Bir
ömürlük nisgil
Şəhid
xanımının mücadilələrdən keçən
uğur yolu
Həmişə olduğu kimi, həmin gün də işdən evə gəlib yeməyini yeyəndən sonra şəhərdəki vəziyyəti öyrənmək üçün küçəyə çıxdı. Aradan xeyli vaxt keçəndən sonra evə qayıtdı. Xanımının həyəcanlandığını görüb dedi:
- Şəhərdə vəziyyət ürəkaçan deyil. Gedim görüm nə baş verir...
Xanımı qarşısını kəssə də, onu inadından döndərə bilmədi...
Bir neçə saat sonra küçədəki hay-küyə, qıy-qışqırıq, güllə səslərinə yuxudan oyandı. Vahimə ilə yerindən qalxıb ərini səslədi. Cavab gəlməyəndə onun hələ də qayıtmadığını anlayıb, özünü küçəyə atdı... Şəhərdə heç kəs yatmamışdı, hamı təlatüm içindəydi. Vətənin taleyindən xəbər tutmağa gedənlərin çoxundan xəbər yox idi. Bu dəhşətli yanvar gecəsinin qaranlığında onların taleləri də zülmətə qərq olmuşdu...
Səhər açılsa da, həmin gün Azərbaycan xalqının taleyinə qanlı yanvar gecəsi kimi həkk olundu. O qanlı yanvar gecəsi həyat yoldaşı Yanvar Nəsirovu da ömürlük onun əlindən aldı. Və o gecədən sonra onun həyatında hər şey tamam başqa məcraya yönəldi...
Qayğısız, dərdsiz, sıxıntısız, "ağ” günlərini... və qadınlığını "bəyaz kəfənə büküb” əri ilə birgə torpağa basdırdı... Birtəhər yoxluğuna dözüb dərddən ölmədi, yaşadı... Yanvarın ocağını boş qoymasın deyə...Oğlunu böyütsün deyə...
Bəs oğlunu tək necə böyüdəcəkdi? Heç yerdə işləmirdi axı. Ali təhsil almamışdı. Üstəlik, ölkədə də vəziyyət getdikcə pisləşirdi. Amma necəsə ayaqları üzərinə qalxıb, işləyib, balasını dolandırmalıydı. Həyatının belə bir ağır və qeyri-müəyyən dövründə onun qarşısında yeni qapılar açıldı. Ali məktəbə daxil oldu. Həm təhsil aldı, həm işlədi, həm də elmi işlə məşğul oldu. Və sübut etdi ki, bütün çətinliklərə, yoxluqlara, əziyyətlərə, məhrumiyyətlərə baxmayaraq qadın istəyərsə, qarşısına qoyduğu bütün hədəflərə çata bilər.
"Ömür səhifələri”ndə filologiya elmləri üzrə fəlsəfə doktoru, folklorşünas, Bakı Dövlət Universitetinin folklor kafedrasının müəllimi, BDU-nin "Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının elmi işçisi, 20 Yanvar şəhidi Yanvar Nəsirovun həyat yoldaşı Almara Nəbiyevanın mücadilələrlə keçən həyat kitabını vərəqləyəcəyik.
"Məəttəl
qaldı ki, Gülablıda da xarı bülbül yetişir”
Almara Nəbiyeva 1963-cü il aprelin 5-də Ağdamın Gülablı kəndində dünyaya gəlib. 1980-ci ildə Gülablı kənd orta məktəbini bitirib. 1981-1982-ci illərdə Ağdam şəhər 70 saylı texniki peşə məktəbində təhsil alıb. Deyir, Ağdam - Gülablı mənim üçün vətəndir, həyatın başlanğıcıdır... Uşaqlığı, məktəb illəri, ilk iş yeri, 24 yaşına kimi bütün həyatı orda keçib: "Gülablı əvvəllər Şuşa qəzasının tərkibində olub. Bizim kənddən arxa tərəfdəki yolla Şuşaya at arabası ilə 2 saatlıq yol idi. Ədiblərin də yazılarında var ki, Şuşaya dayələri bizim kənddən aparırdılar. Saf suları, təmiz havası, bərəkətli torpağı vardı. Kəndimiz dörd tərəfdən dağlarla əhatə olunmuşdu. Arxa tərəfdə Çıraxlı, Hacadağlar idi. Kəndin düz ortasından çay axırdı. Gedib Ağdamın Qarqar çayına birləşirdi. Belə bir səfalı torpaqda dünyaya göz açmışam, orda böyümüşəm. Çox dəcəl qız idim. Rəfiqəm Gülbənizlə gedib girirdik şah bağlarına. Armud, qoz, zoğal... bağları sırayla salınmışdı.
Ailədə 6 uşaq idik - 3 bacı, 3 qardaş. Atam o dövrün pedaqoji məktəbinə daxil olsa da, maddi çətinlik ucbatından təhsilini başa vura bilməmişdi. Lakin dünyagörüşü zəngin kişi idi. Anam isə aqronomluq texnikumunda təhsil almışdı. Çox savadlı, dünyagörüşlü qadın idi. Elmə, təhsilə böyük önəm verirdi. Deyirdi, "Almara, səni də oxutduracam. Oğlandan çox qız uşağına oxumaq lazımdır”. Ancaq bu arzusunu həyata keçirmək ona qismət olmadı. Mən 9-cu sinifdə oxuyanda anam qəfildən xəstələndi. Atam onu əli çatan həkimlərə aparsa da, heç bir müalicənin köməyi olmadı. Anam ömrünün çiçəkləndiyi dövründə dünyasını dəyişdi. Bu vaxtsız ayrılıq ailəyə ağır zərbə vurdu. Dünya-aləm gözümüzdə söndü. Bu dərdi heç nəylə ovundurmaq olmurdu. Hər yerdə anamızın ətrini, yerişini, duruşunu, əlinin nemətlərini axtarırdıq. Heç birimiz həyatda öz yerimizi hələ tapmamışdıq. Hər dəfə evə gələndə elə bilirdim qarşıma çıxacaq. Özümdən asılı olmayaraq otaqları axtarırdım. Heç cür alışa bilmirdim yoxluğuna”.
Anasının ölümü Almaranın həyatdan aldığı ilk ağır zərbə olur. Çox böyük sarsıntı keçirir. Bu ölüm onun həyatını dəyişdirir, hər şey alt-üst olur. Arzusunda olduğu ali təhsil almaq həvəsi sönür. Əlbəttə, anası sağ olsaydı, ali məktəbə daxil olardı, arzularının arxasınca gedərdi. Amma xəyallarının heç birini həyata keçirə bilmir. Yalnız peşə məktəbində oxumaqla kifayətlənir. Oranı bitirəndə kənddə açılan "Gülablı” sanatoriyasının baş həkimi Bəhram Şükürovun qəbuluna gedib, münasib işə götürməyini xahiş edir. Beləcə, ailə qurana kimi sanatoriyada baş aşbazın köməkçisi işləyir: "O sanatoriyaya Azərbaycanın tanınmış ziyalıları, yazıçı, şairləri, musiqiçiləri, rəssamları istirahətə gəlirdi. Biz də onlarla tanış, həmsöhbət olurduq. Yadımdadır, Mirvarid Dilbazi sanatoriyada dincələndə xanımlar meşədən ona xarı bülbül çiçəyi dərib gətirmişdilər. Məəttəl qalmışdı ki, "məgər burda da xarı bülbül yetişir? Mən elə bilirdim tək Şuşa qalasında bitir”. Dedik, bizim kəndin arxası Şuşa qəzası olduğu üçün bizdə də yetişir. O çiçəyə həsr olunmuş şeir də yazdı rəhmətlik...
Çox gəzmişəm sorağında,
Doğma vətən torpağında.
Gülablının yaylağında
Tapdım səni, xarı bülbül.
Bizə bahardan hədiyyə,
Mən səni gec tapdım niyə!
Xarı bülbül deyə-deyə,
Ömrüm oldu yarı, bülbül.
Bu Gülablı qızlarının
Fəxri, iftixarı, bülbül!..
Mirvarid Dilbazi Ağdamın, Gülablının vurğunu idi. Heç unutmuruq, 1992-ci ildə - o qanlı savaşların getdiyi dönəmdə xalq şairəsi "Gülablıya məktub” şeirini yazdı...
Sizi unutmadım!
Bilir Yaradan
Çıxarmı yadımdan
O cənnət bağı,
Gülablı yaylağı,
Abdal bulağı.
O başı dumanlı
Koroğlu dağı.
Ömrümün tez keçən o illərini,
Qarabağın dilbər gözəllərini -
Sizi and olsun ki, unutmamışam,
İndi neyləyim ki, bir qarlı qışam.
Ürək - o ürəkdir,
Bəs qanad hanı?
O dağlar vurğunu, könlü şad hanı?
Uçub, bir də görəm o gülüstanı
Gəzib o yerləri hey... qədəm-qədəm
Müqəddəs torpağı ziyarət edəm.
Necədir bir zaman gördüyüm yerlər,
Bu vurğun könlümü verdiyim yerlər,
O qarlı zirvələr, dərin dərələr,
Dumanı yeddi rəng o mənzərələr?
Mənim salamımı,
Xeyir-duamı,
Çatdır vətən adlı qəhrəmanlara
Düşmən bağrı yaran o cavanlara.
Atalar
yurdunu oğullar saxlar,
Kişisiz vətəni düşmən ayaqlar.
Son
kitabının müqəddiməsinə "Gözəlliyinə
heyran olduğum, şəninə silsilə şeirlər həsr
etdiyim Qarabağ torpağı, meşələrinin nəğməsini
dinlədiyim, dağlarının havasını udduğum, buz
bulaqlarının suyunu içib, qoynunda dincəldiyim Abdal
Gülablı cənnəti üzərinə
yağdırılan raket, top mərmilərinin
ağrısı mənim ürəyimdən keçir” yazan
müqtədir söz sənətkarımız Mirvarid Dilbazinin
əziz xatirəsi bizlərin, ağdamlıların qəlbində
əbədi yaşayacaq.
Bir dəfə də Lətif Kərimov Gülablıya gəlmişdi. Qeyri-adi kişi
idi. Məndən soruşdu ki, qızım,
adının mənasını bilirsən? Dedim, hə,
al zəhər. Qayıtdı ki, yox,
yanılırsan. Yadında saxla - italyan
dilində "almara” sözü sevgi bolluğu deməkdir”.
"Seyid Lazım ağa dedi, o adam sənin
bəxtindir”
Adının mənasından fərqli olaraq, həyatı
sevgi bolluğu içərisində keçmir Almara
xanımın.
Cəmi 3 il sevib-sevilir...
...Aralarında
o qədər də yaş fərqi yox idi. Orta məktəbdə
Almaranın böyük bacısı ilə bir sinifdə oxusa
da, tez-tez rastlaşmırdılar. Tale
onları bir yaz günündə rəfiqəsi Gülbənizin
evində üz-üzə gətirir. Elə
həmin gün də bir-birlərinin qisməti
olduqlarını anlayırlar. Ailələri də
danışıb razılığa gəlirlər: "Təzə-təzə
mən bir az tərəddüd edirdim. Fikirləşirdim
bəlkə doğru seçim etməmişəm. Ona görə də bütün Qarabağda hörməti
olan seyid Lazım ağanın yanına məsləhətə
getdim. O, məqsədimi mən ağzımı
açmamış üz-gözümdən bildi və
gülümsünüb dedi: "Bilirəm niyə gəlmisən.
O adam sənin bəxtindir, qızım. Bunu sənə yazan yazıb.Yazıya pozu yoxdur”.
Bununla da hər şey həll olundu. 1987-ci
il aprelin 29-da ailə qurduq. Toyumuzun xanəndəsi
Vahid Abdullayev idi...
Ailə qurandan sonra Bakıda yaşamağa
başladıq. 1988-ci ildə isə oğlumuz dünyaya
gəldi. Hamı çox sevinirdi. Amma qayınanam sevinsə də, gözlərindən
yaş axıdırdı. Özümü
saxlaya bilməyib niyə ağladığını
soruşdum. Dedi "A qızım, sevinirəm ona görə
ki, oğul nəvəm dünyaya gəlib. Qorxuram
ona görə ki, Yanvar oğluna dayısı Həsənin
adını vermək istəyir. O Həsənin
taleyi yaxşı gətirməyib, uşaq vaxtı yetim
qalıb. Deyirəm, görəsən bu adın
düşər-düşməzi olmaz ki... Hər halda Allah
özü bizi xata-bəlalardan saxlasın”... Bu
dünyanın qanunudur - gələn gedir. Heç
kəs dünyanı tutub dura bilməz. Həyatda
təsadüflər də olur, oxşar hadisələr də.
Lakin qayınanamın dediyi o sözləri hələ
də unuda bilmirəm. Bilmirəm həyatın
hər üzünü görən bir qadın uzaqgörənliyi
idi, yoxsa həssas qəlbli bir ananın hissləri deyirdi bu
sözləri. Amma nə biləydim, bu Həsən
də o Həsənin taleyini yaşayacaq, ata həsrəti
çəkəcək. Yəqin Allahın
yazısı beləymiş”.
"Adamlarla dolu avtobusda güllə
bircə ona tuş gəlmişdi”
Almara xanım deyir ki, anasının qəfil
ölümündən sonra həyat gözündə onsuz da
adiləşmişdi. Amma həyat yoldaşının gedişilə həyat
gözündə yenidən söndü... Həyatdan ikinci
ağır zərbəni məhz o gün - 1990-cı il yanvarın 20-də aldı: "Axşam saat
doqquz olardı. Yanvar bizi evdə qoyub getdi.
Mən də uşağı yatırtmağa apardım.
Uşaqla bərabər özüm də yuxuya
getmişəm. Bir də onda ayıldım
ki, sanki zəlzələdir. Küçəni
qışqırıq, hay-küy, güllə səsləri
başına götürmüşdü. Vahimə
ilə yerimdən qalxdım, gördüm Yanvar hələ gəlməyib.
Özümü küçəyə atdım.
Göydən güllələr ulduz kimi uçub, yerə
tökülürdü... İzdihamın
içində hamıdan onu xəbər alsam da, Yanvarı
gördüm deyən olmadı. Şübhələr
ürəyimi didib parçalayırdı. Ağlıma
qara fikirlər gəlirdi... Səhər qardaşı evə gəlib,
bir xəbər öyrənə bilmədiyini dedi. Həmin an məni bir dəli ağlamaq tutdu. Elə bu an Həsən dünyaya gələndən
sonra yığıncaqda qayınanamın adla bağlı
dediyi sözlər yadıma düşdü. Ola bilməz deyib, pis fikirləri özümdən
uzaqlaşdırmağa çalışdım. Lakin
atalar gözəl deyib: "Sən saydığını
say...” Qohumlar bütün xəstəxanaları
gəzib, yenə Yanvarı tapmadılar.
Sonradan hər şey məlum oldu. Həmin
gün baş vermiş hadisələrin şahidi
sürücü Vəli danışdı ki, axşam Yanvar
yola çıxanda görüb adamlarla dolu avtobus Azadlıq
meydanına gedir. Bu zaman avtobusu
saxlatdırıb, arxa qapıdan birtəhər içəri
keçib. Sanki əcəl onu ölümə
sürükləyirdi. Maraqlısı budur
ki, o qədər insan içində güllə bircə ona
tuş gəlib. Bəxtə, taleyə bax! Yanvar
ayında dünyaya gələn Yanvar elə həmin ay da bu
dünyadan köçüb getdi... O günlərdə
yaşadığım hissləri sözlərlə ifadə eləmək
çətindir... Yoxluğuna inana bilmirdim
heç cür. Gözlərim yollara baxmaqdan yorulurdu... Ah-naləm göyə ucalsa da, səbr etdim.
Birtəhər bu ölümü qəbul etdim və dərddən
ölmədim, yaşadım... Çünki
qucağımda iki yaşı tamam olmamış körpə
vardı. Onun üçün yaşamalıydım.
Ona həm analıq, həm də atalıq etməliydim.
Onu böyütməliydim. Amma
işsiz və təhsilsiz bir qadın üstəlik, ölkənin
də ağır vəziyyətində bunu necə edəcəkdi?
Bilmirdim nə edim, kimə deyim dərdimi, vəziyyətdən
necə çıxış yolu tapım. Bu fikirlərlə axşamı səhərə, səhəri
axşama vurub yollar axtarırdım. Və
bir gün bu yolu Allah mənə açdı”.
"İllər sonra o uşaqlıq
arzumu həyata keçirdim”
Bir gün gözləmədiyi zamanda qapı
döyülür. Qənşərdə
tanımadığı dörd nəfər vardı. Özlərini təqdim edərək, Bakı
Dövlət Universitetindən gəldiklərini dedilər.
Şəhid xanımı kimi nəyə
ehtiyacı olduğunu soruşdular, vəziyyətlə
maraqlandılar. Həmin gün onun taleyində
dönüş yarandı: "Ürəyimdəkiləri
danışdım tanımadığım o insanlara. Həmin günlər hamı üçün
çətin idi. Və həmin günlərdə
qapımı bizlə maraqlanan insanlar döymüşdü.
Bu, həm xalqımızın müdrikliyini, həm
də Bakı Dövlət Universitetinin böyük
kollektivinin qayğıkeşliyini göstərirdi. Özüm də inana bilmirdim onlara. Həmin gün həyatımın axarı dəyişdi.
Məni universitetə işə götürdülər”.
Almara Nəbiyeva 1990-cı ildə BDU-nun fizikia fakültəsinin
ümumfizika kafedrasında baş laborant preparatoru kimi işə
başlayır. Elə işləyə-işləyə
də imtahanlara hazırlaşır. Məktəb illərində
arzusunda olduğu ixtisası seçmək qərarına gəlir:
"Uşaq vaxtından Azərbaycan dili-ədəbiyyatı fənnini
çox sevirdim. O sevgini Şiraslan müəllim
aşılamışdı. Bizim evdən məktəbə
bir kilometr yol idi. Hər dəfə yolda
müəllimlə rastlaşanda çantamı
götürüb aparırdı. Onun diqqəti
sayəsində bu fənni sevmişdim. Mən
də dil-ədəbiyyat müəllimi olmağı
arzulayırdım. Amma o vaxt arzularım
yarımçıq qaldı. İllər
sonra mən o uşaqlıq arzumu həyata keçirdim. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə
daxil oldum. Qiyabi oxuyurdum, işləyirdim,
oğlum da bağçaya gedirdi”.
"20 nəfər ikiotaqlı mənzildə
qalırdıq...”
1992-1993-cü illərdə isə Almara Nəbiyeva həyatının
üçüncü ağır zərbəsini aldı. Doğulub
boya-başa çatdığı Gülablı kəndi
1992-ci ilin sentyabrında, bütünlükdə Ağdam isə
1993-cü ilin iyulunda erməni qəsbkarları tərəfindən
işğal olunur. Ailəsi, qohum-əqrəbaları
doğma yurd-yuvalarından didərgin düşür.
Bakıda qalmağa yerləri olmayan qohumlarının
hamısı Almara xanımın evində məskunlaşır:
"Nənəm Mehparə 1918-ci ildə cavan gəlin idi. O
dövr ermənilərin vəhşiliklərinin şahidi
olmuşdu, qaçhaqaçı görmüşdü. Ona görə də Qarabağ müharibəsi
başlayanda qorxusundan gecələr yata bilmirdi. Nənəm,
atam, analığım, bacım... Təxminən 20 nəfər
ikiotaqlı mənzildə bir neçə il
yaşadıq. Məşəqqətli dövr
idi. Bütün ölkədə
qanlı-qadalı illər idi. Hamı
çətinlik çəkirdi. Uşaqları
yaşadığımız əraziyə yaxın olan
bağça və məktəblərə yerləşdirdik.
Çətinliklə də olsa, qohumlar işlə
təmin olundular. Onda hamımız yerdən
yataq salıb yatırdıq. Dayımın
kiçik qızı rayonda qalmışdı. Oğlum deyirdi, ana onlar da gəlsin bizə. Soruşurdum bəs harda yatacaqlar, yer yoxdu axı.
Deyirdi, onlar da stolun altında yatarlar. Bir sözlə, mən Bakıya təyyarə ilə
gəldimsə, doğmalarım qatarla gözü
yaşlı, məcbur qaçdılar”.
Almara xanım 1995-1997-ci illərdə Folklor
kafedrasında laborant, 1997-2012-ci illərdə baş laborant vəzifəsində
çalışır. 1999-cu ildən həmin kafedrada müəllim
işləyir. Eyni zamanda elmi işlə məşğul
olur. 2012-ci ildən universitetin "Dədə
Qorqud” Elmi Tədqiqat Laboratoriyasının elmi
işçisidir. Elə həmin il
folklorşünaslıq ixtisası üzrə "Müasir
dövr aşıq yaradıcılığı (Qarabağ
aşıq mühiti materialları əsasında)”
mövzusunda namizədlik dissertasiyasını müdafiə
edib. Filologiya elmləri üzrə fəlsəfə
doktorudur. 30-dan çox elmi və publisistik
məqalənin müəllifidir. Hazırda
isə doktorluq üzərində çalışır.
Bir sözlə, gəncliyi, həyatı
mücadilələrlə, mübarizələrlə, çətinliklərlə
keçib. Amma heç kəsə ağız
açmayıb, 20 Yanvar şəhidinin xanımı
olduğunu əlində bayraq etməyib: "Sağ olsun
bacı-qardaşlarım. Həyatımın ən
çətin dönəmlərində mənə kömək
etdilər, əl tutdular. Çox çətinliklərim
olub. Amma özümə
sığışdırmamışam kiməsə zəng
vurub deyim ki, nəyəsə ehtiyacım var. Yaxud şəhid
xanımı olmağımdam istifadə etməmişəm.
İnsan gərək özünə hörmət
etsin ilk növbədə. Kiminsə
qapısını döymək, ağız açmaq təbiətimdə
yoxdu. Mən heç oğlumun da
yanında ağlamamışam. Ac-susuz
olduğumu balama göstərməmişəm. O,
atasının şəhid olduğunu da bilmirdi. Demişdik atan müharibədədir. 4-cü sinifdə dərslikdə atası haqda məlumat
vardı. Həmin dərs keçirilən
gün oğlumu məktəbə göndərmədim. Dedim, birdən dərs keçiriləndə
özünü pis hiss edər. Elə həmin
gün qarşıma qoyub danışdım, izah etdim. Hər uşaq atasının yanında
olmasını istəyər, əlbəttə. Amma gücüm çatan qədər
qoymamışam sıxıntı çəksin, başqa
uşaqlardan geri qalsın. Çox
şükür, oğlumu böyütdüm, Bakı Dövlət
Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirdi. Artıq ailə də qurub. Beləcə,
həyat dayanmır, öz axarı ilə gedir. Sadəcə,
gedənlər geri gəlmir... Bir də həyatda
insana yalnız elədiyi yaxşılıqlar qalır,
başqa heç nə”.
"Ötən günlərimi
qaytaraydılar...”
İnsan yaşadıqca həyatdan gözləntiləri,
arzuları da yenilənir, istəkləri bitib tükənmir. Amma hər kəsin
ürəyində bir ümdə arzusu olur. Almara Nəbiyeva
da illərdir qəlbində bir arzu ilə yaşayır -
Ağdama, Gülablıya heç olmasa bircə dəfə
yenidən ayaq basmaq: "Kəndimizi tez-tez yuxuda görürəm.
Həyətimizi, bağ-bağatımızı, kəndin
ortasından axan çayı... Gah görürəm o
çayda üzürəm, gah hansısa dağa
çıxıram... Hər dəfə ötən
günləri yada salanda xatirələr adamı doğma yerlərə
çəkib aparır. Yaşa dolduqca həmin
xatirələr daha da şirinləşir,
doğmalaşır insan üçün. Elə bir insan yoxdur ki, uşaqlıq, gənclik illərini
xatırlamasın. Doğulub boya-başa
çatdığı kəndin şirin xəyallarının
qanadlarında dolanmasın. İllər
ötür, bu xatirələr də səninlə
yaşayır, o yerlərin insanları,
dağı-daşı, bağı-bağatı
ömürlük yaddaşına köçür. Hələ də kəndimizin həsrətini çəkə-çəkə,
yollara baxa-baxa gözləri yolda qalmışam. Hər bahar fəsli gələndə qəlbimdə
o yerlərin gözəl təbiətini, buz kimi
bulaqlarını, təmiz havasını, çiçəklərinin
ətrini, quşların cəh-cəhini bütün
varlığımla duymaq həsrəti baş qaldırır.
Ürəyimdən keçir ki, bir kəndə getsəydim,
barlı-bağatlı torpağıma ayağım dəysəydi,
yeri-yurdu dolanıb gəzsəydim... İllərdir,
bu böyük xoşbəxtlik əlimdən
çıxıb. Amma hələ
ümidimi üzməmişəm. İnanıram ki,
üzümə az gülən taleyim heç olmasa bu dəfə
mənə xoş baxacaq”...
Xəyalə MURADLI
Azərbaycan.-
2019.- 29 sentyabr.- S. 5.