Məcburi köçkünlərin sosial statusu dəyişir

 

Prezident: "Bizim vəzifəmiz ondan ibarətdir ki, bütün köçkün ailələri normal şəraitlə təmin olunsunlar

 

Hələ 2003-cü ildə prezident seçkiləri zamanı İlham Əliyev məcburi köçkünlərlə görüşərkən vəd vermişdi ki, qısa zamanda bütün çadır şəhərcikləri ləğv ediləcək, bu təbəqədən olan soydaşlarımız üçün hər cür şəraiti olan müasir qəsəbələr salınacaq və yaşayış binaları tikiləcək.

Cənab İlham Əliyev dövlət başçısı seçildikdən sonra verdiyi sözə əməl etmək üçün 2004-cü ildə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı təsdiq etdi. 2007-ci və 2011-ci illərdə isə həmin proqrama əlavələr olunaraq qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli prosesi sürətləndi.

Dövlət başçısı bu günverdiyi vədi əməli işlə sübut edir. Artıq 12 çadır düşərgəsi ləğv olunaraq 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Hazırda evlərlə, mənzillərlə təmin edilən məcburi köçkünlərin sayı 300 minə çatır ki, bu da 53 min 500 ailə deməkdir. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün sərf edilən vəsaitin məbləği isə 7,1 milyard manatdır.

Qaçqın və məcburi köçkünlərin digər sosial problemlərinin, xüsusilə məşğulluqlarının təmin edilməsi də diqqət mərkəzində saxlanılır. İndiyədək Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə öz kiçik bizneslərini qurmaq üçün 14,8 milyon manat mikrokredit verilib. Bununla yanaşı, Sahibkarlığın İnkişafı Fondu 22 min 74 məcburi köçkün sahibkarı 44,3 milyon manat güzəştli kreditlə təmin edib. 200 min məcburi köçkün isə büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin olunub. Bütün bu tədbirlərin sayəsində məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.

Xəbər verildiyi kimi, ötən il dekabrın 24-də Abşeron rayonunda 1000 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib. Tədbirdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. Ölkə rəhbəri məcburi köçkünlər qarşısında çıxış edərək onların sosial problemlərinin həllinin daim diqqət mərkəzində olduğunu vurğulayaraq demişdir: "Bu il bu istiqamətdə çox işlər görülüb. Bu il 580 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Artıq köçkünlərin bu evlərə, mənzillərə yerləşməsi prosesinə start verilmişdir. Bu, rekord göstəricidir. Biz hər il minlərlə köçkün ailəsini yeni evlərlə, mənzillərlə təmin edirik. Bir daha demək istəyirəm ki, bu il bu, ən yüksək səviyyədə öz həllini tapıb. Bizim vəzifəmiz ondan ibarətdir ki, bütün köçkün ailələri normal şəraitlə təmin olunsunlar”.

Prezidentə məlumat verildi ki, yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 101-ci şəhərcikdir. Buradakı mənzillərin 77-si birotaqlı, 420-si ikiotaqlı, 406-sı üçotaqlı, 96-sı dördotaqlıdır. Şəhərcikdə məcburi köçkünlərə verilən mənzillərin ümumi sahəsi 76 min kvadratmetrdir. Burada hər cür infrastruktur yaradılıb. Uşaq bağçası, tibb məntəqəsi, icma mərkəzi, təxminən 800 şagirdlik məktəb məcburi köçkünlərin ixtiyarına verilib.

Keçən il dekabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən daha bir yaşayış kompleksinin açılışını etdilər. Dövlət başçısına məlumat verildi ki, kompleksin inşasına 2017-ci ilin mart ayından başlanılmışdı. Xüsusi memarlıq üslubunda tikilən kompleksdə sakinlər üçün hər cür şərait yaradılıb. Dörd hektar ərazidə yerləşən kompleksdəki 12 binada 1005 mənzil var. Onların 167-si birotaqlı, 536-sı ikiotaqlı, 302-si isə üçotaqlı və dördotaqlıdır.

Kompleksdə müasir sosial infrastruktur da yaradılıb. Belə ki, ərazidə məktəb, uşaq bağçası, mərasim evi digər zəruri infrastruktur obyektləri inşa edilib. Eyni zamanda, ərazinin 67 faizində yaşıllıq abadlıq işləri görülüb. Buradakı 540 şagirdlik yeni məktəb korpusunda şagirdlərin təhsil alması, 50 yerlik uşaq bağçasında isə balacaların təlim-tərbiyəsinin təşkili, istirahəti əyləncəsi üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, qaçqın məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətin daim diqqətində olacaq, hər bir ailə rahat mənzillə təmin olunanadək bu işlər davam edəcək. Elə bunun nəticəsidir ki, biz hər il bu kateqoriyadan olan soydaşlarımızın yeni mənzil evlərlə təmin edilməsinin şahidi oluruq heç şübhəsiz, növbəti illərdə bu proses davam edəcək.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.- 5 yanvar.- S. 1; 5.