Rusiyanın İdman naziri: Azərbaycan
sözün əsl mənasında idman ölkəsinə
çevrilib
Sentyabrın
27-də Azərbaycanın Gənclər və İdman naziri
Azad Rəhimov Rusiyanın İdman naziri Pavel Kolobkov ilə
görüşüb.
AZƏRTAC
xəbər verir ki, görüşdə nazir Azad Rəhimov
ötən ilin sentyabrında imzalanmış "Azərbaycan
Respublikası Hökuməti ilə Rusiya Federasiyası
Hökuməti arasında idman sahəsində əməkdaşlıq
haqqında” Sazişin uğurla həyata keçirildiyini, bu sənədin
idmanın inkişafında müstəsna rol
oynadığını diqqətə çatdırıb.
Nazir bildirib ki, Saziş ölkələrimizdə idmanın
inkişafında, yeni idmançı nəslinin yetişməsində
çox böyük rol oynayır. Azərbaycanda keçirilən
beynəlxalq tədbirlərin demək olar ki, hər birində
Rusiya idmançıları fəal iştirak edir, yüksək
pillələrə yüksəlirlər. Gələn ilin
Olimpiya ili olacağını nəzər alsaq, bizi daha məsuliyyətli
və gərgin il gözləyir.
Yüksək
qonaqpərvərliyə görə təşəkkürünü
bildirən P.Kolobkov da 2018-ci ildə Soçidə
imzalanmış Sazişin əhəmiyyətindən və
ötən ildə qarşılıqlı əməkdaşlıq
sayəsində qazanılan uğurlardan söz açıb.
Rusiyalı nazir vurğulayıb ki, 2020-ci ilin avqustunda Kazanda
ilk dəfə olaraq MDB ölkələrinin idman
yarışları keçiriləcək. Gənclər
arasında baş tutacaq bu yarışa 2 mindən çox
qonaq qatılacaq.
P.Kolobkov
deyib: "Azərbaycan sözün əsl mənasında idman
ölkəsinə çevrilib. İstər idman infrastrukturu,
istərsə də, idman yarışlarının təşkili
ən yüksək səviyyədədir. Əminik ki, 2020-ci
ildə ilk dəfə Kazanda keçiriləcək MDB ölkələrinin
idman yarışları azarkeşlərin yaddaşında uzun
müddət qalacaq. Əgər 2022-ci ildə baş tutacaq
növbəti yarışa ev sahibliyi hüququ Azərbaycana
düşərsə həmin turnirin yüksək səviyyədə
təşkil olunacağını indidən deyə bilərik.
Hazırda əsas məqsədlərdən biri MDB ölkələrinin
idman yarışlarının keçirilməsində
xüsusi komandanın qurulması və tədbirlər
planının işlənib hazırlanmasıdır”.
Görüşün
sonunda P.Kolobkov Azərbaycanın Gənclər və İdman
naziri A.Rəhimovu oktyabrın 10-11-də Rusiyanın
Nijni-Novqorod şəhərində gerçəkləşəcək
"Rusiya idman ölkəsi” beynəlxalq idman forumuna dəvət
edib.
Azərbaycan.- 2019.- 28 sentyabr.- S. 4.