Paşinyan danışıqlar prosesinə zərbə vurur

 

Ermənistanın baş nazirinin sərsəm bəyanatları Yerevan üçün yeni problemlər yaradır

 

Ermənistanda son hakimiyyət dəyişikliyindən sonra iqtidara gələn yeni qüvvələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədikləri mövqe, xüsusən də baş nazir Nikol Paşinyanın işğal edilmiş ərazilərdə yaradılan separatçı rejimin danışıqlar prosesində tərəf olmasını dəfələrlə gündəmə gətirməsi, bununla bağlı səsləndirdiyi bəyanatlar sülh prosesinin üzərindən xətt çəkməkdədir. Bütün bunlar eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına açıq hörmətsizlikdir.

Xatırladaq ki, ötən ay Paşinyan Xankəndinin mərkəzi meydanındakı mitinqdə çıxış edərək Yerevanın Dağlıq Qarabağa dair danışıqlarda yürütdüyü diplomatiyanın yekun məqsədi "miatsumdur (birləşmək) demişdi. Onun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə istiqamətləndiklərini deməsinə baxmayaraq, "miatsum” şüarı məsələnin bu yolla nizamlanmasına şans vermir. Ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa dair bir-birini təkzib edən, yaxud avantürist mahiyyət daşıyıb danışıqların tamamilə dalana dirənməsinə gətirən bəyanatları məlumdur. Bu bəyanatların nəticəsi odur ki, baş naziri heç Ermənistanın özündə də Qarabağa dair danışıqlar aparacaq səviyyəyə və cəsarətə malik şəxs saymırlar, onun ölkəni təhlükəli müharibəyə sürüklədiyi haqda həyəcan təbili çalırlar.

Beləliklə, Paşinyan ən yüksək siyasi səviyyədə əsl niyyətinin danışıqlar vasitəsilə münaqişənin həlli deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etdirilməsi olduğunu növbəti dəfə nümayiş etdirməkdədir. Belə vəziyyətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həll ehtimalı artır ki, bu da ermənilər üçün əsl fəlakət anlamına gəlir.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev deyib ki, baş nazir Nikol Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında səsləndirdiyi bəyanatla Ermənistanın işğalçı ölkə olduğunu təsdiqlədi:

"ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza bildirmişdi ki, Paşinyanın "Qarabağ Ermənistandır” söyləməsi münaqişənin həlli ilə bağlı aparılan danışıqlara son deməkdir. Paşinyanın Metyu Brayzaya bu fikirlərinə görə irad bildirməsi Ermənistanın təcavüzkar siyasət yürütdüyünü nümayiş etdirir. Paşinyan bildirir ki, ilk erməni lideri olaraq münaqişənin həm Ermənistan, həm Dağlıq Qarabağ, həm də Azərbaycan üçün məqbul olan həll variantına tərəfdardır. O bununla Dağlıq Qarabağın azərbaycanlı icmasını görməməzlikdən gəlməklə, münaqişənin həllinə qarşı olduğunu gizlətmir”.

Paşinyanın reallıqdan tamamən uzaq olan populist bəyanatlar səsləndirməsi onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən xəbərsiz və nə dərəcədə aciz birisi olduğunu nümayiş etdirir. Bununla yanaşı, onun bu cür davranışı danışıqlar prosesinə böyük zərbə vurur. Ona görə beynəlxalq ictimaiyyət Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, bu ölkənin rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan məsuliyyətsiz bəyanatlarını və addımlarını pisləməli, onları bu yoldan çəkindirməli, münaqişənin sülh yolu ilə BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həlli üzrə danışıqlar prosesinə məcbur etməlidir. Ermənistanın özünü beynəlxalq ictimaiyyətə "demokratik ölkə” kimi sırımasının heç bir əsası yoxdur. Demokratik ölkə işğaletnik təmizləmə aparmır, dünyanın ən ali beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrini qulaqardına vurmur.

Eyni zamanda Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında ciddi danışıqlar aparmaq əvəzinə Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəliyindən sui-istifadə edir. Ermənistan bütün mümkün vasitələrlə danışıqlar prosesini bloklayır, münaqişənin həllindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır.

Paşinyanın sərsəm bəyanatları fonunda Ermənistanda əhali ağır sosial-iqtisadi problemlərlə boğuşmaqdadır. Bunun nəticəsi olaraq son vaxtlar işğalçı ölkədə müşahidə olunan hallardan biri də yenidən çoxsaylı etiraz aksiyalarının başlanmasıdır. Görünən budur ki, ölkə vətəndaşları artıq maddi-sosial durumlarının nə vaxtsa yaxşılaşacağına dair olan ümidlərini tam itirmək üzrədirlər. Xüsusən də yeni yerlərinin açılması əvəzinə köhnələrinin bağlanması vəziyyəti daha da ağırlaşdırır. Ermənistanda "Sanitek” şirkətinin əməkdaşları Yerevan meriyasının binası qarşısında etiraz aksiyası keçirib. Onlar maaşlarının ödənilməsini tələb ediblər. Şəhər hökumətinin nümayəndəsi ötən aksiyada etirazçılara şirkətin hesabına 140 milyon dram köçürüldüyünü bildirmişdi. Ancaq "Sanitek”dən maliyyə vəsaitinin köçürülmədiyini vurğulayıblar. Qeyd edək ki, Yerevan küçələrinin və dövlət binalarının təmizliyi ilə məşğul olan şirkətin işçilərinin maaşlarının ödənilməsi Ermənistan hökuməti üçün problemlərdən biri olaraq qalır.

Bu günlərdə daha bir qrup vətəndaş Yerevanda Ermənistanın hökumət binası önünə toplaşaraq etiraz aksiyası keçirib. Etirazçılar ötən ilin sonunda dövlət qulluqçularına verilən böyük məbləğdə əlavə pul mükafatlarının Ermənistanın dövlət büdcəsinə geri qaytarılmasını tələb edirlər. Aksiyaçılar həmçinin bir həftə ərzində 4 min imza topladıqlarını və bu təşəbbüsə qoşulanların sayının durmadan artdığını bildiriblər. Onların sözlərinə görə, dövlət işçilərinə maaşlarından əlavə pul verilməsi korrupsiya əməlidir və bütün vəsaitlər büdcəyə qaytarılmalıdır. Aksiya iştirakçılarından biri qeyd edib: "Biz icazə verməyəcəyik ki, əvvəlki hakimiyyət nümayəndələrinin etdikləri kimi, vəzifəli şəxslər öz burunlarını dövlət büdcəsinə soxsunlar. Bu insanlar əlavə 8-9 milyon dram pul alırlar və deyirlər ki, guya bunu qanuna uyğun olaraq edirlər”.

Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı heçsakit günlərin gözləmədiyini deməyə əsas verir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 28 sentyabr.- S. 1; 4.