AZƏRTAC və
TASS arasında növbəti təcrübə mübadiləsi
proqramı həyata keçirilir
AZƏRTAC və Rusiyanın TASS agentliyi arasında təcrübə mübadiləsi çərçivəsində növbəti proqramın həyata keçirilməsinə başlanılıb.
Bununla bağlı Azərbaycana gələn TASS agentliyinin işlər idarəsinin rəis müavini Olqa Miranskaya və beynəlxalq əlaqələr idarəsinin şöbə müdiri Olqa Çertkova AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovla görüşüblər.
Görüşdə iki agentlik arasında mövcud tərəfdaşlıq əlaqələri, beynəlxalq təşkilatlarda birgə fəaliyyət istiqamətləri, əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Rəsmi əməkdaşlıq barədə müqaviləni agentliklər 15 il öncə imzalayıblar. Bu sənəd əsasında tərəflər uğurlu informasiya və təcrübə mübadiləsi həyata keçirir.
Hər il reallaşdırılan təcrübə mübadiləsi proqramı AZƏRTAC və TASS agentliklərinə tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirməyə imkan verir. İndiyədək yaradıcılıq, texniki, marketinq və digər sahələrin mütəxəssisləri bu layihədə iştirak ediblər.
Agentliklər beynəlxalq təşkilatlarda da qarşılıqlı əlaqədə fəaliyyət göstərir. AZƏRTAC 2016-cı ildən 2019-cu ilin iyununadək TASS-ın təşəbbüsü ilə 2004-cü ildə yaradılan Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edib. Agentliyin hazırda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatında (OANA) sədrliyi davam edir. Hər iki agentlik OANA-nın idarəedici qurumu olan İcraiyyə Komitəsinin üzvüdür.
Agentlikləri sıx tarixi əlaqələr bağlayır. Postsovet məkanında qocaman xəbər agentliklərindən olan TASS-ın bu il 115 yaşı tamam olub, AZƏRTAC-ın isə gələn ilin martında 100 illik yubileyi qeyd olunacaq.
Proqram çərçivəsində Rusiya agentliyinin Bakıya səfər edən əməkdaşları AZƏRTAC-dakı həmkarları ilə görüşəcək və müvafiq sahələr üzrə fikir mübadiləsi aparacaqlar.
Xatırladaq ki, AZƏRTAC
dünyanın bir çox
agentlikləri ilə təcrübə mübadiləsi
proqramları həyata keçirir. Bu layihələr
çərçivəsində yeni
texnologiyaların tətbiqi, xəbər
buraxılışı işinin təkmilləşdirilməsi,
sosial şəbəkələr və mobil texnologiyalar
dövründə informasiyanın hazırlanması, rəqabətə
davamlılıq və digər məsələlərə geniş yer verilir.
Azərbaycan.- 2019.- 25 sentyabr.- S. 8.