“Ziyalılarımızdan öyrənək” layihəsi uğurla icra olunur

 

O xalq, o millət xoşbəxtdir ki, onun həqiqi ziyalıları var, onun taleyi ilə maraqlanan, gələcəyini düşünən, onun tərəqqisi, inkişafı, yüksəlişi yolunda canını fəda etməyə hazır olan yetirmələri var.

Sağlam ictimai-siyasi, mədəni və mənəvi mühitin yaradılmasında, cəmiyyətin iqtisadi cəhətdən yüksəlməsində, milli mədəniyyətin tərəqqisində, yüksək etik, estetik keyfiyyətlərin, əxlaq qanun və qaydalarının bərqərar olmasında, elmin, maarifin inkişafında ziyalıların rolu, təbii ki, çox böyükdür.

Ziyalı sözü "ziya”, yəni "işıq”, "nur” sözündən düzəlib və mənası "işıqlı”, "nurlu” deməkdir. Cəmiyyətin həyatına işıq saçan, gələcək inkişafına təkan verən, insanlara doğru yol göstərən şəxsiyyətdir ziyalı. Bilikli, savadlı, yüksək intellektli gənclərin yetişməsində ziyalılar əvəzsiz rol oynayırlar.

Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi layihələrdən biri "Ziyalılarımızdan öyrənək” adlanır. Layihənin əsas məqsədi cəmiyyətin elm, mədəniyyət, incəsənət, təhsil, idarəçilik və digər sahələrində özünəməxsus yeri olan tanınmış ziyalılarımızın ölkənin müxtəlif regionlarında yaşayan gənclərlə görüşlərinin təşkil edilməsidir. Nəticədə gənclərimiz ziyalılarımızı yaxından tanıyır, onlardan yeni-yeni biliklər əldə edirlər.

Layihə çərçivəsində "Tariximizin izi ilə” adlı ilk seminar Quba rayonunda keçirilib. Tədbirdə fondun icraçı direktoru Mehman İsmayılov, M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, dosent Əkrəm Bağırov, AMEA-nın Tarix institutunun aparıcı elmi işçisi, dosent Nigar Gözəlova, "LoqosPsixolojiNitq İnkişafı Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Amal Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Aparatının İctimai-siyasihumanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sentyabrın 20-də Mənəvi Dəyərlərin Təbliği Fondunun və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəki şəhərində Azərbaycan Respublikasının Xalq artisti, görkəmli teatrkino aktyoru Nurəddin Mehdixanlının iştirakı ilə "Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində növbəti seminar keçirilib.

Tədbirdə fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, Şəki Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Aparatının İctimai-siyasihumanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şəki ŞİH başçısı Aparatının İctimai-siyasihumanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, ziyalılarımızın gənclərlə görüşünün təşkil edilməsi milli-mənəvi dəyərlərimizin təbliğinə, gənc nəslin savadlı, intellektual, əxlaqi-mənəvi dəyərlərlə zəngin şəxsiyyət kimi yetişməsinə böyük töhfə verir.

Tədbirdə çıxış edən fondun icraçı direktorunun müavini Ceyhun Əliyev qeyd edib ki, hər bir millətin mövcudluğu və mənəvi inkişafı onun ziyalılarının nisbətindən asılıdır. Ziyalı mənsub olduğu millətin simasını müəyyənləşdirən şəxsiyyətdir. Tarix göstərir ki, millətin çətin anlarında onun mükəmməl milli təəssübkeşlik duyğularına malik ziyalısı millətə düzgün yol göstərir, onun çətinlikdən xilas olmasında böyük rol oynayır. Xalqın içərisindən çıxıb ona xidmət göstərmək istəyən ziyalı üçün fəaliyyət dairəsi məhdud olmur. Əksər halda isə ziyalılar yaratdıqları zəngin mənəvi sərvətlə öz millətlərinin tarix səhnəsindən çıxarılmasının qarşısını alırlar.

Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, gənclərimiz doğulduqları gündən azad və müstəqil bir dövlətin vətəndaşı olduqları üçün çox xoşbəxtdir. Gənc dövlət olmağımıza baxmayaraq, bizim dövlətçilik tariximiz çox qədimdir. Azadlığımızın, müstəqilliyimizin rəmzi olan bayrağımızı, gerbimizi, himnimizi, dövlətçiliyimizi qorumaq hər bir azərbaycanlının borcudur. Bizim vahid milli ideologiyamız azərbaycançılıqdır. Ölkəmizdə yaşayan bütün xalqlar inkişafımızla fəxr etməli, Azərbaycanın müstəqilliyinin qorunması və dünyada tanıdılması üçün çalışmalıdırlar. Yalnız belə olan halda biz milli kimliyimizi qoruya, ona sahib çıxa bilərik. Milli kimliyimizin zəngin mənəviyyata sahib olmağımızla sıx bağlılığını diqqətə çəkən görkəmli teatrkino aktyoru vurğulayıb ki, biz mənəvi dəyərlərlə zəngin bir millət olduğumuza görə müqəddəs islam dininin nazil olduğu ilk dövrlərdən onu rahatlıqla qəbul etdik, ona qucaq açdıq. Azərbaycan xalqının özünəməxsus, qədim tarixə malik milli kimliyi vardır ki, onun da formalaşmasında islam dininin xüsusi rolu var. Bu kimliyi bizə Allah bəxş edib. Biz qadınlarımıza yüksək dəyər verən, onları xanım, evimizin qoruyucusu adlandıran, hər zaman onlarla məsləhətləşən, onlara söz azadlığı, tariximizin müasir dövründə seçki hüququ verən bir millətin övladlarıyıq.

Keçirilən seminarlarda iştirakçılarla mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, ilin sonunadək davam edəcək "Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində ölkəmizin müxtəlif regionlarında gənclərin tanınmış ziyalılar ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 24 sentyabr.- S. 7.