Sonun gur işığı...

 

Tədqiqatçılardan biri onun barəsində belə deyib: "İngilislər üçün Şekspir, ruslar üçün Puşkin kimdirsə, Höte almanlar üçün odur”. Əsərləri qədər həyatı da maraqlı olan, haqqında saysız-hesabsız əfsanələr dolaşan İohann Volfqanq Höte 1749-cu il avqustun 28-də qədim alman ticarət şəhəri Frankfurt-Maynda varlı İohann Kaspar Hötenin ailəsində dünyaya gəldi. İxtisasca hüquqşünas olan atası keçmiş vəkil, imperiya məsləhətçisi, anası şəhər zadəganlarından birinin qızı idi.

O, həyat anlayışını atasından, şən təbiətini, yaradıcılıq gücünü anasından aldığını söyləyirmiş. Höte valideynlərinin sayəsində mükəmməl təhsilə yiyələndi. Uşaqlıq illərində evdə xüsusi müəllimlərdən dərs alaraq yunan, latın, ibrani, fransız, ingilis, italyan dillərini, tarix, coğrafiya, teoloji, riyaziyyat, rəsm və musiqini mükəmməl öyrəndi. Vialonçelpianinoda ifa etməyi bacarır, müxtəlif idman növləri ilə məşğul olurdu. İohann Kaspar Höte zəkalı, mütaliəli oğluna evlərində 2000 cildlik kitabxana yaratdı. Frankfurt fransızların işğalına məruz qalanda evləri qərargah edilən Höte Fransa incəsənətinə maraq göstərdi.

 

Dəlicəsinə yazıb-yaratmaq eşqi

 

Təhsilini 1765-ci ildən Leypsiq Universitetinin hüquq fakültəsində davam etdirdi. Tələbəlik illərində də oxumağa, yazmağa, elmi araşdırmalar aparmağa çox böyük həvəs göstərən Höteni gərgin rejim əldən saldı, ağır xəstəlik keçirdi. Birilk sevginin uğursuzluğu ilə yaddaşında qaldı o illər. Bu acılar təhsildə müvəffəqiyyət qazanmasını əngəlləyə bilmədi. İyirmi bir yaşında, 1770-ci ildə universiteti hüquq doktoru elmi dərəcəsi ilə başa vurdu. Həmin il həm də ilk şeirlər kitabını - "Arnetteni çap etdirdi. Bundan sonra, o, bir neçə dram əsəri və şeirlər yazsa da, elmi araşdırmalara və mütaliəyə daha çox vaxt ayırdı. Mistika və əlkimyanı öyrəndi.

Strasburqda yaşayanda Vilyam Şekspirin əsərləri ilə tanışlığı ədəbiyyat haqqındakı düşüncələrinə ciddi təsir göstərdi. Bir müddət sonra Vaymara döndü. Atasının təkidi ilə Alman Ali Məhkəməsində işə başlayandan sonra da bədii yaradıcılığını davam etdirdi. Sonra Vetsler şəhərində yaşamağa qərar verdi. Orada Höte dostu Kestnerin nişanlısı Şarlottaya aşiq oldu. Bu sevginin təsiri ilə Vetsler şəhərini tərk edib evinə qayıdan gənc dahi əzablardan xilas ola bilmədi. Keçirdiyi sarsıntılarla "Gənc Verterin iztirabları” adlı roman yazdı. Əsər qısa müddətdə müəllifini bütün Avropada məhşurlaşdırdı.

Veymara döndükdən sonra yaradıcılıqla daha çox məşğul oldu. 1775-ci ildə bankir qızı on səkkiz yaşlı Lili Şönemanla nişanlandı. Çox keçmədi ki, Höte nişanı qaytardı. Amma bu ayrılıq onun üçün asan olmadı. Həmin günlərdə Veymar prinsi, sonralar hersoq olan Karl Avqustun dəvəti ilə saraya köçdü. Sarayda nazir vəzifəsinədək yüksəldi, əyan adını aldı. Tədqiqatçıları buna görə yazırlar ki, sözdə feodalizm quruluşunun düşməni olan Höte, əslində, görkəmli saray xadimi idi.

Sarayda keçirdiyi on il ədəbi yaradıcılığında itirilmiş zaman oldu. Doğrudur, Höte həmin illərdə saray işləriylə yanaşı, təbiət elmləri ilə də məşğul oldu, bir neçə elmi əsər, eləcə də dəstxətinə yad əyləncəli şeir və nəğmələr yazdı. Ancaq gördüyü işlər böyük istedadının qarşısında sönük idi. Saray həyatı, vəzifələr onu bezdirmişdi. 1786-cı ildə təkcə xidmətçisini xəbərdar edərək ölkədən getdi. Qərarı sarayda narahatlıq yaratsa da, ona mane olmadılar. Bu gedişlə yaradıcılığındakı onillik durğunluq bitdi. Höte Avropanı dolaşdı. Səfər etdiyi İtaliyanın şəhərləri, möhtəşəm abidələri, sarayları, heykəlləri, muzeyləri ruhuna rahatlıq gətirdi, onu ilhamlandırdı. Bundan sonrakı yaradıcılığı haqqında tədqiqatçıları bildirirlər ki, Hötenin klassik üslubda yazmağa başladığı yeni əsərlərində artıq coşqun ruhlu qəhrəmanlar və iştirakçılar yoxdur, bunlar dincəlmiş, mövcud qanun-qaydanın dəyişməzliyinə inanmış, əlçatmaz məqsədlər uğrunda nahaq mübarizədən əl çəkmiş sakit insanlardır. İtaliyada xeyli müddət qalan Höte RenesansAntik dönəmin incəsənəti ilə dərindən maraqlandı, İtaliya incəsənətini araşdırdı. Uzun illər yarımçıq qoyduğu "Egmont” və "Tasso” əsərlərini tamamladı. Bu dövrdə o, Veymar klassizmi adlanan ədəbi məktəbin banisi, yeni estetik normaların yaradıcısı kimi tanındı.

 

Çoxlarını düşündürən sual: Höte müsəlmandırmı?

 

İtaliyada olduğu müddətdə vəzifəsindən uzaqlaşdırılmadığı üçün sarayda da fəaliyyətini davam etdirməklə yanaşı, Yena Universitetində dərs deməyə başladı. Universitetin ətrafına Hegel, Şiller, Fixte, Şillinq kimi böyük alimləri topladı. Şillerlə bir müddət jurnal da çıxardılar. Ümumiyyətlə, araşdırıcıları Hötenin həyatına yaradıcılığına iki şəxsiyyətin - Şiller Herderin təsirini xüsusi qeyd edirlər. İohann Herderlə dostluğu Höteni islama daha da yaxınlaşdırdı. Bir axşam xəstə dostunu görməyə gedən Höteyə Herder "Qurani-Kərim”i oxumağı tövsiyə etdi: "Ərəblərin "Qurani-Kərim”ə sahib olduqları kimi, almanlar da bir kitaba sahib olsaydı, çox irəlilərə gedərdik”. Höte iyirmi iki yaşında "Qurani-Kərimtəfsirləri üzərində çalışmalara başladı. "Məhəmmədadlı qəsidəsində isə o, peyğəmbərlik missiyasının mahiyyəti barədə düşüncələrini ifadə etdi.

Dünya ədəbiyyatına, eləcə Şərq xalqlarının ədəbiyyatına böyük maraq göstərən Höteyə 1812-1813-cü illərdə oxuduğu Hafiz Şirazinin divanı yeni ideya verdi. 1814-1819-cu illərdə "Qərb-Şərq divanıadlı silsilə şeirləri qələmə alarkən Palus, Lorsbax, Kozerqarten kimi şərqşünasların köməyilə o, ərəb dilini öyrəndi.

Yaradana inamı çox güclü idi. Reymerə məktubunda yazırdı: "İnsanlar dərk edə bilmədikləri xoşbəxtlik anında tam mənası ilə təzahür edən bütün naməlum qüvvələri təsadüf adlandırırlar. Lakin bu, ən xırda şeydə belə öz böyüklüyünü göstərən, gözə görünmədən hər yerdə mövcud olan Allahın əlamətləridir”. İslama rəğbətinə görə, müasirləri arasında onu başa düşməyənlər, yaxud qınayanlar çoxdur. Bütün bunlar Höteni maraqlandırmırdı. O, öz heyranlığını belə ifadə edirdi: "Heç kim Hz.Məhəmmədin (s) prinsiplərindən daha irəli gedə bilməz. Avropanın əldə etdiyi nailiyyətlərə rəğmən tətbiq etdiyimiz qanunlar islam mədəniyyətinə nisbətdə geridir. Biz, Avropa millətləri mədəni imkanlarımıza rəğmən Hz.Məhəmmədin son pilləyə çatdığı nərdivanın daha ilk pilləsindəyik. Şübhəsiz ki, bu yolda heç kim onu keçməyəcək”. Dünyanın valeh olduğu Höte Avropanın mərkəzində Həzrət Məhəmmədi (s.ə.s.) vəsf edirdi: "O, şair yox, peyğəmbərdir. Onun Quranı - ilahi qanundur...”.

Hötenin həyatını araşdıran Katerina Momzen yazırdı: "Höte ömrünün sonlarına yaxın daha çox islama meyillənmiş, ərəb əlifbasını "Qurani-Kərim”i daha dərindən mənimsəməyi qarşısına məqsəd qoyubmuş. Hətta onun islam dinini qəbul etməsiylə bağlı düşüncəyə qapılanlar var”. Hötenin Ekkermana məktubunda: "Mən bir müsəlman kimi Onu (Allahı) yüzlərlə ad ilə çağırmağı xoşlayıram, amma yenə Onun saysız sifətləri qarşısında acizliyimi görüb susuramyazması isə xüsusilə müsəlman araşdırıcılarının onun müsəlman olmasına əminliklərini artırır. Bütün tədqiqatçıların sorğu-sualsız qəbul etdiyi həqiqət isə budur: dünya şöhrətli alman İohann Volfqanq Höte islam dininə, sonuncu peyğəmbər Həzrət Məhəmmədə sonsuz sevgi, heyranlıq duyurdu.

 

"Yaşamaq istərsən, vuruş həmişə!”

 

Onun çalışqanlığı da istedadı qədər heyrətamiz idi. Höte sutkada 5 saat yatırdı. İki hissədən ibarət "Faust” dram-poeması dünya ədəbiyyatının ən gözəl nümunələrindən sayılır. Hötenin digər əsərləri, çoxsaylı şeir-poemaları - "Vilhelm Meysterin təhsil illəri”, "Gənc Verterin iztirablarıadlı məktub-romanı, "Seçmə oxşarlıqadlı qismən avtobioqrafik romanları da məşhurdur. "Gənc Verterin iztirablarıəsəri romantik hərəkata təkan verdi. "Promoteyəsəri ilə isə o, sərbəst şeirin əsasını qoydu.

Höte barəsində ən müxtəlif təbəqələrdə söz-söhbət dolaşırdı. Sadə müasirləri çoxlarının çəkindiyi bu dahinin hündürlükdən həddindən artıq qorxduğunu söyləyirdilər. Qorxusunu yenmək üçün o, hər gün Strasburqdakı Müqəddəs Münster kilsəsinin başına çıxaraq həyəcanlanır, endikdən sonra sevinc içərisində uşaq kimi atılıb-düşürmüş. Sevgi onun həyatında yaradıcılığında mühüm yer tuturdu. Elə məhəbbətlə baxdığı qadınlar da Höteyə biganə deyildilər. Hətta yetmiş yaşı olanda dəlicəsinə vurulduğu on yeddi yaşlı qız da ona aşiq olmuşdu.

Şah əsərini - "Faust”u 1772-ci ildə, iyirmi üç yaşında yazmağa başlamışdı. Əsəri 1831-ci ildə bitirmişdi. O zaman Hötenin səksən iki yaşı vardı. Həyatla vidalaşmağına bir il qalırdı...

Höte sanki üzərində bütün yaradıcılığı boyu işlədiyi "Faust”la xoşbəxtliyi axtarırdı. Onun qəhrəmanı - Faust məsumiyyətinə, sadəlövhlüyünə görə aldadıldı, öz sevgisi biliyi ilə müəllifin arzuladığı xoşbəxtliyə çata bilmədi. Ancaq Höte dünyada bu iki şeyin vəhdətindən daha yaxşı formul olmadığına ömrü boyu inandı. O, bu ölməz əsərində yazırdı:

 

Yaşamaq istərsən, vuruş həmişə!

 

Azadlıq layiqdir o adama ki,

 

Atıla bu yolda hər an döyüşə!..

 

O, Avropa musiqisi, dramaturgiyası, poeziya fəlsəfəsinə güclü təsir göstərdi. Hötenin yaradıcılığına şəxsiyyətinə heyranlıqla Franz Kafka: "O, həyat barədə söylənə biləcək şeylərin hamısını söyləmiş biridir”, Fridrix Nitşe: "Höte alman tarixində sonu olmayan bir həqiqətdir”, Volter Benjamin: "Hötenin otağının çox sadə olduğunu hamı bilir. Tavanı alçaq, xalçasız mebellərin üzünə baxılası halda deyildi. İstəsəydi, zadəganlara xas otağı seçə bilərdi. Amma o bunu seçmişdideyə yazdılar. Höte yüzlərlə bədii elmi əsərin müəllifi oldu. Çarlz Darvin, Nyuton daha neçə-neçə elm adamına təsir göstərdi.

Dahi Höte ömrünün son anlarında da dünyanı heyrətləndirdi. Katerina Momzen yazır ki, "Höte həyatla vidalaşdığı anlarda öz sinəsinə "W” işarəsi yazmışdır. Çoxları belə güman etmişlər ki, bu, şairin adının - Wolfgang sözünün baş hərfidir. Lakin bu, əslində, ərəbcə yazılmış "Allah” sözü olmuşdur. Hötenin ərəbcə yazmaq bacarığını isə o zaman hamı bilirdi. Beləliklə, 1832-ci il martın 22-də Höte öz sinəsinə "Allah” sözünü yazaraq, dünyasını dəyişmişdir...”

Şair-dramaturq, mütəfəkkir naturalist İohann Volfqanq Höte ehtimallara görə infarktdan dünyasını dəyişdi. Vaymarda xəstə yatağında can verən dahinin son sözü "daha gur işıq...” oldu.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.- 25 sentyabr.- S. 6.