Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində bir sıra görüşlər keçirib

 

Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Mübarizə Komitəsinin icraçı direktoru xanım Mişel Koninks ilə görüşüb.

Görüşdə tərəflər Azərbaycan və Terrorçuluğa qarşı Mübarizə Komitəsi arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər və terrorçuluğa qarşı mübarizədə birgə fəaliyyət üzrə fikir mübadiləsi aparıblar.

Komitənin nümayəndə heyətinin ötən il Azərbaycana etdiyi səfərindən bəhs edən iraçı direktor, terrorçuluğa qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsini təqdir edibbu təcrübənin digər ölkələrlə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Nazir Elmar Məmmədyarov ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olan terrorizmin bütün formalarını qətiyyətlə pislədiyini bildirərək, bu bəla ilə mübarizədə bundan sonra da səylərini əsirgəməyəcəyini qeyd edib.

 

***

 

Xarici İşlər naziri ATƏT-in Baş katibi Tomas Greminger ilə görüşüb. Nazir Elmar Məmmədyarov Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi mühüm əhəmiyyəti Baş katibin diqqətinə çatdırıb. Tərəflər ATƏT-Azərbaycan əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən Azərbaycanın iştirakı ilə həyata keçirilən və ATƏT məkanında iqtisadi inkişafa töhfə verən layihələr üzrə fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin ATƏT-lə Azərbaycan arasında mövcud əməkdaşlıq proqramları nəzərdən keçirilib.

Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunun regional sülh və təhlükəsizliyə başlıca təhdid olduğunu qeyd edib. Daha sonra Xarici İşlər naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli prosesinin mövcud vəziyyəti, o cümlədən Minsk Qrupunun həmsədrləri ilə Nyu-Yorkda baş tutmuş ən son görüş barədə həmsöhbətinə ətraflı məlumat verib.

Nazir E.Məmmədyarov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı və BMT TŞ-nin müvafiq qətnamələri əsasında, eləcə də ATƏT və digər təşkilatların qərar və qətnamələrinə uyğun olaraq həllinin vacibliyini vurğulayıb. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyə, eləcə də tərəqqiyə nail olmaq üçün münaqişənin həllinin vacib şərt olduğunu bildirib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

***

 

Elmar Məmmədyarov Şimali Makedoniya Respublikasının Baş naziri Zoran Zaev ilə görüşüb.

Görüşdə hər iki ölkə arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə olunub. Həmçinin Azərbaycan-Şimali Makedoniya Respublikası arasında davamlı siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, geniş iqtisadi əməkdaşlıq, eləcə də humanitar əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunulub.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri haqqında fikir mübadiləsi aparan tərəflər, enerji sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

 

***

 

Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyan ilə görüşüb.

Nazirlər iki ölkə arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edərək, ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri üzrə və münasibətlərin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar. Yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində oynadığı mühüm rolu vurğulanıb.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsinin önəmi qeyd olunub.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

 

Azərbaycan.- 2019.- 25 sentyabr.-  S. 4.