Tərtərdə
təsərrüfat işlərinin qızğın
çağıdır
Tərtər kəndlisi halal zəhməti, yenilməz hünəri ilə ölkənin aqrar sektorunda son illər qabaqcıllıq nümunəsi göstərir. Mütərəqqi texnologiyaların, innovativ üsulların tətbiqi rayonda kənd təsərrüfatı məhsullarının istehsalına əhəmiyyətli təsir göstərir, əmək məhsuldarlığını müqayisəedilməz dərəcədə yüksəldir.
Pambıqçılıq, baramaçılıq, heyvandarlıq, bostan-tərəvəz və meyvəçilik sahəsində nəzərdə tutulan hədəflərə uğurla çatan rayon əməkçiləri taxılçılığın inkişafına da böyük önəm verirlər. Əlbəttə, bu, başadüşüləndir. Bu da bir reallıqdır ki, cəbhə bölgəsi olan Tərtərdə düşmən atəşkəs rejimini tez-tez pozur, öz mənfur və məkrli xarakterinə uyğun olaraq təxribatlar törədir. Yəni bu qaynar bölgədə silahlar susmur. Yağı düşmənlə üz-üzə, göz-gözə dayanan cəbhə bölgəsində hər kəs çörəyin də silah qədər qiymətli olduğunu bilir. Bu mənada dövlətin aqrar sektorun inkişafına, xüsusilə taxılçılığa dəstəyindən güc alan tərtərlilər bol taxıl istehsalında kifayət qədər maraqlıdırlar.
Rayonun "sarı kəhrəba” ustaları bu il 10910 hektar sahədə taxıl əkib-becərmişlər. Bütövlükdə zəmilərdə hər hektarın orta məhsuldarlığı 38,8 sentner olmuşdur. Qazanılan nailiyyət heç kəsi arxayınlaşdırmır. Gələn ilin məhsul bolluğuna indidən etibarlı bünövrə qoymaq üçün zəruri tədbirlər görülür. Taxıl əkiləcək sahələrin aqrotexniki qaydalar əsasında şumlanmasına xüsusi fikir verilir. İndiyədək 7054 hektar sahədə yay şumu edilmişdir. Hazırda təsərrüfatlarda şum qaldırılması davam edir.
Toxum əkinçinin "qızıl fondu” adlandırılır. Bu fikir Tərtərdə də əsas götürülür. Rayonda 4 fermer təsərrüfatı toxumçuluq üzrə ixtisaslaşmışdır. Bacarıqlı toxumçulardan söz düşəndə Fərman Qurbanovun adı birincilər sırasında hörmətlə çəkilir. Fərman Qurbanovun əkinçilikdə zəngin təcrübəsi var. Hələ sovet dönəmində rayonun "Bakı fəhləsi” kolxozunda baş aqronom, kolxoz sədri vəzifələrində çalışmış, yüksək təsərrüfat göstəriciləri qazanmışdır. On ildən çoxdur ki, Qarağacı kəndində fermer təsərrüfatına rəhbərlik edir. Bu il 400 hektarda taxıl əkib-becərmiş, hər hektarın məhsuldarlığını 41 sentnerə çatdırmağa nail olmuşdur. Növbəti ilin məhsulu üçün əkin sahələrini genişləndirmək nəzərdə tutulur. Bu məqsədlə 600 hektar sahədə yay şumu edilmişdir. Taxıl səpininə hazırlıq davam etdirilir. İndiyədək 625 ton toxumluq buğda "vim”dən keçirilib təmizlənmiş, yüksək kondisiya səviyyəsinə çatdırılmışdır. Təcrübəli əkinçi Fərman Qurbanovun təklif etdiyi toxumluq buğda sortları, keyfiyyəti və yüksək məhsuldarlığı ilə torpaq istifadəçilərində böyük maraq yaradır. Fərman kişinin oğlu Emin Qurbanov da atasının yolunu davam etdirir, toxumçuluqla məşğul olur.
Eminin rəhbərlik etdiyi təsərrüfat bu il 500 hektar sahədə taxıl əkməyi planlaşdırır. Artıq keyfiyyətli toxum da, yüksək aqrotexniki qaydalar əsasında hazırlanmış sahələr də səpinə hazırdır.
İsmayılbəyli kəndində Mirzə Cümşüdovun və Hacıqərvənd kəndində Asəf Mehdiyevin rəhbərlik etdikləri fermer təsərrüfatları da taxıl toxumçuluğu sahəsində səmərəli fəaliyyətləri ilə diqqət çəkirlər.
Elmi-Tədqiqat Əkinçilik İnstitutu Tərtər Bölgə Təcrübə Stansiyası isə bu il 12 buğda sortunun əkilib çoxaldılması istiqamətində işləri uğurla davam etdirmiş, qənaətbəxş nəticələr qazanmışdır. Burada yetişdirilib çoxaldılan elit buğda sortlarını əkinçilər yüksək qiymətləndirirlər.
Tərtər rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Mehman Babayev bizimlə söhbətində deyir:
- Dövlətin aqrar sektorun inkişafına verdiyi davamlı və güclü dəstək bölgələrdə gözlənilən nəticələri verir. Cəbhə bölgəsi olan Tərtər rayonunun dinamik sosial-iqtisadi inkişafına, rayon əhalisinin güzəranının ildən-ilə yaxşılaşmasına dövlət səviyyəsində xüsusi qayğı və diqqət göstərilməsi hər kəsdə razılıq və minnətdarlıq doğurur. Kənd təsərrüfatı rayonu olan Tərtərdə digər sahələrlə yanaşı taxılçılığın inkişafına da böyük önəm verilir. Son illər bu sahədə fərəhli nəticələr qazanılır. Dövlətin dəstəyi, birmənalı olaraq deyə bilərəm ki, qazanılan uğurların əsas şərtidir. Belə dəstəklərdən biri olan aqrar subsidiyalar yeni ildən yeni qaydalarla hesablanacaq. Yeni qaydaların tətbiqində əsas məqsəd şəffaflığın təmin edilməsi, prosesə yersiz məmur müdaxiləsini tamamilə aradan qaldırmaqdır. Hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən göndərilmiş "Aqrar subsidiya qaydalarına dair təlimat”ın təbliği ilə məşğuluq. Bu məqsədlə yerli icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər və torpaq istifadəçiləri ilə metodiki seminarlar aparır, maarifləndirici görüşlər keçiririk. Yeni qaydalar yalnız elektron variantda hazırlanıb həyata keçiriləcək.
Mehman Babayev söhbətində onu da bildirdi ki, həmişə olduğu kimi, Tərtər kəndlisi yenə də qələbə əzmindədir. Rayonun təsərrüfat həyatında indi işlərin qızğın çağıdır. Ağ örpəkli tarlalarda məhsul yığımına yüksək əhvali-ruhiyyə ilə başlanmışdır. Heç şübhəsiz, rayonun hünərvər tarla bahadırları öz qabaqcıllıq mövqelərini cari ildə də qoruyub saxlayacaq, bol "ağ qızıl” məhsulu toplayaraq yeni uğurlara imza atacaqlar. Taxıl səpininin başlamasına isə sayılı günlər qalır. Məqsəd taxıl səpini kampaniyasını yüksək aqrotexniki qaydalar əsasında aparmaq, növbəti ilin bol məhsuluna etibarlı bünövrə qoymaqdır.
Lazım
QULİYEV
Azərbaycan.- 2019.- 27 sentyabr.- S. 7.