İnfrastruktur layihələri uğurla
icra edilir
Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi paytaxt Bakı ilə yanaşı, bölgələrdə də uğurla icra edilir. Qərb bölgəsində yerləşən Ağstafa rayonunda da belədir.
Rayonda sosial infrastruktur layihələr çərçivəsində əhalinin asudə vaxtlarının səmərəli təşkili və istirahət etmələri üçün müasir tələblərə cavab verən yeni parklar salınmış, mövcud istirahət və mədəniyyət mərkəzləri əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Bu işlər indi də davam etdirilir. Elə bu yaxınlada 0,5 hektar ərazisi olan Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevin adını daşıyan mədəniyyət və istirahət parkında abadlıq və quruculuq işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Bundan başqa, Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev parkının və Ağstafa Rayon İcra Hakimiyyətinin qarşısında abadlıq işləri görülmüş, Bakı-Qazax magistral yolunun Ağstafa şəhərinin ərazisindən keçən hissəsində piyadaların təhlükəsiz keçidi üçün səki salınmış, hörgü işləri aparılmış, asfalt örtüyü salınmışdır. Heydər Əliyev Mərkəzində dekorativ hasarın sökülmüş hissələri bərpa olunmuş, Heydər Əliyev parkındakı fəvvarələr yenidən qurulmuş, oturacaqlar təzələnmiş, işıqlandırma avadanlıqları quraşdırılmış və ərazidə çox sayda ağac əkilmişdir.
Məlumdur ki, ölkə rəhbərinin bölgələrə mütəmadi səfərləri Dövlət proqramlarının icrasını sürətləndirməklə yanaşı, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan vermişdir. Əhalinin sağlamlığının qorunması və onların tibbi xidmətlərlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər də yerlərdə razılıqla qarşılanır.
Yeni səhiyyə müəssisələrinin tikilməsi, mövcud xəstəxana binalarında təmir işlərinin aparılması və müasir tibbi avadanlıqların quraşdırılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bu sahədə də çoxsaylı tədbirlər həyata keçirilir.
Rayonda təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində də işlər uğurla davam etdirilir. Hazırda 264 şagird yerlik Böyük Kəsik kənd tam orta məktəbində son tamamlama işləri görülür. İkimərtəbəli bina fənn kabinetləri, laboratoriyalar, 100 yerlik yeməkxana, idman və akt zalı, kompüter otaqları, Azərbaycanın inkişafını əks etdirən guşə, kitabxana, eləcə də müasir istilik sistemi ilə təchiz edilmiş, həyətyanı sahədə futbol və voleybol meydançaları yaradılmışdır.
Dövlət başçısının sərəncamına uyğun olaraq inşa edilən musiqi mərkəzinin həyətyanı sahəsində yaşıllıqlar salınmış, insanların rahat hərəkəti üçün səkilər yaradılmış və ətrafı yaşıllaşdırılmışdır. Mərkəzin qarşısında müxtəlif konsert proqramlarının təşkili üçün iki səhnə tikilmişdir.
Çoxmənzilli yaşayış binalarının təmiri də diqqət mərkəzindədir. Artıq xeyli vaxtdır ki, dövlət başçısının ayırdığı vəsaitlə çoxmənzilli yaşayış binalarının dam örtüyü tamamilə yenilənmiş, binaların giriş hissəsi əsaslı şəkildə təmir edilmiş, sakinlərin kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülmüşdür. Binaların ətrafı abadlaşdırılmış, işıqlandırma qurğuları ilə təmin edilmiş, istirahət guşələri yaradılmışdır.
Şəhərdəki Ş.Qurbanov və M.Maqomayev küçələrinə asfalt örtüyü salınmışdır. Hazırda Ağstafa-Sadıxlı avtomobil yolunun Poylu kəndi ərazisindən keçən hissəsində genişləndirmə işləri aparılır.
Məktəbəqədər uşaq-tərbiyə müəssisələrinin yenidən qurulması da diqqətdən kənarda qalmamışdır. 2 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərinə başlanılmışdır. Burada 4 qrupda 75 uşağın tərbiyə olunması üçün lazımi şərait yaradılır. Bina üçün əlavə olaraq bir neçə otaq tikilmişdir.
Məlum olduğu kimi, ölkəmizdə atçılığın inkişaf etdirilməsi üçün genişmiqyaslı işlər həyata keçirilir. Belə təsərrüfatlardan biri Ağstafada yerləşir. Təsərrüfatın yenidən qurulması üçün ölkə rəhbərinin sərəncamı ilə 2015-ci ildə 1,5 milyon manat vəsait ayrılmışdır. Hazırda Dilbaz atçılıq təsərrüfatında yenidənqurma işləri sürətlə davam etdirilir. Burada Dilbaz atları üçün Avropa standartlarına uyğun tövlələr, onları müayinə və müalicə etmək üçün stasionar baytarlıq otağı, yarışlara hazırlamaq üçün cıdır meydanı, yemlərin saxlanması üçün talvar, anbar, işçilərin normal çalışmaları üçün ofis və başqa zəruri binalar inşa edilir. Yenidən qurulan atçılıq təsərrüfatı tam gücü ilə yaxın günlərdə fəaliyyətə başlayacaq.
Sabir ƏLİYEV
Azərbaycan.- 2019.- 29 sentyabr.- S. 1; 4.