Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuş
miniatür kitabın təqdimatı keçirilib
Sentyabrın 27-də İçərişəhərdəki Miniatür Kitab Muzeyində "Mexriban Aliyeva. Missiya dobra vıpolnima” ("Mehriban Əliyeva. Xeyirxahlıq yerinə yetirilən missiyadır") miniatür kitabının təqdimatı keçirilib. Kitabın müəllifi Milli Məclisin deputatı, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovadır.
AZƏRTAC xəbər verir ki, mərasimdə Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Əməkdar Mədəniyyət işçisi Zərifə Salahova, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Milli Məclisin deputatları Səməd Seyidov, Asim Mollazadə, Rauf Əliyev, Jalə Əliyeva, tanınmış yazıçı, PEN-klubun prezidenti, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyi və Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Natiq Rəsulzadə, yaradıcı ziyalıların nümayəndələri, alimlər, jurnalistlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı Zərifə Salahova mərasimi açaraq deyib ki, 1988-ci ildən bu günədək onun tərəfindən 238 miniatür kitab buraxılıb, lakin bu nəşr görkəmli şəxsiyyət - Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya həsr olunmuş ilk müəllif kitabıdır.
Sonra Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova kitab haqqında müfəssəl məlumat verib. Diqqətə çatdırıb ki, nəşrdə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə Azərbaycan və xarici KİV-lərdə nəşr etdirdiyi məqalələri toplanıb.
Elmira Axundova deyib ki, bu kitabdakı bütün məqalələrin ana xəttini sadə vətəndaşların etimadını qazanmış, kömək üçün ona müraciət edən hər kəsin probleminə qayğı ilə yanaşan, həssaslığı və insanpərvərliyi ilə seçilən Mehriban Əliyevaya ümumxalq sevgisi təşkil edir. Məqalələrdə Mehriban xanımın UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanın, xalqımızın mədəniyyətinin və incəsənətinin dünyada tanıdılmasında böyük xidmətlərindən, onun rəhbərliyi ilə ölkədə qlobal miqyaslı idman və mədəniyyət tədbirlərinin uğurla keçirilməsindən, dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələrdən bəhs olunur.
Qeyd olunub ki, "Mexriban Aliyeva. Missiya dobra vıpolnima” miniatür kitabı 2019-cu
ildə "Indiqo” nəşriyyatı tərəfindən
100 nüsxədə çap
edilib. 60x70 mm ölçüdə, 412 səhifədən
ibarət miniatür kitab 105 rəngli fotoşəkillə illüstrasiya
olunub. Fotoşəkillər müəllifə AZƏRTAC tərəfindən təqdim
edilib.
Mərasimdə çıxış edənlər
Birinci vitse-prezident Mehriban Əliyevanın olduqca geniş və çoxşaxəli
fəaliyyətindən söz
açıblar. Onlar Mehriban Əliyevanın ölkəmizin həyatının
bütün sahələrində
müstəsna xidmətlərini,
onun hər bir azərbaycanlıya həssas diqqətini və sonsuz qayğısını, Birinci
vitse-prezident, UNESKO-nun və
İSESKO-nun xoşməramlı səfirinin təşəbbüsü
ilə həyata keçirilən və Azərbaycan muğam və xalçaçılıq
sənətlərinin qorunması,
inkişafı və tanıdılmasına həsr
olunmuş möhtəşəm
layihələri, onun Azərbaycan qadınlarının
lideri və onlara örnək olduğunu, öz ölkəsini dünyanın
bütün guşələrində
layiqincə təmsil etdiyini vurğulayıblar.
Çıxışlarda Mehriban xanımın
və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaq bağçalarının, internatların,
ümumtəhsil məktəblərinin,
mədəniyyət və
sosial obyektlərin tikintisi istiqamətində
fəaliyyətindən, şəhid
ailələri və məcburi köçkünlərə
göstərdiyi yardımlardan
bəhs edilib. Vurğulanıb ki, Mehriban xanım Əliyeva bütün fəaliyyət
sahələrinə öz
töhfəsini verib.
Müəllif nəfis tərtibatlı
kitaba epiqraf kimi Mehriban Əliyevanın
bu sözlərini sitat gətirib: "Hər bir insan
öz taleyinin yaradıcısı ola bilər və olmalıdır. Seçim həmişə var. Mən
nə sırf təsadüfə inanıram,
nə də dünyanın əvvəlcədən
dəqiq müəyyən
olunması fikrinə.
Mən Allaha və insanın imkanlarına inanıram”.
Kitab Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın
21-də Təhlükəsizlik Şurasının iclasındakı
nitqi ilə açılır. Dövlətimizin başçısı bu çıxışında Mehriban
xanım Əliyevanın
həyatın bir çox sahələrində
çoxşaxəli və
uğurlu fəaliyyətini
qeyd edir. Məhz bu fəaliyyətin nəticəsində onun Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması barədə qərar qəbul edilib.
Müəllif yazır: "Həm
öz xanımının
çiyninə dövlət
məsuliyyətinin ağır
yükünü qoymuş
Prezidentin, həm də birinci xanımın özünün
cəsarətinə heyran
qalmamaq mümkün deyil. Axı o, vəzifəsinə ölkə üçün
çox da yaxşı olmayan vaxtda başlayır - gözlənilmədən gələn
postneft dövrü Prezident komandasından yeni, qeyri-standart qərarlar, təşəbbüslər
və bütün dövlət mexanizminin dərin islahatını tələb edir".
Xalq yazıçısı
qeyd edir ki, Mehriban Əliyevanın
özü üçün
prioritetlər son dərəcə
aydındır, axı
o, əvvəllər də
onları rəhbər
tutub: "Onun fikrincə, bu prioritetlər, ilk növbədə,
humanizm prinsipləri, insanlarla təmasda olmaq bacarığı, onları dinləmək və fikirlərini öyrənmək məharəti,
insanpərvərlik, şəfqət
və qarşılıqlı
hörmətdir".
Azərbaycan.- 2019.- 29 sentyabr.- S. 2.