Görkəmli ədəbiyyat
xadimlərinin Cəfər Cabbarlı irsi
haqqında fikirləri
"C.Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatı tarixində ən nadir simalardan biridir. O, öz yaradıcılıq xəzinəsinin zənginliyi etibarilə M.F.Axundovdan və C.Məmmədquluzadə - Molla Nəsrəddindən sonra XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli simasıdır. C.Cabbarlı Azərbaycan klassik dramaturgiyası və klassik şeiri zəminəsində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirir. O, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyətdir”.
***
"Cəfər Cabbarlının adı çəkiləndə sadəcə dillər deyil, canlı ürəklər danışır... Nə üçün? Çünki o, ürəkləri fəth edən bir sənətkardır... O, həyat və mübarizə nəğməkarı idi. O, yalnız qəhrəmanları - öz zəhməti, işi və hünəri ilə tarixi dəyişən, qabaqcıl və inqilabi əməllərlə yaşayıb yaradan qəhrəmanları sevərdi, onları tərənnüm edərdi. O, özü də böyük bir qəhrəman idi”.
Səməd
VURĞUN
***
"Cabbarlının dili bugünkü Azərbaycan-türk ədəbi dilinin başlıca nümunələrindən biridir. Səhnə dilimizi Cabbarlı əbədiləşdirmiş və azərbaycanlaşdırmışdır”.
Əli NAZİM
***
"Cəfərin əsərləri yalnız istirahət etmək, "ruhi qida” vermək ilə kifayətlənməyərək, oxucu və tamaşaçısını öyrətmək, onu tamamilə dəyişmək iqtidarına malik idi. Cəfərdə tarixdə az-az insana məxsus olan bir sənət qüdrəti var idi. O, oxucusunu, tamaşaçısını yalnız bir an üçün deyil, həmişəlik öz təsiri altına alırdı”.
Məmməd
Kazım ƏLƏKBƏRLİ
***
"1905-ci ildə” Cabbarlı yaradıcılığının demək olar ki, ən yüksək zirvəsidir. Bu əsərin yalnız Cabbarlı bədii yaradıcılığında deyil, həm də bütün Azərbaycan ədəbiyyatında böyük məharətlə yaradılmış ən ciddi pyes olduğunu iddia etmək mümkündür.
...Kim iddia edə bilər ki, bu vaxta qədər bizim ədəbiyyatımızda "1905-ci ildə” dramında olduğu kimi bəzən şeir dərəcəsinə yüksələn, tamaşaçısını sevməyə, ürəkdolusu çırpınmağa məcbur edə biləcək təzə bir lirika var idi?”
***
"Cabbarlının yaradıcılığında bütün xalqın həyatı öz əksini tapır. O, xalqın keçmişini, bugününü, gələcəyini, məhz dövrünün fikir zirvəsində dayanaraq təsvir edən bir sənətkardır... Əgər Cabbarlının yaratdığı bədii lövhələrin mənasına və mahiyyətinə daha dərindən yanaşılarsa, onun həqiqi mənada milli bir dramaturq olduğu anlaşılır”.
Mehdi HÜSEYN
***
"30-cu illər Cabbarlı realizminin
ən yüksək kamilliyə ucaldığı dövrdür... "Sevil”in,
"Almaz”ın, "Yaşar”ın
səhnə uğuru qeyri-adi idi. Cabbarlı real həyat faktına çevrilən bədii əsər yazırdı.
Gerçəkliyi əks etdirən
yox, dəyişən,
yenidən yaradan sənət möcüzəsi
göstərirdi. Səhnədəki hadisə həyatda təkrar və təqlid üçün
modelə çevrilirdi...
tamaşaçılar "Sevil”ə çadralı gəlib "Sevil”dən çadrasız qayıtdılar.
Onun mövzuları, problemləri,
qəhrəmanları tək
səhnədə yox,
həyatda məskən
saldılar. Hətta bu
qəhrəmanların adı
- Sevil, Almaz, Gülüş, Gündüz,
Yaşar səhnədən
keçib həyata daxil oldu”.
***
"Cəfər Cabbarlının
əsərləri o təzadlı,
mürəkkəb dövrün
dramatizmini, qəhrəmanlıq
ruhunu, tarixi mübarizə və quruculuq pafosunu bizə olduğu kimi, hər cür ehkamdan, təhrifdən, ədəbi
xəyanətdən və
konyukturadan qoruyaraq çatdırmışdır”.
Yaşar QARAYEV
Azərbaycan.- 2019.- 27 sentyabr.- S. 6.