Ermənistandakı acınacaqlı vəziyyət
italyan jurnalistin gözü ilə
"Uzun çirkli
yollar. Boş, məhv olunmuş
sahələr. Dəmir, hətta
kirəmit dam örtükləri
olan, kərpicdən tikilmiş evlər. Ermənistanın paytaxtından
kənara çıxan
kimi özünü sonsuz yoxsulluğun içində tapırsan....”.
AZƏRTAC
xəbər verir ki, bu sözləri
italyan Katolik kilsəsi və
"Caritas Roma” təşkilatının dəstəyi ilə maliyyələşdirilən iki
layihənin icrası ilə əlaqədar Ermənistanda səfərdə
olmuş İtalyan Katolik Həftəlik Qəzetləri Federasiyasının
(FISC) jurnalistlərdən biri
M.Chiara Biagioni səfərindən sonra yazdığı, FISC-in internet səhifəsində yerləşdirilmiş
və "Sir” İnformasiya
Agentliyinin də yaydığı məqalədə
qeyd edib. Jurnalist vurğulayıb ki, 8 milyonluq dəyəri olan sözügedən layihələr yoxsulluqdan əziyyət çəkən
Ermənistanda köməyə
ehtiyacı olan əsasən uşaqlara və yaşlılara yardıma yönəlib.
Məqaləsində səfər zamanı Ermənistanda (İrəvanın
Türkiyə ilə sərhəd əyalətlərindən
biri olan Artaşat, habelə Gümrü şəhərində)
üzləşdiyi yoxsulluğu
və acınacaqlı
vəziyyəti təfərrüatlı
şəkildə təsvir
edən jurnalist yerli əhali ilə söhbətinə
istinad edərək bu vəziyyəti, xüsusilə də ətraf bölgələrdə
yaşayan ermənilərin
yaşam tərzini
"ağ soyqırımı”
adlandırıb.
"Caritas
Roma” təşkilatının Artaşat ofisinə gəldikdə isə jurnalist ofisin yoxsul evlərin arasında bir qədər kənarda yerləşdiyini, mütəmadi
olaraq burada işləyən 20-yə yaxın
könüllünün əyalətdəki
yaşayış vəziyyətləri
çox ağır, əşyasız və su problemləri olan evlərdə acınacaqlı vəziyyətdə
yaşayan, övladları
tərəfindən tərk
edilmiş yaşlıları
ziyarət etdiklərini,
onlara tibbi yardım göstərdiklərini,
hər 15 gündən
bir yağ, pendir, düyü, şəkər və digər ehtiyacları qarşılayacaq bağlamalarla
təmin etdiklərini
bildirib. Jurnalist tənhalığa düçar olmuş yaşlılarla bağlı
acınacaqlı vəziyyəti
hazırda Ermənistanda
gənclərin iqtisadi
böhranla əlaqədar
olaraq ölkəni tərk etməsi və valideynlərin tənhalıq içində
qocalması ilə əlaqələndirib. Jurnalist layihə
çərçivəsində orada yoxsulluq içində yaşayan, dağılmış ailələrdən
gələn 7-17 yaş
arası yetim uşaqlara dəstək üçün "Piccolo Principe” (Kiçik Şahzadə) mərkəzinin də fəaliyyət göstərdiyini
qeyd edib. O, uşaqların yoxsulluq, antisanitariya şəraitində
yaşam nəticəsində
yaranan xəstəliklərdən
əziyyət çəkdiyini
də diqqətə çatdırıb. "Sizin İtaliyanın buradakı insanlar üçün necə bir yaxşılıq etdiyindən təsəvvürünüz
belə yoxdur. Bu pullar həyata
ehtiyacı olan insanlara ümid gətirir. Sizin üçün həmin pullar sadəcə rəqəmdir, buradakılar
üçün isə
həyatdır”, - deyə
jurnalistlə söhbətində
erməni-katolik kilsəsinin
yepiskopu Rafael Minasian bildirib.
İtaliyalı jurnalist Ermənistanın qərb sərhədlərinə
başqa ölkənin
əsgərlərinin nəzarət
etdiyini və onların sərhəddən
giriş və çıxışı qadağan
etdiyini, eyni vəziyyətin şərq
sərhədlərində də
mövcud olduğunu vurğulayır. O, Ermənistanın
Azərbaycanla müharibə
şəraitində olmasının
ölkəni mütəmadi
şəkildə gərginlikdə
saxladığını, istər
qərb, istərsə
də şərq sərhədlərinin bağlı
olmasının malların
tranzitinə, ticarətin
inkişafına mane olduğunu,
bu vəziyyətin də ölkəni ciddi iqtisadi böhrana gətirib çıxardığını diqqətə çatdırır.
Analitiklərin fikrinə istinad
edən jurnalist Azərbaycan ilə yekun bir razılığın
əldə edilməyəcəyi
və Türkiyə ilə münasibətlərin
yaxşılaşmayacağına qədər vəziyyətin
dəyişməyəcəyini bildirib.
Azərbaycan.- 2019.- 29 sentyabr.- S. 6.