Ermənistanın Dağlıq Qarabağ münaqişəsi barədə yalan informasiya yaymaq cəhdləri ilə bağlı BMT-nin baş katibinə məktub ünvanlanıb

 

Ermənistanın Azərbaycanın Konstitusiyasını, BMT Nizamnaməsini, beynəlxalq hüququn normalarını və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobudcasına pozaraq, Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma qurum adından BMT çərçivəsində kağızların yayılması ilə bağlı ölkəmizin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin baş katibi Antonio Quterreşə etiraz məktubu ünvanlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda Ermənistanın hərbi gücdən istəfadə edərək Azərbaycan ərazilərini, o cümlədən Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal etdiyibu ərazilərdə bütün qeyri-ermənilərə qarşı etnik təmizləmə həyata keçirərək rasist azlıq rejimini yaratdığı qeyd olunur. Ermənistanın başlatdığı müharibə nəticəsində on minlərlə azərbaycanlının həyatına son qoyulduğu, şəhərlərin, qəsəbələrin, kəndlərin darmadağın edildiyi, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından və mülklərindən zorla qovulduğu və minlərlə insanın münaqişə ilə əlaqədar itkin düşdüyü vurğulanır.

Məktubda qeyd olunur ki, Ermənistan qanunsuz rejimi təbliğ etməklə danılmaz faktları təkzib etməyə və məsuliyyətdən boyun qaçırmağa çalışır, BMT üzvlüyündən sui istifadə edərək beynəlxalq ictimaiyyəti çirkin saxtalaşdırma yolu ilə yanıldır və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə qarşı etinadsızlığını nümayiş etdirir.

Ermənistanın bu hərəkəti onun münaqişənin sülh yolu ilə həllinin konstruktiv axtarışından uzaq olduğunu nümayiş etdirir. Ermənistanın bəyan etdiyi öhdəlikləri ilə onun əməlləri münaqişənin siyasi həlli məqsədi baxımından hər zaman ziddiyyət təşkil edib.

Vurğulanır ki, Ermənistanın BMT və digər beynəlxalq təşkilatlarda qanunsuz rejim adından yaydığı kağızlar boş və dəyərsizdir, onlar rədd edilməli və nəzərə alınmamalıdır.

Məktubda, həmçinin Azərbaycan ərazilərinin işğalını pisləyən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət edən, Dağlıq Qarabağı Azərbaycan Respublikasının tərkib hissəsi kimi təsdiq edən və Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilir. ATƏT-in Minsk qrupunun 9 ölkəsi tərəfindən təsdiqlənmiş 1993-cü ilin 4 noyabr tarixli bəyannaməsinin, xüsusilə "güc vasitəsilə torpağın zəbt edilməsi qəbul edilə bilməz və ərazilərin işğalı beynəlxalq tanınma əldə etmək üçünya hüquqi statusun dəyişdirilməsi üçün istifadə oluna bilməz” fikrinə istinad öz əksini tapır. Eləcə də, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin qanunsuz işğalı və bu ərazilərdə hərbi mövcudluğu məsuliyyətinin təsdiq olunduğu Avropa İnsan Haqları Məhkəməsinin Böyük palatasının "Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ilin 16 iyun tarixli qərarı xatırladılır.

Məktubda qeyd olunur ki, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, yəni Dağlıq Qarabağişğal olunmuş digər əraziləri müxtəlif saxta adlarla təqdim etmək cəhdləri düzgün deyil, çünki bu beynəlxalq hüququn, Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin, eləcə də Birləşmiş Millətlər çərçivəsində coğrafi adların beynəlxalq standartlaşdırılması prinsiplərini və proseduralarını açıq şəkildə pozur. Ermənistanın bu kimi cəhdləri açıq şəkildə işğal olunmuş ərazilərdən Azərbaycan tarixinin və mədəniyyətinin izlərinin silinməsi və tarixin saxtalaşdırılması məqsədini güdür.

Azərbaycanın BMT yanında nümayəndəliyinin rəhbəri məktubunun sonunda vurğulayır ki, Ermənistanın anneksionist və müstəmləkəçi siyasətinin uğurlu olmaq şansı yoxdur. Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olubbu belə də qalacaq. Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması, onun silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması, Azərbaycanın ərazi bütövlüyüsuverenliyinin bərpa olunması, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri dönməsi təmin olunacağı təqdirdə sülh, təhlükəsizlik və sabitliyə nail olmaq mümkündür.

Qeyd etmək istərdik ki, sözügedən məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılacaq.

 

Azərbaycan.- 2019.- 4 yanvar.- S. 3.