Beyləqanda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

 

Sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb.

Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Beyləqan Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fəalları, həmçinin dini icma sədrləri, din xadimləri və ilahiyyatçılar iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş "Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filminin nümayişi olub. Sonra ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qarşıda duran vəzifələr, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələr aparılıb.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərin, tolerantlıq mühitinin qorunub saxlanmasından danışıb. Bildirib ki, respublikamızda məscid, kilsə və sinaqoqların bərpasına və yenilərinin inşasına xüsusi diqqət yetirilir. Azərbaycanda bütün dinlərin nümayəndələri tolerant mühitdə dinc, yanaşı fəaliyyət göstərirlər. Respublikamızın digər bölgələrində olduğu kimi, Beyləqan rayonunda da dini durum sabitdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin təbliği, dini maarifçilik işinin aparılması, dini radikalizmxurafata qarşı mübarizədə maarifləndirmənin əhəmiyyətindən danışıb.

Ölkəmizdəki nümunəvi dövlət-din münasibətlərindən söz açan Mübariz Qurbanlı bildirib ki, Azərbaycan dünyəvi respublikadır. Dövlət dinin işinə qarışmır, din isə siyasiləşə bilməz. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin təməlində azərbaycançılıq ideyası dayanır. Ulu Öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşünün, müdrik tövsiyələrin bugünün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə böyük işlərin həyata keçirildiyini deyən M.Qurbanlı əsas milli vəzifələrimizin Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi, sosial-iqtisadi inkişafın davamlılığının təmin olunması, təhlükəsizliyimizin həm ideoloji, həm də siyasi cəhətdən qorunması olduğunu diqqətə çatdırıb. "Müasir dünya üçün ən ciddi təhdidlərdən biri din adı altında aparılan müharibələr, terror hadisələridir. Azərbaycan Respublikasında din adı altında təhdidlərin qarşısı alınır. Bu, bizim milli vəzifəmizdir” deyə komitə sədri bildirib.

Konfrans işini sentyabrın 25-də "Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.

 

Azərbaycan.- 2019.- 25 sentyabr.- S. 4.