Azərbaycanın Gənclər və İdman naziri Dünya Kikboksinq Assosiasiyası Təşkilatının prezidenti ilə görüşüb

 

Ölkəmizdə səfərdə olan Dünya Kikboksinq Assosiasiyası Təşkilatının (WAKO) prezidenti Roy Beyker sentyabrın 27-də Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, A.Rəhimov görüşdə ölkəmizdə idmanın kütləviliyinin artırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Nazir Azərbaycanda kikboksinqə böyük marağın olduğunu və gənclər arasında çox populyarlaşdığını qeyd edib.

Bildirib ki, ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də böyük diqqət göstərilir. Kikboksinq də həmin idman növlərindən biridir. Ölkəmiz həmişə irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edib. İdman infrastrukturunun təkmilləşdirilməsi ən prioritet məsələlərdən biridir. Bütün bunlar ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin nəticəsində gerçəkləşib. Dövlətimizin başçısı İlham Əliyev həmişə idmançıların yanında olub, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atır.

R.Beyker qeyd edib ki, Azərbaycan mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi bacarığı ilə həmişə seçilir. Hazırda kikboksinqin 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarının proqramına salınmasına dair Avropa Olimpiya Komitəsi ilə danışıqlar aparılır.

Bakının 2015-ci ildə yüksək səviyyədə ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərinin uzun müddət yaddaşlarda qaldığını vurğulayan qonaq deyib ki, əldə etdiyiniz uğurlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına imkanlar açır.

Sonra qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2019.- 28 sentyabr.-  S. 4.