Dövlət Gömrük Komitəsinin sədri Biləsuvar gömrük postundakı mövcud vəziyyətlə maraqlanıb

 

Sentyabrın 27-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanın İranla dövlət sərhədində yerləşən Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda mövcud vəziyyətlə tanış olub.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, S.Mehdiyev Biləsuvar gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyi barədə DGK-nın sədrinə məlumat verilib.

O, dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi üçün aparılacaq yenidənqurma işləri, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini verib.

Daha sonra S.Mehdiyev Biləsuvar gömrük postunda yeni quraşdırılan "Body scan” (B-scan) markalı texniki nəzarət vasitəsinə baxış keçirib, bu avadanlığın prinsipi ilə tanış olub.

 

Azərbaycan.- 2019.- 28 sentyabr.-  S. 6.