Con Batçelor:
Azərbaycandakı dinlərarası harmoniya,
multikultural mühit
barədə kifayət qədər məlumatlıyam
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin
(DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 25-də
ABŞ-ın məşhur "John Batchelor Show”
proqramının rəhbəri Con Batçelor ilə
görüşüb.
DQİDK-dan
AZƏRTAC-a verilən məlumata görə, Komitə sədri
xarici jurnalistin Azərbaycanın milli və dini
tolerantlığın yüksək inkişaf mərhələsinə
çatmasının səbəbləri,
tolerantlığın təbliği və təşviqi
yönündə görülən işlər,
xalqımızın nümunəvi birgəyaşayış
modeli, DQİDK-nin fəaliyyət istiqamətləri, eləcə
də bu il iyulun 16-18-də Vaşinqton şəhərində
keçirilmiş Din Azadlığının İrəlilədilməsi
üzrə 2-ci Nazirlər Konfransının mahiyyəti barədə
suallarını cavablandırıb.
Komitə
sədri bildirib ki, Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilən din siyasəti dini etiqad
azadlığının qorunmasına, ölkədəki
bütün dini icmalara bərabər imkanların
yaradılmasına və ölkəmizdə əsrlərboyu
formalaşmış tolerantlıq ənənələrinin
daha da möhkəmlənməsinə yönəlib.
Azərbaycan
əhalisinin böyük hissəsinin İslam dininə mənsub
olduğunu qeyd edən Komitə sədri ölkəmizdə
müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst
və qarşılıqlı anlaşma şəraitində fəaliyyət
göstərdiklərini deyib. Respublikada dövlət
qeydiyyatına alınan icmalardan 35-nin qeyri-İslam təmayüllü
olduğunu diqqətə çatdıran DQİDK sədri
bildirib ki, ölkəmizdə dini konfessiya nümayəndələrinin
hər biri öz maddi və mənəvi mədəniyyətini,
dilini, tarixi yaddaşını, mentalitetini qoruyub-saxlamaq
imkanına malikdir. Mübariz Qurbanlı, eyni zamanda, Azərbaycanda
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət
göstərdiyini, dünyanın 20-dən çox
universitetində Azərbaycan multikulturalizm modelinin bir fənn
kimi tədris edildiyini, eyni zamanda, bu istiqamətdə müxtəlif
ölkələrdə tədbirlərin keçirildiyini
bildirib.
Azərbaycandakı
dinlərarası harmoniya, multikultural mühit barədə
kifayət qədər məlumatlı olduğunu deyən Con
Batçelor bildirib ki, səfərinin əsas məqsədi
ölkəmiz haqqında daha geniş məlumat əldə etmək
və bu informasiyaları ABŞ-da yaymaqdır.
Qeyd
edək ki, "John Batchelor Show” proqramı dünyanın 100-dən
artıq ölkəsində ingilisdilli auditoriyalar tərəfindən
dinlənilir. Proqramın bir neçə milyonluq daimi dinləyici
kütləsi var. Veriliş 200-dən artıq radio tərəfindən
təkrar yayımlanır.
Görüşün
sonunda qonaqlara DQİDK-nin ölkəmizdəki dini
tolerantlıq mühiti və maddi-mədəni irsimizə
qarşı törədilən erməni vandalizmi haqqında
ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.
Azərbaycan.- 2019.- 26 sentyabr.- S. 5.