Nəsiminin “İraq Divanı”
Görkəmli alim,
beynəlxalq elmi dairələrdə
İmadəddin Nəsimi ilə bağlı nüfuzlu
mütəxəssislərdən biri olan professor Qəzənfər
Paşayevin hazırladığı dahi şairin "İraq Divanı” ötən il
ilk dəfə latın qrafikalı Azərbaycan
əlifbasında oxuculara təqdim
olunmuşdur.
Nəsiminin "İraq Divanı” nüsxəsini Ə.Bəndəroğluya Kərkük vilayətinin Tus Xurmatu qəzasının Bəşir kəndində yaşayan, yaşı 100-ü keçən, özünü Şah İsmayılın nəslindən hesab edən Səyid Heydər töhfə etmişdir. Divanın üzü Molla Turab ibn Molla Səfil ibn Molla Əmin tərəfindən köçürülmüşdür.
Tünd qəhvəyi rəngli, qalın dəri cildli bu divan nüsxəsi 286 səhifədən ibarətdir. Əlyazmanın vərəqləri ikisütunludur. Divanın səhifələrində 14-19 beyt vardır. Ölçüsü 15-21 santimetrdir. Divan nüsxəsində şairin 400-dən artıq şeiri verilmişdir. 398 şeir Nəsimi təxəllüsü ilə tamamlanır. Üç şeir şairin ilk təxəllüslərindən olan Səyid Nəsimi ilə bitir. Bu divan nüsxəsində "Hüseyni” təxəllüsü ilə yazılmış şeirlərə və rübailərə təsadüf edilmir. Üz qabığının iç tərəfində "Varlıya qürbət də vətəndir, yoxsula vətən də qürbətdir” yazılmışdır. Divan Nəsiminin "İştə gör” şeiri ilə başlanır və şairin həcmcə böyük bir qəzəli ilə tamamlanır. Son misralar belədir:
Cümlənin rizqin verdin, əzəl qism eylədin,
Kiminin yediyi ğəmdir, kiminin yağ ilə bal.
Ey Nəsimi, sən yürütdün tövhidi yer üzünə,
Yenə min əstəğfurulla, əfv qıl, ya Zülcəlal.
Azərbaycan.- 2019.- 26 sentyabr.- S. 7.