Salman Mümtazın gizli
imzaları
"Azərbaycan”
qəzetindəki "Xortdan bəy” və
"Sağsağan” mətnşünasa məxsus
olub
Milli ədəbiyyatımızın tanınmasında böyük xidmətləri olmuş Salman Mümtaz ömrünü Azərbaycan klassik şairlərinin əsərlərinin, aşıq poeziyası və xalq folklor nümunələrinin toplanmasına və nəşrinə sərf edib.
Bu il anadan olmasının 135 illiyini qeyd etdiyimiz görkəmli mətnşünas Şəkinin Gəncəli məhəlləsində 20 may 1884-cü ildə tacir ailəsində göz açsa da, ilk təhsilini Aşqabadda alıb.
Kiçik yaşlarında Mirzə Ələkbər Sabirlə görüş ona ədəbiyyatı sevdirib. Elmə böyük marağı olan Salman Mümtaz 22 yaşınadək rus, ərəb, fars və urdu dillərini mükəmməl öyrənib.
1908-1909-cu illərdə "Molla Nəsrəddin” və dövrün bir çox nəşrləri ilə əməkdaşlıq edən Salman Mümtaz "Xortdan bəy”, "Sağsağan” kimi imzalarla yazılar çap etdirib. Gördüyü işlərdə həmişə Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Mirzə Cəlildən mənəvi dəstək görən S.Mümtazın "Molla Nəsrəddın”in imperiyanın bir çox bölgələrində yayılmasında zəhməti olmuşdu.
Cümhuriyyətin yaranması ərəfəsində o, ailəsi ilə birlikdə Bakıya köçərək, "Azərbaycan” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Qəzetdəki fəaliyyəti ilə yanaşı, Azərbaycan klassiklərinin yaradıcılığı ilə bağlı sənədlərlə maraqlanıb.
Təəssüf ki, 1937-ci ilin qanlı repressiya burulğanı bu ziyalı insandan da yan keçmədi. Onu "Bakinskiy raboçiy” qəzetində nəşr olunan məqalələrində buraxdığı "ideoloji səhvlərinə” görə pantürkizm və millətçilikdə ittiham ediblər.
8 oktyabr 1937-ci ildə Salman Mümtaz həbs olunaraq ağır işgəncələrə
məruz qalıb. Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma
məhv edilib. 10 il
müddətinə azadlıqdan məhrum edilən Salman Mümtaz 1941-ci ilin sentyabrında Oryol
şəhəri yaxınlığında Medvedski
meşəsində güllələnib.
Azərbaycan.- 2019.- 25 sentyabr.- S. 6.