Neft-qaz layihələrinin reallaşmasında yerli mütəxəssislər önəmli rol oynayır

 

Prezident İlham ƏLİYEV: "Əsrin kontraktı”nın ölkəmiz üçün çoxşaxəli faydası var. Onlardan birikadr hazırlığıdır”

 

Neft-qazixrac layihələri Azərbaycan iqtisadiyyatının inkişafına böyük təkan verib. Bu layihələrin ən önəmli cəhətlərindən biri yüksək səviyyəli kadr hazırlığı üçün yeni imkanların yaradılmasıdır.

Bunun nəticəsidir ki, hazırda ölkədə fəaliyyət göstərən xarici şirkətlərdə və neft-qaz əməliyyatlarında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşıdır. Prezident İlham Əliyev son illərdə mükəmməl təhsil almış və təlim keçmiş gənc azərbaycanlı mütəxəssislərin ölkəmiz üçün böyük işlər gördüyünü dəfələrlə vurğulayıb.

Beynəlxalq neft-qaz layihələrindən söhbət gedəndə ilk növbədə "Azəri-Çıraq-Günəşli” (AÇG) yada düşür. Yerli kadrların getdikcə işə daha çox cəlb olunması da elə bu layihədən başlanıb. Xatırladaq ki, sonralar "Əsrin müqaviləsi” adını almış AÇG sazişi üzrə işlər təzə başlananda burada çalışanların 90 faizi xarici vətəndaşlar idi. O zaman daha çox yerli mütəxəssis və ixtisaslı fəhlələrin işə götürülməsi, məhz onların sayının 90 faizə çatdırılması qarşıya məqsəd qoyulmuşdu. İllər keçdikcə nisbət həqiqətən dəyişdi və indi neft-qaz layihələrində çalışanların yalnız 10 faizi əcnəbilərdən ibarətdir.

Ölkəmizdə ən iri neft-qazixrac layihələrinin əməliyyatçısı olan BP şirkətindən aldığımız məlumata görə, hazırda burada çalışan, o cümlədən müddətli müqavilə əsasında işləyən Azərbaycan vətəndaşlarının sayı 2510 nəfərdir. Keçən ilin ortalarından şirkətin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisas tələb olunmayan işlərdə çalışanların isə hamısı yerli sakinlərdir. Ötən ilin sonunda podratçıların və subpodratçıların milliləşdirilməsi də 90 faizə çatıb. Bu, şirkətin milli işçi qüvvəsinin nisbətinin artırılması ilə bağlı kadrların milliləşdirilməsi üzrə hazırladığı beşillik planın müvəffəqiyyətlə yerinə yetirilməsi deməkdir.

"Əsrin müqaviləsi”nin 25 illik yubileyi ərəfəsində BP Azərbaycan şirkəti bu barədə belə məlumat yayıb: "AÇG layihəsində ən birinci və ən vacib yeri onun işlənməsinə cəlb olunmuş yüksək ixtisaslı insanlar tutur. Bu layihə dünyanın müxtəlif yerlərindən öz işinə sadiq minlərlə insanın töhfə verdiyi əsl beynəlxalq miqyaslı nailiyyət olsa da, işin böyük hissəsi ölkə daxilində Azərbaycan mütəxəssisləri və işçi qüvvəsi tərəfindən yerinə yetirilib”.

Məlumatda daha sonra bildirilir ki, layihə tikinti işlərinin getdiyi, yaxud əməliyyatların aparıldığı obyektlərin qonşuluğundakı icmalardan minlərlə insanın məşğulluğunu təmin edib, yüzlərlə Azərbaycan şirkətinə öz bacarıqlarını inkişaf etdirməyə və neft-qaz sənayesi layihələri üçün təchizatçı olmağa imkan yaradıb.

Yeni peşələr öyrənilib, yerli biznes infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşıb. İmkanların bu cür artması layihələr çərçivəsində dünya səviyyəli dəniz platformalarının istehsalı ilə əlaqədar işlərin bütövlüklə Azərbaycanda yerinə yetirilməsinə imkan verib.

Bundan əlavə, hazırda Azərbaycan vətəndaşları BP Azərbaycan şirkətinin peşəkar heyətinin 90 faizini təşkil edir. AÇG layihəsində iştirak edən milli kadrların inkişaf etdirilməsi çərçivəsində şirkətin bir çox yerli işçiləri BP-nin Böyük Britaniya, İraq, Rusiya və digər ofislərində rəhbər vəzifələrə təyin olunaraq yüksək peşəkarlıq və səriştə qazanıblar.

Bu il sentyabrın 20-də Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə Prezident İlham Əliyev demişdir: "Əsrin kontraktı”nın ölkəmiz üçün, xalqımız üçün çoxşaxəli faydası var. Ancaq onlardan birikadr hazırlığıdır. Xatırlayıram, 1994-cü ildə kontraktın üzərində aparılarkən xüsusi qeyd edirdik ki, biz istəyirik kontraktda Azərbaycan vətəndaşlarının işə cəlb olunması məsələsi göstərilsin. Biz istəyirdik ki, bu, bir öhdəlik kimi konsorsiumun şirkətləri üzərinə qoyulsun ki, Azərbaycan mütəxəssisləri tədricən bütün əsas vəzifələrdə işləsinlər və belə də oldu. Əlbəttə ki, birinci illərdə xarici mütəxəssislər çoxluq təşkil edirdi. Ancaq xarici şirkətlər və Azərbaycan tərəfindən aparılmış təlim kursları çox güclü kadr potensialı yaratdı. Mənə verilən məlumata görə, bu gün bu təlimlərdən keçmiş mütəxəssislər BP şirkətinin nəinki Azərbaycanda, bir çox ölkələrdə önəmli layihələrində iştirak edirlər, önəmli vəzifələrdə çalışırlar. Bu gün "Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində çalışanların 90 faizdən çoxu Azərbaycan vətəndaşıdır, yəni, bunu biz təmin etdik”.

Keçən il BP-nin Azərbaycanda yüksək vəzifə tutan yerli işçilərinin sayı 358-ə çatdı. Bu, yerli ofisdə işləyən yüksək vəzifəli işçilərin 63 faizdən çoxuondan əvvəlki ilə nisbətən 3 faiz artması deməkdir. Yüksək vəzifəli yerli işçilərin təxminən 18 faizi qadındır. Onlar qurudakı və dənizdəki əməliyyatlarda, insan resursları və maliyyə sahəsində çalışırlar. Bundan əlavə, 2018-ci il ərzində daha 41 yüksək vəzifəli Azərbaycan vətəndaşı BP-nin qlobal biznesi üzrə təyinatla başqa ölkələrdə işləyirdi. Bu ilin birinci yarısında daha 10 nəfər yerli işçi şirkətin Böyük Britaniya, İraq, Rusiya və digər ofislərində rəhbər işlərə təyin olunub. Təcrübə göstərir ki, işçi heyətini milliləşdirməklə yanaşı, azərbaycanlı mütəxəssislərin xaricdə, əcnəbilərin isə Azərbaycanda təyinatla çalışması inkişaf üçün çox faydalıdır.

Azərbaycandakı əcnəbi əməkdaşların sayı isə keçən ilin sonunda 256 nəfər idi. Onların üçdə ikisi Birləşmiş Krallıqdan, təxminən dörddə biri isə ABŞ-dan gəlib. Qalanları Braziliya, Kanada, Misir, Gürcüstan, Hindistan, İndoneziya, Meksika, Oman, TrinidadTobaqo, eləcə də Türkiyədəndir.

Hər il keçirilən yay təcrübələri də düzgün kadr seçiminə müsbət təsir göstərir. Keçən il tələbələrin işə qəbulu proqramı çərçivəsində 670-ə qədər ərizə qəbul edilib. Nəticədə 40-a yaxın tələbə yay təcrübəçisi kimi işə götürülüb.

Kadrların inkişafı daim diqqət mərkəzindədir. Yerli əməkdaşlara öz ixtisas sahələri üzrə əlavə dərəcə və sertifikat almaqda yardım göstərilməsi davam edir.

BP Azərbaycan şirkətinin 2018-ci ilin yekunlarına aid "Davamlı inkişaf haqqında hesabatda deyilir: "Azərbaycanda güclü milli işçi qüvvəsi yetişdirmək əsas prioritetlərimizdən biri olaraq qalır. İş təcrübəsi az olanya heç olmayan gənclərin təliminə sərmayə qoyur, yeni istedadları cəlb edirbütün karyera səviyyələrində işçilərimizə geniş çeşiddə inkişafkaryera imkanları təklif edirik”.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 28 sentyabr.- S. 1; 5.