“Nezavisimaya
qazeta”: Paşinyan rejimi ölkədə qarşılıqlı
nifrət ab-havası yaradıb
2018-ci ilin aprelində Ermənistanda "məxməri inqilab” adlanan siyasi fırıldaq nəticəsində hakimiyyət keçmiş prezident Serj Sarkisyandan Nikol Paşinyana keçib. Lakin bu hadisədən ilyarım keçsə də, Ermənistan demokratik ölkəyə çevrilməyib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Rusiyanın "Nezavisimaya qazeta” nəşrindəki məqalədə yer alıb. Qəzet yazır ki, Ermənistan konstitusiya və qanunlarla deyil, qeyri-hökumət təşkilatlarının nizamnamələri ilə idarə olunur. Keçmiş prezident Sarkisyan 2010-2017-ci illərdə bilərəkdən ölkədə Qərb fondları, qeyri-hökumət təşkilatları və təriqətləri üçün "yaşıl işıq” yandırıb. Məqsəd isə dövlətçiliyin zəiflədilməsi olub.
Ermənistanda Corc Sorosun Açıq Cəmiyyət Fondu, "İeqovo şahidləri” təriqəti və digər belə təşkilatlar fəaliyyət göstərir. Ümumilikdə, ölkədə 3,5 mindən çox qeyri-hökumət təşkilatı var ki, onların da əksəriyyəti Qərb ölkələri tərəfindən maliyyələşdirilir. Ermənistanın hazırkı hökumətində Qərb qeyri-hökumət təşkilatlarının əməkdaşları işləyir. Məsələn, baş nazirin müavini, bir çox nazirlər, o cümlədən LQBT birliyinin lobbiçisi, mədəniyyət və idman naziri Araik Arutyunyan, təhlükəsizlik şurasının katibi, parlamentin sədri və müavini xarici ölkələrin xüsusi xidmət idarələrinin agentləridir. Rusiya ilə münasibətlərdə isə Paşinyan hökumətinin davranışı qeyri-müəyyəndir.
Məqalədə qeyd olunur ki, Ermənistan hökuməti hakimiyyət strukturlarına Rusiyadakı erməni diasporunun nümayəndələrini inteqrasiya etmək niyyətində deyil. Diaspor üzrə komissar vəzifəsinə ABŞ vətəndaşı Zare Sinanyanın təyin edilməsini yazının müəllifləri Rusiyadakı erməni diasporuna sillə kimi qəbul edirlər. Onların fikrincə, erməni xalqını parçalamağa çalışan Paşinyan rejimi ölkədə qarşılıqlı nifrət ab-havası yaradıb, demokratik cəmiyyət qurmaq adı altında insanların hissləri ilə oynayır. Yeni hakimiyyətin elan etdiyi sevgi və barışıq inqilabı bir çox ictimai və siyasi xadimlərlə haqq-hesab çürüdür, məhkəmə sistemi güclü təzyiqlərə məruz qalır, saxtalaşdırılmış cinayət işləri Ermənistanı avtoritar dövlətə çevirir.
Paşinyan daxili və xarici siyasətdə özünün qeyri-müəyyən hərəkətləri ilə Ermənistan milli təhlükəsizliyi üçün təhdidlər yaradır. O, Sorosla bağlı iki fonda hökumət fondundan böyük məbləğdə vəsait ayırır, ekoloji təhlükə yaradan "Amulsar” qızıl yatağının yenidən işlənilməsi barədə qərara verir, öz rejiminə yararsız insanları siyasi meydandan açıq-aşkar uzaqlaşdırmağa çalışır.
"Nezavisimaya qazeta” yazır ki, son zamanlar Paşinyan
"Sasna tserer” terror təşkilatı ilə əlaqələr
qurmağa başlayıb. Onlar
2016-cı ildə Paşinyanın birbaşa
əmri ilə Yerevan post-patrul
xidmətinin binasını zəbt etmişdi.
Hadisə nəticəsində ölənlər olsa da, təşkilat
üzvlərinə heç bir cəza verilməyib.
Azərbaycan.- 2019.- 29 sentyabr.- S. 6.