Heydər Əliyev Mərkəzində
Xalq rəssamı Fərhad Xəlilovun fərdi sərgisi
açılıb
Heydər
Əliyev Mərkəzində Xalq rəssamı Fərhad Xəlilovun
"Yenidən Bakıda” adlı fərdi sərgisi
açılıb.
AZƏRTAC
xəbər verir ki, açılış mərasimindən əvvəl
Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək
sərgisinin belə bir möhtəşəm mərkəzdə
nümayişinə görə Heydər Əliyev Fonduna təşəkkürünü
bildirib. Vurğulayıb ki, bu sərgi onun Bakıda ikinci fərdi
sərgisidir. İlk sərgisi on il bundan əvvəl təşkil
edilib: "Rusiyada 11 fərdi sərgim açılıb. Bu
möhtəşəm mərkəzdə sərgi təşkil
etmək böyük məsuliyyət tələb edir.
Çünki bura dünyada olan ən böyük, müasir mədəniyyət
mərkəzlərindən biridir. Buna görə çox
şadam. Sərgidə uşaqlıq, gənclik və
müasir dövrdə çəkdiyim əsərlər təqdim
edilib. Burada Xocalı faciəsinə həsr etdiyim əsərim
də nümayiş olunur. Uzun müddətdir bu mövzu
üzərində çalışırdım. Burada istəmişəm
ermənilərin vəhşiliklərini dünyaya
çatdırım. İnanıram ki, sərgi ziyarətçilər
tərəfindən böyük maraqla qarşılanacaq”.
Müasir
incəsənət üzrə mütəxəssis, Müasir
İncəsənət Dövlət Mərkəzinin bədii
rəhbəri, Rusiyanın Ali İqtisad Məktəbinin
professoru Leonid Aleksandroviç Bajanov bildirib ki, bu sərgi daha
çox gənclərin marağına səbəb
olmalıdır: "Çünki son 50 ilin sənətkarları
gənc rəssamların diqqətindən kənarda qalıb.
Beləliklə, onların əsərlərinin nümayiş
etdirilməməsi ilə biz bir çox bədii
yaradıcılıq nümunələrini itirmiş oluruq.
Şadam ki, bu sərgi geniş şəkildə təqdim
olunur. Rəssamın yaradıcılığı irəlidə
çox tamaşaçını gözləyir. O, dünya
miqyaslı rəssamdır. Bizim tələbələr onun
yaradıcılığına böyük maraq göstərirlər
və əsərlərini öyrənirlər".
Rəssam
haqqında ancaq onun əsərlərinin
danışdığını söyləyən SSRİ
Xalq artisti, rejissor, Tbilisidəki Şota Rustaveli adına
Dövlət Akademik Teatrının bədii rəhbəri
Robert Robertoviç Sturua Xalq rəssamının sərgilərinin
dünyanın bir çox ölkələrində uğurla
nümayiş olunduğunu diqqətə çatdırıb.
Sonra
iştirakçılar sərgi ilə tanış olublar.
Qeyd
edək ki, sərgidə rəssamın 60-a yaxın rəsm əsəri
nümayiş olunur. Abşeron təbiətinin vurğunu olan rəssamın
tablolarında Buzovna, Mərdəkan, Qala mənzərələri
xüsusi incəlik və sevgi ilə əks edilib.
Sərgidə
Fərhad Xəlilovun "Görüş”, "Xatirə”,
"Torpağın naxışları”, "Gözlənilməz
baxış” silsiləsindən təqdim edilən rəsmlərində
torpağın, dənizin və səmanın vəhdəti
hiss olunur.
Sərgi
oktyabrın 25-dək davam edəcək.
Azərbaycan.- 2019.- 27 sentyabr.- S. 5.