İmtahan fəsli
Ağ örpəkli tarlalar
bol məhsuldan xəbər verir
İmişli pambıqçılarının aylardan bəri çəkdikləri zəhmət öz bəhrəsini verir. Göz işlədikcə uzanan pambıq tarlaları başdan-başa ağ örpəyə bürünüb. Böyük zəhmət bahasına yetişdirilən məhsulu yığmaq üçün rayonda mövcud texnika, əmək ehtiyatları bu işə sərf edilib. Odur ki, hər gün sübh tezdən qaranlıq düşənə kimi tarlalarda qız-gəlinlərin, texnikanın səsi kəsilmək bilmir.
Ölkənin aqrar sektorunda böyük potensiala malik İmişlidə dörd şirkətin - MKT İK MMC-nin, MKT İK İnnovasiya MMC-nin, "Azər Pambıq” MMC-nin "P. Aqro” MMC-nin İmişli filialları ayrı-ayrılıqda rayonun torpaq istifadəçiləri ilə müqavilələr bağlayıb, pambıqçılığın inkişafı üçün maddi-texniki kömək göstərir.
İmişli rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Səlim Məhərrəmovla da məhsulu yığılan tarlanın kənarında görüşdük.
- Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatı şaxələndirmək barədə verdiyi tapşırıq və tövsiyələr İmişli kəndlisinin yeni fəaliyyət istiqamətlərini müəyyən etmişdir, - deyə o, söhbətə başladı. Ənənəvi, həm də gəlirli sahə olan pambıqçılığın inkişafı üçün rayonda güclü potensial var. Keçən il 18,6 min ton pambıq istehsal etdik. Üzləşdiyimiz problemlər tarlalarda məhsuldarlığı artırmağa, nəzərdə tutduğumuz hədəflərə çatmağa imkan vermədi. Bəzi ərazilərdə su təminatı tələbi ödəmədi, bəzi sahələrdə isə dövlət fondu torpaqlarının əkinəyararlığı qənaətbəxş olmadı. Ötən ilin yekunlarından ciddi nəticələr çıxararaq cari ilin pambıq əkini üçün sahələr müəyyənləşdirərkən təhlillər aparılıb pambıqçılığın inkişafında intensiv yola üstünlük verildi.
Bol məhsul istehsal etmək üçün əkin sahələrini genişləndirmək yox, mütərəqqi texnologiyaların, qabaqcıl təcrübənin, innovativ üsulların tətbiqinə üstünlük verildi. Bu məqsədlə pambıq əkiləcək sahələr seçilərkən etibarlı su təminatı və torpağın münbit olması əsas şərt kimi qəbul edildi. Nəticədə keçən illə müqayisədə daha az ərazidə pambıq əkdik. Əkin sahələri az qala yarıbayarı azalsa da, məhsulumuz keçən ildəkindən az olmayacaq. Bu il 7,492 hektar sahədə pambıq əkib-becərmişik. Hər yerdə tarlalar bol məhsuldan xəbər verir. Yığımın ilk günlərindən uğurlu nəticələr qazanılır.
Söhbət əsnasında öyrəndik ki, indiyədək rayon üzrə min tondan çox pambıq tədarük edilmişdir. Bu il pambıqyığan maşınlara geniş meydan veriləcək. Sahələrin maşınla yığıma hazırlanması davam edir. İndiyədək 5 min hektardan çox sahədə yarpaqların tökdürülməsi üçün dərmanlama aparılmışdır. Artıq rayonda qabaqcıl pambıqçılar ordusu da formalaşmışdır. Elbrus Abbasovun, Nadir Vəliyevin, Mehman Əliyevin və Qədim Sadıqovun başçılıq etdikləri fermer təsərrüfatları əmək bəhsinin ön sıralarında addımlayır.
Pambıq qəbulu məntəqələrində artıq ilk taylar qurulub. Barlı-bəhrəli payızın əmək ətirli günləri bir-birini əvəz etdikcə onların sayı da artır.
L.QULİYEV
Azərbaycan.- 2019.- 27 sentyabr.- S. 1; 7.