İLİN
DÜŞƏRLİYİ
Və ya hər ili düşərli
etmək məharəti
2018-ci il ölkəmiz üçün
çox uğurlu il olmuşdur. Bütün sahələrdə ölkəmiz böyük uğurlar əldə
etmişdir.
Dünyada 2018-ci ildə bir
çox təhlükəli proseslər getmişdir və demək olar
ki, beynəlxalq vəziyyət daha da gərginləşmişdir.
Qanlı toqquşmalar, müharibələr,
etiraz aksiyaları və digər hadisələr
2018-ci ilin mənzərəsini əks etdirir. Azərbaycanda isə sabitlik,
təhlükəsizlik təmin edilmişdir.
Azərbaycan öz yolu
ilə uğurla gedir
və qarşıda duran bütün
vəzifələri icra edir.
İlham ƏLİYEV
2018-ci il tarixə qovuşdu - XXI əsrin tarixinə!
Daha bir il böyüdük, bir il cavanlaşdıq, bir il qocaldıq...
İllər bir-birinə bənzəyir - eyni fəsillər, isti və soyuq günlər, eyni bayramlar, oxşar tədbirlər...
İllər bir-birindən fərqlənir - həyatımızda müxtəlif yeniliklər baş verir, gözlənilməz dəyişikliklər olur, itiririk, qazanırıq...
Şəxsi həyatda itirdiklərimiz olsa da, bütövlükdə dövlət miqyasında qazancımız üstünlük təşkil edir!
Çünki müstəqil Azərbaycan dövləti durmadan inkişaf edir!
Çünki yeni-yeni layihələri reallaşdırır, başladığımız əzəmətli işləri başa çatdırırıq!
Çünki elə bir siyasi kurs, elə bir istiqamət tutmuşuq ki, daim yüksələ, zənginləşə, dövlətimizi gücləndirə, xalqın rifahını ardıcıl surətdə yaxşılaşdıra bilirik!
Kapitanı mahir, uzaqgörən və müdrik olan gəmi daim sürətlə mənzilbaşına doğru irəliləyər, sualtı qaya, fırtına və qasırğa kimi təhlükəli sınaqlardan uğurla çıxar!
Adətən ilə yekun vuranda müxtəlif rəqəmlər gətirir, müqayisələr aparır, nəticələri göstərməklə uğurları sadalayırlar.
Amma xalqın deyimində çox yığcam, həm də əhatəli yekun-qiymət də var: DÜŞƏRLİ İL!
Ötən il də düşərli oldu!
Xoşbəxtlikdən son illərimizin hamısı düşərlidir!
2018-ci il uğurla başladı, bir sıra tarixi hadisələrlə yadda qaldı!
ƏVVƏLA, Azərbaycan xalqı növbəti dəfə öz seçimini etdi, 11 aprel 2018-ci ildə daha yeddi il müddətinə, həm də 86% səslə cənab İlham Əliyevi yenidən ölkə Prezidenti seçdi!
Əslində, bu etimadı ilə növbəti illərdə də dövlətin inkişafına, iqtisadiyyatın güclənməsinə, xalqın rifahının yüksəlməsinə, müstəqil Azərbaycanın dünyada nüfuzunun artaraq mövqelərinin möhkəmlənməsinə inam və etibarını yenidən təsdiq etmiş oldu!
İKİNCİSİ, 28 may 2018-ci ildə müstəqil Azərbaycan 100 illik yubileyini təntənəli şəkildə keçirdi, dövlət başçısı İlham Əliyev 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyi barədə xüsusi sərəncam verdi!
DAHA SONRA:
* 15 sentyabr 2018-ci ildə "Azərbaycan” qəzeti 100 yaşını qeyd etdi!
* Daxili işlər orqanları, Azərbaycan Ordusu, ədliyyə sistemi də yubileylərini keçirdilər.
* 14 may 2018-ci ildə Ələt Beynəlxalq Dəniz Ticarəti Limanı işə salındı.
* 29 may 2018-ci ildə "Cənub qaz dəhlizi”nin təntənəli açılış mərasimi oldu.
* 12 iyun 2018-ci ildə TANAP istifadəyə verildi.
* 26 sentyabr 2018-ci ildə Azərbaycanın sayca üçüncü peyki
"Azerspace - 2” orbitə
buraxıldı.
* 19 oktyabr 2018-ci ildə
"Star” neft emalı
zavodunun açılışı
oldu.
* İki dəfə - 26 iyun və 15 sentyabrda Bakının Azadlıq meydanında Azərbaycan-Türkiyə silahlı
qüvvələrinin möhtəşəm
hərbi paradı keçirildi!
Təkcə bir il
ərzində baş tutan yubiley tədbirlərinin
də, habelə həyat vəsiqəsi verilən nəhəng layihələrin də təşkilatçısı, ideya və baş
müəllifi, maliyyəçisi
və icraçısı
cənab İlham Əliyevdir!
Müstəqil Azərbaycanı dünyaya
yeni imicdə təqdim edən və sevdirən, dünya dövlətlərinin
maraqlarını milli
maraqlarımızla uzlaşdıran,
əməkdaşlığın yeni formatlarının yaradıcısı olan Prezident İlham Əliyev!
***
Dünya Azərbaycan Prezidentini tanıyır, hörmət
və ehtiramla yanaşır, gördüyü
işləri yüksək
dəyərləndirir.
Elə bu il ərzində Prezidentimizin
fəaliyyətinə dünya
məşhurlarının bir
neçəsinin verdikləri
qiyməti, söylədikləri
fikirləri qısa şəkildə xatırladaq:
* Belarus Prezidenti Aleksandr Lukaşenko: "İlham Əliyev daim etibar edilməli olan əsl dostdur”.
* Serbiya Prezidenti Aleksandr Vuçiç:
"İlham Əliyevin
liderliyi ilə Azərbaycan böyük uğurlara imza atıb”.
* Ravvin Abraham Kuper (ABŞ):
"İlham Əliyevin
rəhbərliyi ilə
Azərbaycanda bütün
dini icmaların dinc və sərbəst
fəaliyyəti üçün
şərait yaradılıb”.
* Rusiya Jurnalistlər İttifaqının sədri
Vladimir Solovyov: "Hiss edirəm
ki, Prezident gün ərzində mətbuatı şəxsən
izləyir. İş burasındadır ki, Prezident İlham
Əliyev Qərb mediasını ingilis, bizimkini rus, Türkiyə mətbuatını
isə türk dilində izləyir”.
* Rusiya Federasiyası Çeçenistan Respublikasının
başçısı Ramzan
Kadırov: "Siz təkcə Azərbaycanda
deyil, bütövlükdə
müsəlmanlar üçün
xeyirxah işlər görürsünüz. Biz Sizin qardaşlıq münasibətləri qurduğunuzu,
konfranslar keçirdiyinizi,
təkcə dini liderləri deyil, bizim regionların rəhbərliyini də qəbul etdiyinizi və yalnız müsəlmanlar deyil, bütün konfessiyaları
birləşdirdiyinizi görürük.
Bu, çox qiymətlidir”.
***
Artıq
15-ci dəfədir ki,
il uğurla
başa çatır!
İlləri uğurlu və
düşərli edən
İlham Əliyevin düşünülmüş, uzaqgörən, hər addımı irəlicədən
ölçülüb-biçilən siyasətidir!
Bu siyasət ulu öndər Heydər Əliyevin yaratdığı
möhkəm təmələ,
alternativsiz siyasi kursa əsaslanır!
Bu siyasət dövrün, zamanın tələblərinə,
Azərbaycan xalqının
arzularının gerçəkləşməsinə,
rifahının durmadan
yüksəlməsinə xidmət
edir!
Bu siyasət mahiyyətcə
dövləti və milli maraqlara, ölkə qarşısındakı
hədəflərə tezliklə
çatmağa hesablanıb.
İşimiz daima uğurlu, illərimiz düşərli
olsun!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2019.- 4 yanvar.- S. 1; 3.