Bakıda Almaniya-Azərbaycan biznes
forumu keçirilib
Sentyabrın 27-də Bakıda sənayenin və infrastrukturun modernləşdirilməsi üzrə
Almaniya-Azərbaycan biznes
forumu keçirilib.
AZƏRTAC
xəbər verir ki, forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan)
tərəfindən Almaniyanın
Şərq Komitəsi
və Şərqi Avropa İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində
təşkil edilib. Builki forumun əsas mövzuları maliyyə və biznes mühiti, nəqliyyat və infrastruktur və kənd təsərrüfatı, qida
sənayesi olub.
"AHK Azərbaycan”ın icraçı
direktoru Tobias Baumann ənənəvi
keçirilən biznes
forumun əhəmiyyəti
barədə danışıb.
Bildirib ki, biznes forumun
məqsədi alman və Azərbaycan şirkətlərini biznes
platforması ilə təmin etmək, onların yeni işgüzar əməkdaşlıq
üçün mövcud
imkanları müzakirə
etməsi və öz layihə və təkliflərini təqdim etməsinə şərait yaratmaqdır.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sənayenin modernləşdirilməsi,
qeyri-neft sektorunun şaxələndirilməsi, Azərbaycanda
biznes və investisiya mühitinin inkişaf etdirilməsi məqsədilə həyata
keçirilən sistematik
tədbirlərdən danışıb. O, davamlı
iqtisadi inkişafı
rəqabətqabiliyyətli iqtisadiyyatın və məşğulluğun təmin
olunması, ixrac potensialının gücləndirilməsi
və sahibkarlığın
inkişafının dövlət
siyasətinin əsas hədəflərindən biri
olduğunu deyib.
Almaniya və Azərbaycan arasında ikitərəfli siyasi və iqtisadi münasibətlərin inkişafı
haqqında danışan
N.Səfərov bu ilin 7 ayı ərzində iki ölkənin ticarət dövriyyəsinin 1 milyard
ABŞ dollarından çox
olduğunu vurğulayıb. Almaniyanın
Azərbaycanda həyata
keçirilən Tvininq
layihələrinə böyük
maraq göstərdiyini
qeyd edən nazir müavini dövlət orqanları tərəfindən həyata
keçirilən və
əsasən energetika,
kənd təsərrüfatı,
statistika, standartlaşma,
insan hüquqları kimi sahələri əhatə edən Tvininq tenderlərinin əksəriyyətində alman
nümayəndələrinin iştirak etdiyini deyib.
"AHK Azərbaycan”ın Almaniyanın
xarici iqtisadi siyasətində çox vacib bir platforma
olduğunu vurğulayan
Almaniyanın ölkəmizdəki
səfiri Volfqanq Maniq yüksək səviyyəli tərəfdaşların
bir araya gətirilməsində və
alman şirkətlərinin
Azərbaycan bazarı
haqqında məlumatlılığının
artırılması və
yeni əməkdaşlığın
yaradılması üçün
nümayəndə heyətlərinin
səfərlərinin təşkilində
Alman-Azərbaycan Xarici
Ticarət Palatasının
rolunu qeyd edib. Səfir bildirib ki, Azərbaycanın hüquqi
əsaslarla beynəlxalq
iqtisadi sistemə söykənən müasir
və qloballaşan iqtisadiyyata doğru addımlamasında Almaniya
hər zaman öz dəstəyəni göstərməyə hazırdır.
Alman-Azərbaycan Xarici Ticarət
Palatasının vitse-prezidenti
Fərid İsayev
"AHK Azərbaycan” tərəfindən
təşkil olunan tədbirlərin və forumların ölkələrimiz
arasında ikitərəfli
münasibətlərə və
iqtisadi əməkdaşlığa
verdiyi töhfədən
bəhs edərək palatanın dövlət-özəl
sektorları arasında
əlaqələrin gücləndirilməsindəki
mühüm rolunu vurğulayıb.
Biznes forum maliyyə
və biznes mühitinə həsr olan plenar sessiya
ilə davam edib.
Maliyyə Bazarlarına Nəzarət
Palatasının idarə
heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov təmsil etdiyi qurum tərəfindən
biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan
işlər, maliyyə
sektorundaki perspektivlər
və xarici qurumların da dəstəyi ilə palatanın yaxın gələcəkdə həyata
keçirəcəyi tədbirlər
haqqında iştirakçıları
məlumatlandırıb.
"AccessBank” ASC-ın idarə heyətinin sədri və baş icraçı direktoru Anar Həsənov, "Bayerische
Landesbank”ın Rusiya və MDB dövlətləri
ilə əlaqələr
üzrə baş meneceri Helmut Mader, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı
nümayəndəliyinin rəhbəri
İvana Duarte və
"Ekvita LLC” şirkətinin
direktoru İlqar Mehdi maliyyə və bank sektorunun inkişafı barədə
fikirlərini bölüşüblər.
Azərbaycanda maliyyə və biznes mühiti barədə impuls bölümündən əlavə,
iqtisadi islahatların aparıcı qüvvəsi
kimi nəqliyyat və infrastruktur, eləcə də kənd təsərrüfatı
və qida sənayesində paralel müzakirələr builki
forumun gündəliyini
təşkil edib.
Tədbirdə müvafiq dövlət qurumlarından, yerli və alman şirkətlərindən
300-dək nümayəndə iştirak edib.
Azərbaycan.- 2019.- 28 sentyabr.- S. 3.