Azərbaycan yenə
də ən islahatçı ölkələr
sırasında yer aldı
Azərbaycan Dünya Bankının nüfuzlu "Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib. Bu, Azərbaycan dövlətinin apardığı məqsədyönlü və çoxşaxəli sosial-iqtisadi islahatlara verilən daha bir yüksək qiymətdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı, prinsipial və milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edən güclü ölkəyə çevrilib. Bu gün Azərbaycan artıq yüksək beynəlxalq nüfuza malik bir dövlət kimi tanınır və qəbul edilir.
Yürüdülən uğurlu siyasətin ürəkaçan nəticələri çoxdur. Bunlardan yalnız bir neçəsini göstərmək kifayətdir. Sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda güclü potensial yaradılması, əhalinin sosial təminatı sahəsində atılan inqilabi addımlar və s. dövlətimizin qarşıya qoyduğu prioritetlərdəndir.
İndi Azərbaycan iqtisadi inkişaf, həyata keçirilən böyük sosial-iqtisadi islahatlar, mühüm beynəlxalq tədbirlərə evsahibliyi etməkdə qazandığı zəngin təcrübə sayəsində haqlı olaraq bütün dünyada yüksək nüfuz qazanıb.
İslahatlar nəticəsində əldə olunan nailiyyətlər statistik rəqəmlərdə belə əks olunur: son 15 ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı 3,2 dəfə artıb. ÜDM-in qeyri-neft sahəsində 2,8 dəfə, sənaye məhsulu istehsalında 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesində 2,2 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalında 2 dəfəyə qədər çoxaldığı müşahidə edilib. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 45 milyard dolları ötüb.
Aparılan islahatlar, ilk növbədə, ölkə əhalisinin maddi durumunda özünü göstərir. Əməkhaqların, pensiyaların, müavinətlərin, təqaüdlərin ardıcıl olaraq artırılması da məhz bu islahatların nəticələrindən qaynaqlanır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Dünya Bankının son hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni bu, onu göstərir ki, biz bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atırıq”.
Qeyri-neft sektorunun inkişafı, sahibkarlıq fəaliyyətinə getdikcə daha geniş meydan verilməsi islahatların bir qoludur və bu da ölkənin ümumi yüksəlişinə təkan verən amillərdəndir. Bu il iyulun 31-də Prezidentin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə qeyd edilib ki, birinci yarımillikdə sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrılıb. İlin ikinci yarısında 120 milyon manat həcmində güzəştli kredit veriləcək. Bu istiqamətdə bir sıra layihələr müəyyənləşdirilib və hazırlanıb.
Biznes mühitinin yaxşılaşdırılması sahəsində də mühüm addımlar atılıb. Dünya Bankının "Doing Business” proqramı Azərbaycanın bu sahədəki fəaliyyətini də yüksək qiymətləndirir. Aparıcı beynəlxalq maliyyə qurumlarının ölkəmizin fəaliyyətinin dəyərləndirilməsi yeni investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır.
Azərbaycan "Doing Business”in hesabatında
yenə də aparıcı yer alıb. Hesabata əsasən, ölkəmiz
"Doing Business” üzrə dörd sahədə sahibkarlıq fəaliyyəti
ilə məşğul
olmağı asanlaşdırıb.
Bunlar əmlakın qeydiyyatı,
kreditlərin alınması,
minoritar investorların
hüquqlarının qorunması
və müqavilələrin
icrasının təmin
edilməsidir.
Hesabatda eləcə də bildirilir ki, Bakının kadastr xəritəsinin tərtib
olunması və paytaxtdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, həmçinin
mövcud sənədləşmənin
təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının
çevikliyi nəticəsində
daşınmaz əmlakın
qeydiyyatı prosesi daha da sürətlənib. Minoritar investorların
hüquqlarının müdafiəsi
tərəflərin imzaladığı
əlverişsiz sazişlər
üzrə məsuliyyətin
direktorları üzərinə
qoyulmasından sonra güclənib. Kommersiya ilə
bağlı mübahisələr
yarandıqda tərəflər
onlayn olaraq müraciət göndərə
və vasitəçilik
etmək üçün
maddi stimul əldə edə bilərlər.
Bir daha qeyd edək
ki, Azərbaycan
"Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək
ən islahatçı
ölkələr sırasında
57-ci pillədən 25-ci yerə
yüksəlib.
Bütün bunlar göstərir ki, Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar düzgün düşünülmüşdür və məqsədyönlüdür. Uğurlu nəticələr
də məhz bu amillərə əsaslanır.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 29 sentyabr.- S. 1; 6.