Mütəfəkkir şairin yaradıcılığında multikulturalizm

 

Multikultural dəyərlər əsrlər boyu əcdadlarımızın qanında, dünyagörüşündə, psixologiyasında formalaşaraq inkişaf etmişbugünkü səviyyəyə gəlib çıxmışdır. Çox böyük fəxrlə deyə bilərik ki, minillik bir tarixə malik klassik ədəbiyyat nümunələrində biz bunlara tez-tez rast gəlirik. Bir çox mütəfəkkirlərimiz bəşəriyyəti bütöv kimi qələmə vermiş, ayrı-ayrı xalqları, dinləri bir-birinə yaxınlaşdırmış, insanları dininə görə deyil, dəyərlərinə görə qiymətləndirməyə çalışmışlar.

Ayrı-ayrı dinlərə, müxtəlif xalqlara hörmət və ehtiram klassik anadilli şairimiz Nəsiminin şeir və qəzəllərində öz əksini tapmışdır. Böyük şair əsərlərində dövrün mütərəqqi fikirlərini tərənnüm edirdi. O, Nizaminin davamçısı kimi onun Şərq ədəbiyyatına gətirdiyi qabaqcıl ideyaları daha da inkişaf etdirmək uğrunda mübarizə aparmış, bu yolda ölümə belə gedərək fədakar sənətkar kimi tarixə düşmüşdür. Bu dahi şəxsiyyət Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoymuşdur.

Böyük şair İmadəddin Nəsimi Şamaxıda doğulmuşdur. Bəzi mənbələrdə onun əsl adının Əli olduğu da iddia olunur. Nəsiminin atası Şirvanda Seyid Məhəmməd adlı tanınmış insanlardan biri idi. İslamın yaxşı yayıldığı və həmin dövrlərdə iri mədəniyyət mərkəzlərinə çevrildiyi şəhərlərdən olan Şamaxıda çoxlu məktəblər, mədrəsələr, kitabxanalar vardı ki, bu da mütərəqqi fikirli sənətkarın formalaşması və inkişafı üçün münbit bir mühit sayılırdı. O dövrün görkəmli alimlərindən təhsil alan Nəsiminin diqqətini həmin vaxtlarda Azərbaycanda geniş yayılmış hürufilik təlimi çəkmişdi. O, uzun müddət Fəzlullah Nəiminin yanında xidmət etmiş, öz qəzəllərində bu təlimi ifadə etməyə çalışmışdı. Bəzi mənbələrə görə, onun qızı ilə ailə həyatı da qurmuşdu. Şairin qəzəllərini oxuduqca onun qədim yunan fəlsəfəsini, ədəbiyyatını, islamın, yəhudiliyin və xristianlığın əsaslarını yaxşı bildiyi, hətta tibb, astronomiya, riyaziyyat və məntiq kimi elmlərə yiyələndiyi aşkar olunur. O, dövrün ən yaxşı universitetlərinin verə biləcəyi kamil təhsilə malik olmuşdur. Heç təsadüfi deyil ki, Nəsimi yaradıcılığının əsasında da kamil insan anlayışı durur. Xüsusilə üç dildə - Azərbaycan, fars və ərəb dillərində yaxşı yazaoxuya bilməsi onun bir sənətkar kimi şöhrət qazanmasına səbəb oldu. Bu da şairin divanlarının əlyazma şəklində bütün Orta Asiyada yayılmasına geniş şərait yaratdı. Müxtəlif dillərdə yazmaqla o, öz mütərəqqi fikirlərini ayrı-ayrı xalqlar arasında yaydı, eyni zamanda onlar arasında mədəni əlaqələrin, xüsusilə kamil insanın tərənnümünə yer ayırırdı.

İlk vaxtlar yaradıcılığında sufizmin elementləri çox olsa da, sonralar hürufilik təlimini qəbul edən şairin yaradıcılığının mərkəzində insanı kamilləşdirən, öz nuruna qərq edən Allah durur. Lakin Nəsiminin şeirlərinə diqqət yetirəndə görürük ki, onun təlqin etdiyi hürufilik təlimi Fəzlullah Nəimininkindən çox fərqlənir.

Nəsiminin şeir və qəzəllərində müxtəlif dinlərin müqəddəslərinə - İbrahimə, Musaya, Süleymana, Yaquba, İsa Məsihə, Məryəmə çox böyük ehtiram göstərilir. Yəni Nəsimi bütün insanlara eyni dəyəri verir, onlardakı kamillik, zənginlik kimi mənəvi amilləri üstün tutur. Xüsusilə də başqa dinlərin peyğəmbərlərinə - İsa peyğəmbərə verdiyi dəyər diqqəti çəkir:

 

Bu dinə məmur olmadan

Musaya həm Tur olmadan

Bu abi-əngur olmadan

Mən eşqi-məstiyəm.

Bir başqa qəzəlində oxuyuruq:

İsamısan, Musamısan?

Ya Yusifi - Kənanmısan?

Vallah ki, canım canmısan,

Mən səndən üz döndərmənəm!

 

Başqa dinlərə münasibətində tolerant baxışlar onun bir çox qəzəllərində öz əksini tapmışdır. O, bir dini digərindən üstün tutmur, məscid-kilsə arasında fərq görmürdü. Onun fikrincə, hansı millətə, hansı dinə, hansı təriqətə mənsubluğundan asılı olmayaraq bütün insanlar Allah qarşısında bərabərdir, hansı dinə harada sitayiş etməyin heç bir əhəmiyyəti yoxdur.

 

Mən münacat eylərəm hər dəmbədəm dər kuyi-dust,

 

Çün vücudum Tur olanda bil ki, Musası nədir?

 

Əhli-həq hər yerdə məskən dutsa, həqdir mənzili

 

Kəbəvü bütxanəvü məscid, kəlisası nədir?

 

Dünyanın qalü qilindən küç, Nəsimi, faqriğ ol,

 

Aləmi-vəhdəti gözlə, bunca qovğası nədir?

 

Nəsimi poeziyasının əsasını təşkil edən kamil insan həyatın yaradıcısı, özəyi, Yer kürəsinin əşrəfidir. Kamil insan dedikdə şair dininə dilinə görə heç bir fərqliliklərin nəzərə alınmadığı bir bəşəri varlıq nəzərdə tuturdu. Bütün insanları sevmək, onları doğru yola aparmaq, cahillikdən uzaqlaşdırmaq, bərabər imkanlar yaratmaq, hamıya eyni dəyər vermək, saflaşdırmaq, Tanrıya yaxınlaşdırmaq, onları mücərrəd yerlərdə deyil, qəlbimizdə axtarmaq. Bir sözlə, Nəsimi bəşər övladının daxili aləminə dəyər verir. Onun üçün insanın hansı millətdən olmasının heç bir önəmi yoxdur. Bütün bu fikirlər bəşər övladına multikultural yanaşmanın bir fəlsəfi təcəssümüdür.

 

İskəndəri zülmatə irişdirdimi döndüm,

 

Xızrın sifətin çeşmeyi-heyvanə yetirdim.

 

Həm Yusifi mən çahi-biyabanə buraxdım,

 

Həm atəşi mən Musayi-İmranə yetirdim.

 

Mən ol Musayi-İmranəm ki, daim aşiqi-Turəm,

 

leykin xeyli müddətdir cənabından ki, məhcurəm

 

Gərçi dəmi-Musayəm nurilə nar içində,

 

Həm bir ölü dirildən İsayi-möcüzatəm.

 

Nübar BAYRAMOVA,

 

ADPU-nun Quba filialının Pedaqoji fakültəsinin dekan müavini

 

Azərbaycan.- 2019.- 26 sentyabr.-  S. 7.