Bakının nəqliyyat
sistemi gündən-günə yenilənir
Prezident İlham
Əliyev paytaxtın hər yerində ən yüksək səviyyəli
nəqliyyat şəraitinin yaradılması ilə
bağlı tapşırıqlar verdi
Son illərdə həyata keçirilən hərtərəfli yenilənmə, sistemli və kompleks tədbirlər nəticəsində sürətlə inkişaf edən paytaxt Bakı müasir meqapolisə çevrilib.
İri iqtisadi və inzibati mərkəz olan, Avropa və dünya miqyaslı bir sıra mötəbər tədbirlərə evsahibliyi edən Bakı şəhərinin bugünkü simasına uyğun olaraq paytaxtın nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilib və hazırda da bu işlər davam etdirilir.
Diqqət etsək görərik ki, bu gün paytaxtın yollarına yeni səkilər salınıb, görmə əngəlli vətəndaşların hərəkəti üçün şərait yaradılıb. Hökumət Evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə tutulur. Yolun 100 metrlik hissəsi artıq hazırdır. İndi velosiped yolunun örtüyü ilə bağlı təcrübələr aparılır. Bu yolun salınmasında əsasən yerli materiallardan istifadə edilir. Bakı şəhərində ümumilikdə 18,5 kilometrlik, ilk mərhələdə isə 7,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulur. Şəhərdə parklanma ilə əlaqədar ilkin mərhələdə 600-dək yer müəyyənləşdirilib. İndi bu istiqamətdə infrastruktur işləri görülür.
Paytaxtın avtobus parkının yenilənməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 300 yeni avtobus sifariş olunub. Avtobuslardan 168-i artıq Bakı Nəqliyyat Agentliyinə təhvil verilib. Oktyabrın sonunda avtobusların sayı 200-ə çatdırılacaq. Ümumilikdə bütün avtobusların ilin sonunadək təhvil verilməsi planlaşdırılır.
İctimai nəqliyyatdakı müsbət dəyişikliklərə nəzər yetirsək, hər ötən il infrastrukturun yeniləndiyini, sərnişinlərin ixtiyarına daha rahat, iritutumlu avtobusların verildiyini görərik. Həyata keçirilən uğurlu islahatların sayəsində həmçinin sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər istehsalat bazalarını, avtobus parklarını yeniləyir, daha keyfiyyətli və rahat sərnişindaşıma xidməti göstərirlər.
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə, xüsusən də paytaxtda nəqliyyat parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə bir sıra layihələr icra olunub. Bu layihələrdən biri də ictimai nəqliyyat sistemində yenilik olan nəqliyyat mübadilə mərkəzlərinin - HUB-ların yaradılmasıdır. Bu layihədə əsas məqsəd sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi, şəhərdə nəqliyyatın mobilliyinə nail olunması, Bakının mərkəzi hissəsində nəqliyyat sıxlığının aradan qaldırılmasıdır. Bu layihənin icrası vətəndaşların rahatlığını təmin etməklə yanaşı, sərnişindaşımada təhlükəsizlik baxımından da mühüm rola malikdir. Sentyabrın 25-də fəaliyyətə başlayan Bakı Nəqliyyat Agentliyinin "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi də bu layihənin uğurlarından biridir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan mərkəzdə sərnişinlər üçün yüksək şərait yaradılıb. Qeyd edək ki, bu mərkəz ilk HUB kimi hələ 2016-cı ildə yaradılıb. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun "Koroğlu” stansiyasının yaxınlığındakı mərkəz pilot layihə olaraq əvvəlcə yüngül konstruksiyalardan hazırlanmışdı. Lakin sonradan əhalidən gələn müraciətlərlə əlaqədar mərkəz bu il əsaslı şəkildə yenidən qurulub və burada müasir nəqliyyat infrastrukturu yaradılıb. Bakı şəhərinin əsas giriş-çıxış ərazilərində 5 böyük HUB təşkil edilib, şəhər və qəsəbələrdə isə 6 kiçik HUB-ın yaradılması planlaşdırılır.
Prezident İlham
Əliyev layihəni dəyərləndirərkən
vurğulayıb ki, dövlət məhz bu sahəyə böyük
diqqət göstərir. Çünki vətəndaşların
rahatlığı hər şeydən üstündür.
Ona görə ən müasir
avtobuslar alınır, nəqliyyatla və
təhlükəsizliklə bağlı çox
ciddi tədbirlər görülür:
"Biz bu parkı mənim
təşəbbüsümlə bir
neçə il bundan əvvəl
yaratmışıq. İndi bura gözəl bir istirahət zonasıdır.
Bu da parka bitişik
olan bir yerdir. Burada gözəl şərait
var. Biz böyük bir
ərazini ictimai yerə çevirdik.
Çünki bəzi fikirlər
var idi ki,
burada tikinti aparılsın, binalar tikilsin. Mən icazə vermədim, dedim ki, bura
vətəndaşların rahatlığı
üçün ictimai
zona olmalıdır. İndi bura böyük ərazidir. Şəhərin mərkəzində yeni gözəl istirahət və nəqliyyat mərkəzi yaradılıb...Bu işləri
davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli
nəqliyyat şəraiti
yaradılmalıdır”.
"Koroğlu” Nəqliyyat
Mübadilə Mərkəzi
istər yol hərəkətinin təşkilinə,
istərsə də sərnişindaşıma sahəsinə
müsbət töhfə
verəcək. Bu mərkəz
şəhərdaxili və
şəhərlərarası avtobuslar, metro və dəmir yolu nəqliyyatı kimi ictimai nəqliyyat növlərini birləşdirən
və onların arasında daşımaları
asanlaşdıran nəqliyyat
infrastrukturudur. HUB konsepsiyası əsasən
şəhərətrafı ərazilərdən şəhər
mərkəzinə gələn
avtobusların hərəkətinin
mərkəzləşdirilmiş şəkildə təşkilində,
həmçinin sərnişindaşımada
səmərəli idarəetmənin
və nəzarət mexanizminin gücləndirilməsində
mühüm rol oynayır.
Burada dörd
platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda
müasir informasiya texnologiyaları avadanlığı,
havalandırma sistemi ilə təchiz edilmiş 10 gözləmə
zalı var. Gözləmə
zalları Azərbaycanın
elm, ədəbiyyat, mədəniyyət,
incəsənət, tarix,
idman sahələrində
əldə etdiyi uğurları, zəngin dəyərləri əks
etdirən yazılı
və qrafik məlumatlar əsasında
tərtib edilib. Hər bir zalda maarifləndirici
məlumatlarla yanaşı,
kitab rəfləri də quraşdırılıb.
Gözləmə zalları ilə
yanaşı, mərkəzdə
5 köşk, 1 idarəetmə
otağı, tibb məntəqəsi, ana və uşaq otağı inşa edilib. Zallar içməli su
ilə də təmin olunub. Ətraf kənd və qəsəbələri şəhər
mərkəzi ilə birləşdirən 30 müntəzəm
marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin
xidmətlərindən gün
ərzində 270 min nəfərə
yaxın sərnişin
istifadə edəcək.
Ümumilikdə isə
gün ərzində Bakı şəhərində
2,2 milyon sərnişin daşınır.
Burada hər bir marşrut
xətti üzrə avtobuslar üçün dayanacaq yeri müəyyən edilib, məlumatlandırıcı lövhələr
yerləşdirilib.
Göründüyü kimi, dövlət başçısının bu
istiqamətdəki tapşırıqları
uğurla icra olunur və paytaxtda nəqliyyat sisteminin, infrastrukturun inkişafı, sərnişindaşıma
xidmətinin gündən-günə
yüksəlməsi vətəndaşların
rahatlığına xidmət
edir. Tezliklə şəhər və
qəsəbələrdə yaradılacaq 6 kiçik
HUB da bu uğurlar sırasına yazılacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 27 sentyabr.- S.
1; 5.