Dövlət vətəndaşlarının
rahatlığına xüsusi diqqət yetirir
Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində nəhəng layihələr icra edilir. Bütün bunlar vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına, insanların rahatlığının, təhlükəsizliyinin təmin olunmasına yönəlib. Hazırda ölkədə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı görülən işlər də məhz bu amildən qaynaqlanır.
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, son illərdə nəqliyyat parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə bir sıra layihələr icra olunub. Bu layihələrdən biri də ictimai nəqliyyat sistemində yenilik olan Nəqliyyat Mübadilə mərkəzlərinin - HUB-ların yaradılmasıdır. Bu konsepsiyada əsas məqsəd sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi, şəhərdə nəqliyyatın mobilliyinə nail olunması, Bakının mərkəzi hissəsində nəqliyyat sıxlığının aradan qaldırılmasıdır. Bu layihənin icrası vətəndaşların rahatlığı ilə yanaşı, sərnişindaşımada təhlükəsizlik baxımından da mühüm rola malikdir.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Qeyd edildi ki, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun "Koroğlu” stansiyasının yaxınlığındakı bu Nəqliyyat Mübadilə Mərkəzi ilk HUB olaraq 2016-cı ildə təşkil edilib. Pilot layihə olaraq mərkəz əvvəlcə yüngül konstruksiyalardan hazırlanmışdı. Lakin sonradan əhalidən gələn müraciətlərlə əlaqədar "Koroğlu” HUB 2019-cu ildə əsaslı şəkildə yenidən qurulub və burada müasir nəqliyyat infrastrukturu yaradılıb.
Dövlətimizin başçısının tapşırığına əsasən, Agentlik tərəfindən Bakı şəhərinin əsas giriş-çıxış ərazilərində 5 böyük HUB təşkil edilib, şəhər və qəsəbələrdə isə 6 kiçik HUB-ın yaradılması planlaşdırılır. Bütün mərkəzlərdə buradakı kimi ən yüksək şərait yaradılacaq.
Prezident İlham ƏLİYEV: Əlbəttə, biz bu sahəyə böyük diqqət göstəririk. Çünki vətəndaşların rahatlığı hər şeydən üstündür. Ona görə ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür. Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır.
x x x
Məlumat verildi ki, paytaxtın yollarında yeni səkilər salınıb, görmə əngəlli vətəndaşlar üçün şərait yaradılıb. Hökumət evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə tutulur. Yolun 100 metrlik hissəsi artıq hazırdır. İndi velosiped yolunun örtüyü ilə bağlı təcrübələr aparılır. Bu yolun salınmasında əsasən yerli materiallardan istifadə edilir. Bakı şəhərində ümumilikdə 18,5 kilometrlik, ilk mərhələdə isə 7,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulur.
Diqqətə çatdırıldı ki, şəhərdə parklanma ilə əlaqədar ilkin mərhələdə 600-dək yer müəyyənləşdirilib. İndi bu istiqamətdə infrastruktur işləri görülür.
Sonra dövlətimizin başçısı və birinci xanım platformalarda və gözləmə zallarında yaradılan şəraitlə maraqlandılar.
Bildirildi ki, burada dörd
platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda
müasir informasiya texnologiyaları avadanlığı,
havalandırma sistemi ilə təchiz edilmiş 10 gözləmə
zalı var. Gözləmə
zalları Azərbaycanın
elm, ədəbiyyat, mədəniyyət,
incəsənət, tarix,
idman sahələrində
əldə etdiyi uğurları, zəngin dəyərləri əks
etdirən yazılı
və qrafik məlumatlar əsasında
tərtib edilib. Hər bir zalda maarifləndirici
məlumatlarla yanaşı,
kitab rəfləri də quraşdırılıb.
Gözləmə zalları ilə
yanaşı, mərkəzdə
5 köşk, 1 idarəetmə
otağı, tibb məntəqəsi, ana və uşaq otağı inşa edilib. Zallar içməli su
ilə də təmin olunub.
Ətraf kənd və qəsəbələri şəhər
mərkəzi ilə birləşdirən 30 müntəzəm
marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin
xidmətlərindən gün
ərzində 270 min nəfərə
yaxın sərnişin
istifadə edəcək. Ümumilikdə
isə gün ərzində Bakı şəhərində 2,2 milyon sərnişin daşınır. Burada hər
bir marşrut xətti üzrə avtobuslar üçün dayanacaq yeri müəyyən edilib, məlumatlandırıcı lövhələr
yerləşdirilib.
Paytaxtın avtobus parkının yenilənməsi məqsədilə
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən
300 yeni avtobus sifariş olunub. Avtobuslardan 168-i artıq BNA-ya təhvil verilib. Oktyabrın sonunda avtobusların sayı 200-ə çatdırılacaq.
Ümumilikdə bütün avtobusların
ilin yekununda təhvil verilməsi planlaşdırılır.
Prezident İlham Əliyev burada yaradılmış şəraiti yüksək
qiymətləndirdi.
Mərkəzin əsas özəlliklərindən
biri də ərazidəki istirahət
parkıdır. Parkda qurulan ən
müasir işıqlandırma
sistemi gecələr buraya xüsusi gözəllik bəxş
edir.
Prezident
İlham ƏLİYEV: Biz bu
parkı mənim təşəbbüsümlə bir neçə il bundan
əvvəl yaratmışıq.
İndi bura gözəl bir istirahət zonasıdır. Bu da parka bitişik olan bir yerdir.
Burada gözəl şərait
var. Biz böyük bir
ərazini ictimai yerə çevirdik.
Çünki bəzi fikirlər
var idi ki,
burada tikinti aparılsın, binalar tikilsin. Mən icazə vermədim, dedim ki, bura
vətəndaşların rahatlığı
üçün ictimai
zona olmalıdır. İndi bura böyük ərazidir. Şəhərin mərkəzində yeni gözəl istirahət və nəqliyyat mərkəzi yaradılıb.
x x x
Sonra dövlətimizin
başçısı və
birinci xanım Türkiyənin BMC şirkətinin
istehsalı olan avtobusa baxdılar.
Məlumat verildi ki, sərnişindaşıma
tələblərinə tam cavab verən bu avtobuslar rahatlığı
ilə fərqlənir. Avtobusların ən üstün cəhəti onun sıxılmış təbii
qaz mühərrikli olmasıdır. "BakuBus” MMC üçün
əvvəllər sifariş
edilən avtobuslar 300 kilometr məsafə qət edə bilirdisə, sıxılmış
təbii qaz mühərrikli avtobuslarda
bu məsafəni 600 kilometrədək artırmaq
mümkün olub.
Bu avtobusların salonu və mühərrik sistemi tamamilə dəyişdirilir.
İyirmi altı oturacaq
yeri olan avtobusların ümumi sərnişin tutumu yüz nəfərlikdir.
Prezident
İlham Əliyev əlavə müasir avtobusların alınması
ilə bağlı tapşırıqlarını verdi.
x x x
Qeyd edək
ki, "Koroğlu” Nəqliyyat Mübadilə
Mərkəzi istər
yol hərəkətinin
təşkili, istərsə
də sərnişindaşıma
sahəsinə müsbət
töhfə verəcək. Bu mərkəz şəhərdaxili
və şəhərlərarası
avtobuslar, metro və dəmir yolu nəqliyyatı kimi ictimai nəqliyyat növlərini birləşdirən
və onların arasında daşımaları
asanlaşdıran nəqliyyat
infrastrukturudur. HUB konsepsiyası əsasən
şəhərətrafı ərazilərdən şəhər
mərkəzinə gələn
avtobusların hərəkətinin
mərkəzləşdirilmiş şəkildə təşkili,
həmçinin sərnişindaşımada
səmərəli idarəetmənin
və nəzarət mexanizminin gücləndirilməsində
mühüm rol oynayır.
Son illərdə dövlətimizin
başçısının sərəncamlarına, tapşırıq
və göstərişlərinə
uyğun olaraq, Bakının qəsəbə
və kəndlərində
müasir yollar salınır, orada yaşayanların sosial məsələlərinin həlli
üçün konkret
addımlar atılır. Bu mərkəzin yaradılması
da bu istiqamətdə
atılan addımların
ardıcıl xarakter aldığını göstərir.
Belə ki, bu infrastruktur
Bakının qəsəbələrində
yaşayanların şəhər
mərkəzinə, həmçinin
əks istiqamətə
rahat və təhlükəsiz hərəkətini
təmin etməklə,
ümumilikdə, paytaxtda
sərnişindaşıma xidmətinin müasirləşdirilməsinə
töhfə verəcək.
Azərbaycan.- 2019.- 26 sentyabr.- S. 1; 2.