahəyə diqqət daha da artırılmalıdır.
Sağlamlıq məqsədilə respublikamıza gələn
turistlər iki-üç
gün deyil, ən azı bir kurs müalicə
məqsədilə 14 gün
qala bilsələr, ölkəyə daha çox valyuta daxil olar.
Turizmin inkişafı həm Bakı şəhərində,
həm də regionlarda yeni iş yerlərinin açılması deməkdir.
Dövlət zərurət duyulan
yerlərdə yol, su, enerji infrastrukturunu
yaxşılaşdırır. Yollar çəkilir, su xətləri yenilənir,
elektriklə təminat
yaxşılaşır. Bütün bunların nəticəsidir
ki, keçmiş Sovetlər birliyi ərazisində turizmin inkişafı baxımından
Azərbaycan öncül
yerdədir.
Rəhman SALMANLI
Azərbaycan.- 2019.- 24
sentyabr.- S. 6.