Bərdə məktəbliləri narkomaniyayayoxdeyir

 

Respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonunda da gənc və yeniyetmələrin fiziki cəhətdən sağlam, vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük önəm verilir. Bu sırada narkomaniyaya qarşı mübarizə hər zaman diqqət mərkəzində saxlanılır.

Bu günlərdə rayonun qabaqcıl təhsil ocaqlarından olan 8 saylı Bərdə şəhər tam orta məktəbində "Narkomaniyaya yox deyək” devizi altında keçirilən tədbir ictimai əhəmiyyəti və aktuallığı ilə diqqət çəkir.

Məktəbin direktoru Qənbər Ağayev ölkəmizdə yüksək intellektual səviyyəyə malik, vətənpərvər nəslin yetişməsinə dövlətin davamlı qayğısından danışaraq qeyd etdi ki, bugünün şagirdləri sabahın qurucularıdır. Dövlət də, xalq da maraqlıdır ki, sabahımız etibarlı əllərdə olsun. Bunun üçün zərərli vərdişlərdən uzaq dayanmaq, ona qarşı barışmaz mübarizə aparmaq vacib şərtdir.

Tədbirdə Bərdə Rayon Polis Şöbəsinin rəisi, polkovnik Muradəli Babayev məktəblilər qarşısında çıxış edərək ölkədə dövlət gənclər siyasətinin uğurlarından, Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə qayğı və diqqətindən danışdı. Natiq qeyd etdi ki, uğura aparan yol fəal vətəndaş mövqeyindən keçir. Dövlət gənc və yeniyetmələrin sağlam həyat tərzi, dərin biliyə, yüksək intellektual səviyyəyə malik olmasından ötrü bütün zəruri tədbirləri görür, qayğısını əsirgəmir. Gənc və yeniyetmələrin asudə vaxtlarını səmərəli və mənalı keçirmələri üçün ölkənin bütün bölgələrində müasir tələblərə cavab verən idman kompleksləri tikilib istifadəyə verilmişdir.

Sözünə davam edən natiq təəssüflə vurğuladı ki, bəzi gənc və yeniyetmələr zərərli vərdişlərə meyillənir, narkotik maddələrdən asılı vəziyyətə düşürlər. Bəşəriyyət üçün böyük bəlaya çevrilmiş narkomaniyanın fəsadları dövlətin təməli olan ailənin dayaqlarını sarsıdır, cinayətkarlığa aparır, faciələr törədir. Narkomaniyaya qarşı mübarizə yalnız hüquq mühafizə orqanlarının işi olmamalıdır. Bu bəlaya qarşı bütöv cəmiyyətin mübarizəsi lazımdır.

Tədbirdə Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov, DİN Regional Tibb Xidmətinin rəisi Həbib Məmmədov, valideynlər, veteranlar, məktəblilər çıxış edərək narkomaniyaya qarşı mübarizə üsullarından istifadənin zəruri olduğunu göstərdilər.

Tədbirin sonunda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Hafiz Təmirovun "Xatirən var” kitabının təqdimatı oldu. Müəllif məktəblilər qarşısında çıxış edərək şagirdlərə xoş arzularını çatdırdı. O, vətəni, xalqı, hər qarış torpağımızı sevməyi, zərərli vərdişlərdən uzaq dayanıb dövlət üçün layiqli vətəndaş olmağı vacib bildi.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2019.- 28 sentyabr.-  S. 7.