BMT-nin Əhali Fondunun
Azərbaycanda fəaliyyətinin 25 illiyi
münasibətilə qəbul keçirilib
Sentyabrın 27-də BMT-nin Əhali Fondunun Azərbaycan üzrə nümayəndəliyi fəaliyyətə başlamasının 25 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, qəbulda BMT-nin Əhali Fondunun ötən dövr ərzində ölkədə fəaliyyətinə dəstək olmuş və mühüm töhfələr vermiş tərəfdaşları - rəsmi şəxslər, ölkəmizdəki diplomatik korpusun təmsilçiləri, iş adamları, ictimai xadimlər, vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Baş Nazirin müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti BMT-nin Əhali Fondu ilə çox sıx və səmərəli əməkdaşlıq edir. Təşkilatın Azərbaycan hökumətinə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dəstək verdiyini qeyd edən Baş Nazirin müavini hökumətin dəlillərə əsaslanan etibarlı məlumatlarla təmin olunması baxımından fondun fəaliyyətini yüksək qiymətləndirib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərdiyi 25 il ərzində təşkilat hökumətdən, özəl və ictimai sektordan olan tərəfdaşları ilə birgə əməkdaşlıq şəraitində müxtəlif uğurlu layihələr və tədbirlər həyata keçirib.
BMT-nin Əhali Fondunun Azərbaycan üzrə direktoru Karl Kulessa 25 il əvvəl Qahirədə Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransda (ICPD) qəbul edilmiş Fəaliyyət Proqramının əhəmiyyətindən danışıb. O, bu ilin noyabrında Keniyanın paytaxtı Nayrobidə təşkil ediləcək "ICPD-25” Sammiti haqqında məlumat verərək həmin proqramın hədəflərinə nail olmaq məqsədilə qlobal miqyasda və ölkə səviyyəsində bütün maraqlı tərəfləri daha sıx əməkdaşlığa çağırıb.
Tədbirdə BMT-nin
Əhali Fondunun Azərbaycan nümayəndəliyi
tərəfindən səmərəli və məhsuldar əməkdaşlığa
görə fərqlənənlərə xüsusi
təşəkkür elan edilib.
Azərbaycan.- 2019.- 28 sentyabr.- S. 3.