Görkəmli elm xadimləri Nəsimi irsi
haqqında
"Nəsiminin ana dilində yazılan və dünyanın müxtəlif kitabxanalarında əlyazma şəklində saxlanılan "Divan”larını qarşılaşdırdıqda aydın olur ki, şair son dərəcə mürəkkəb və ziddiyyətli bir yaradıcılıq yolu keçib”.
***
"Nəsimi adını hətta onun məslək əleyhdarları üçün də ölməz edən əsas amil təkcə şairin öz məsləki uğrunda mərdanə ölümü deyil, bəlkə əsərlərində irəli sürülən insana, insan qüdrətinə, insan yaradıcılığına olan böyük inam və məhəbbətdir, öz mütərəqqi fikirlərini yüksək sənət dili ilə ifadə etmək məharətidir”.
Həmid ARASLI
***
"Nəsimi yaradıcılığı ilə başlanan, Nəsiminin işləyib kamilləşdirdiyi, yüksək səviyyəyə qaldırdığı ədəbi-bədii dil özündən sonrakı poeziya dilinə, bununla da ümumən Azərbaycan ədəbi dilinin inkişafına güclü təsir göstərib”.
Yusif SEYİDOV
***
"İmadəddin Nəsimi Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi böyük şairlərdən biridir. O, son dərəcə nadir istedad və orijinal sənətkar idi. Dünya ədəbiyyatının ölməz klassikləri içərisində onun heykəli elələri ilə yanaşı durur ki, onların həyat və yaradıcılığı mütərəqqi siyasi ideallarla estetik təfəkkürün vəhdətini təşkil edir. Bədii söz Nəsiminin əlində inam və əqidələri yolunda mübarizə silahı idi. O, qayəsiz, fikirsiz, idealsız bir şeir yazmamışdır”.
Mirzə
İBRAHİMOV
***
"Nəsimi şair və mütəfəkkir kimi öz zamanının ən qabaqcıl mütərəqqi simalarından idi. Onun zəngin bədii irsi də, mənalı həyatı, faciəli aqibəti də böyük tarixi əhəmiyyətə malikdir. Nəsimi bir insanpərvər kimi, insan dostu kimi əsrlər arxasından irəliyə, gələcəyə baxırdı. Onun gözəl fikirləri, xoş arzuları, böyük sənət əsəri olan şeirləri bu gün daha yüksək qiymətləndirilir”.
Məmmədarif
DADAŞZADƏ
***
"Azərbaycan ədəbiyyatında ilk dəfə Xaqani, Nizami kimi böyük humanist sənətkarlar insanın insan tərəfindən alçaldılmasına qarşı çıxaraq etiraz səslərini qaldırmışlar. Onların mütərəqqi ənənəsini doğma dildə davam etdirən ən böyük mütəfəkkir şair isə Seyid Əli İmadəddin Nəsimi oldu. Məğrur şəxsiyyət, nadir istedadlı şair Nəsimi insan şəxsiyyətinin alçaldılması ilə heç cür barışa bilmir, bütün varlığı ilə ədalətsizliyə kəskin etiraz edirdi”.
Bəkir
NƏBİYEV
***
"Nəsimi bir şair kimi əvəzedilməzdir. İzəddin Həsənoğlu, Qazi Bürhanəddin, Qul Əli ilə yanaşı, Nəsimi də anadilli poeziyamızın beşiyi başında durur və məhz ona görə Azərbaycan ədəbiyyatının çoxəsrlik humanist ənənələrini öz əsərlərində yaşadıb, davam və inkişaf etdirib”.
Teymur KƏRİMLİ
Azərbaycan.- 2019.- 26 sentyabr.- S. 7.