Zəhmətin şirin bəhrəsi

 

2018-ci il başa çatıb. İndi hər bir torpaq sahibi keçən il çəkdiyi zəhmətin müqabilində əldə etdiyi qazancı hesablayıb götür-qoy edir, bu il üçün görəcəyi işləri müəyyənləşdirir. Ağstafada apardığımız söhbətlərdən aydın olur ki, gecəni gündüzə qataraq çalışan, torpağa alın təri tökən hər bir torpaq sahibi əldə etdiyi qazancdan çox razıdır.

Rayonda kənd təsərrüfatı məhsulları istehsalının həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çoxdur. Bu da dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı sayəsində mümkün olmuşdur. Rayon üzrə ötən il müxtəlif növ kənd təsərrüfatı bitkilərinin istehsalı 89571 tona çatmışdır. Bu, 2017-ci ildəkindən 4914 ton çoxdur. Kartof, dənli və paxlalı bitkilər, tərəvəz məhsulları da xeyli artmışdır. Hazırda torpaq sahibləri cari ilin bol taxıl məhsulu üçün zəmin yaradırlar.

Ümumiyyətlə, rayonda bol kənd təsərrüfatı məhsulları istehsal etmək üçün hər il geniş hazırlıq işləri görülür. Xüsusilə payızlıq və yazlıq bitkilərin vaxtında səpilib suvarılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir, suvarma qurğularının işlək vəziyyətdə olması diqqətdə saxlanılır. Belə ki, Ağstafaçay Hidroqovşaq İstismar İdarəsi tərəfindən 19 hidrotexniki qurğu, 11 hidropost və 14 kilometr beton kanal cari, 8 selötürən, 6 suayırıcı qurğu əsaslı şəkildə təmir olunmuş, kanallar lildən və kol-kosdan təmizlənmişdir. Rayon suvarma sistemləri idarəsi də növbəti mövsümə hazırlıq işləri aparır. Bu işlərin cari ilin aprel ayınadək başa çatdırılması nəzərdə tutulmuşdur.

Ağstafa suvarma suyu ilə aztəminatlı rayonlar sırasındadır. Odur ki, əkin sahələri subartezian quyuları vasitəsilə də suvarılır. Tovuz Subartezian Quyularının İstismarı İdarəsinin Ağstafa istismar sahəsi 233 subartezian quyusuna xidmət edir. 2018-ci ildə həmin quyulardan 25-i cari, 43-ü isə əsaslı şəkildə təmir edilmişdir. Payız səpini başa çatmış əkin sahələrinin 6892 hektarı da artezianlar vasitəsilə suvarılmışdır. Hazırda rayonun Yaradullu, Aşağı Kəsəmən, Zəlimxan, Qıraq Kəsəmən, Poylu, Xətai, Qarahəsənli, Düzqışlaq və Pirili kəndlərində 10 subartezian quyusunun qazılması işləri həyata keçirilir.

Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə də silsilə tədbirlər görülür. Ağstafa şəhəri içməli su ilə tam təmin edilmiş, Qaçaq Kərəm kəndinin sukanalizasiya təminatı qaydaya salınmışdır. Soyuqbulaq, Qarayazı, Soyuqbulaqlar və Həzi Aslanov qəsəbələrinin, Köçvəlili və Yenigün kəndlərinin su təminatı üçün müvafiq işlərə başlanılmışdır.

Rayonun 39 yaşayış məntəqəsindən 38-i "mavi yanacaqla təmin olunur. Yol infrastrukturunun yaxşılaşdırılması üçünxeyli görülmüşdür. Keçən il Düzqışlaq-Kolayır-Qarahəsənli-Xılxına avtomobil yolu əsaslı şəkildə təmir edilmişdir. 27 saylı Yol İstismar İdarəsinin balansında olan Ağstafa-Xətai-Aşağı Kəsəmən yolunun şəhərdən keçən hissəsində asfalt örtük yenilənmiş, yerli əhəmiyyətli avtomobil yollarında təmir işləri aparılmışdır.

Rayon mərkəzi daha da abadlaşdırılmış, küçə və meydanlarda, parkxiyabanlarda səliqə-sahman yaradılmış, əksər çoxmənzilli binalar əsaslı şəkildə təmir edilmiş, həmin yaşayış binalarının həyətlərində istirahət yerləri yaradılmışdır.

Kənd və qəsəbələrdə də abadlıq və yenidənqurma işləri davam etdirilmişdir. Bu işdə yerli icra nümayəndələri və bələdiyyələr yaxından iştirak etmişlər. Keçən il 12,9 kilometr yola çınqıl tökülmüş, 93 elektrik dayağı yenisi ilə əvəz olunmuş, 11 subartezian quyusu təmir olunmuş, 3 su keçidi salınmış, 5 elektrik transformatoru təmir olunmuş, 2-si yenisi ilə əvəz edilmişdir.

Ümumtəhsil müəssisələrinin yenilənməsi istiqamətində də xeyli görülmüşdür. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində son bir neçə ildə Ağstafada 7 məktəb binası inşa edilmiş, digərlərində əsaslı təmir işləri aparılmışdır. Köhnəqışlaq kəndində 108 şagird yerlik, Kolayır kəndində 20 şagird yerlik modul tipli məktəb binası istifadəyə verilmişdir. Həzi Aslanov qəsəbəsində modul tipli məktəbin quraşdırılması başa çatdırılmışdır. Böyük-Kəsik kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlanılmışdır.

 

S.ƏLİYEV

 

Azərbaycan.- 2019.- 4 yanvar.- S. 5.