Baş Prokurorluqda əməliyyat
müşavirəsi
Yanvarın 7-də Baş Prokurorluqda mərkəzi aparatın rəhbər heyətinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2015-ci il sentyabrın 30-da imzaladığı Sərəncamla Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, korrupsiyaya qarşı mübarizə aparılmasında, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə “İgidliyə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim olunması və prokurorluq orqanları tərəfindən 2015-ci ildə “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov prokurorluq əməkdaşlarının bir qrupunun yüksək dövlət mükafatlarına layiq görülməsini Azərbaycan Prokurorluğuna dövlət səviyyəsində göstərilən yüksək inamın ifadəsi olduğunu qeyd edib. Baş prokuror ölkəmizin dövlət təsisatları içərisində xüsusi yeri olan prokurorluq orqanlarının bugünkü statusda mövcudluğuna, fəaliyyəti üçün zəruri normativ hüquqi bazanın yaradılmasına, dövlətçilik ideyalarına sadiqlik nümayiş etdirən kadr korpusunun formalaşmasına görə ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik dövlətçilik siyasətinə, onun tərəfindən prokurorluğa göstərilən etimada borclu olduğunu diqqətə çatdırıb.
Xüsusi vurğulanıb ki, müstəqil Azərbaycan Respublikasının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi və prokurorluğa hərtərəfli qayğı göstərilməsi demokratik və sivil bir dövlət təsisatı kimi tam yenidən formalaşmasına görə Heydər Əliyev şəxsiyyətinə borclu olan prokurorluğun kollektivində, hər bir prokurorluq əməkdaşında qürur hissi doğurur. Peşə bayramı ərəfəsində prokurorluq orqanlarının bir qrup əməkdaşının Azərbaycan Prezidenti tərəfindən yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi məhz dövlət qayğısının təcəssümü kimi müstəsna əhəmiyyət kəsb edir və prokurorluğun kollektivi üçün böyük məsuliyyət yaradır.
Diqqətə çatdırılıb ki, inkişaf tarixinin yeni yüksəliş mərhələsini yaşayan müstəqil Azərbaycanda dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan müasir məzmunlu siyasət tədbirləri nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunub, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılıb.
Bildirilib ki, ölkəmizin dinamik və hərtərəfli sosial-iqtisadi inkişafına istiqamətləndirilmiş dövlətçilik siyasətini qətiyyətlə dəstəkləyən Azərbaycan Prokurorluğu orqanlarının başlıca vəzifəsi digər hüquq mühafizə orqanları, ilk növbədə, Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə bu quruculuq işlərinin əsas təminatları olan ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunmasından, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən, dövlət müstəqilliyimizin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsindən ibarətdir.
Azərbaycan Prokurorluğunun və onun hər bir əməkdaşının fəaliyyətinin, ilk növbədə, dövlət müstəqilliyimizin qorunmasına, ictimai-siyasi sabitliyi pozmağa yönəldilmiş cinayətkar qəsdlərin qarşısının alınmasına istiqamətləndiriləcəyinə, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlətçilik tədbirlərində yaxından iştirak edəcəyinə inam ifadə olunub.
Müşavirənin gündəliyində duran ikinci məsələ ilə əlaqədar baş prokuror diqqətə çatdırıb ki, 2015-ci ildə prokurorluq orqanlarının fəaliyyəti qanunla müəyyən edilib, Azərbaycan Respublikası Prezidentinin göstəriş və tövsiyələrindən irəli gələn vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə, prokurorluğun müasir beynəlxalq standartlar səviyyəsində təkmilləşdirilməsi prosesinin daha intensiv şəkildə davam etdirilməsinə, yeni informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunmasına, bütün fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin daha da artırılmasına yönəlib.
Hesabat dövründə prokurorluq orqanları digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək cinayətkarlığa, xüsusən də onun mütəşəkkil təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsini təmin edib.
Bildirilib ki, 2015-ci ildə prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib.
Hesabat dövründə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində müəyyən işlər görülüb. Prokurorluq və polis orqanlarının həyata keçirdikləri səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində ötən illərdə baş verməklə bağlı qalmış bir sıra qəsdən adam öldürmə cinayətlərinin, eləcə də 2015-ci ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərindən əksəriyyətinin, o cümlədən qeyri-aşkarlıq şəraitdə törədilmiş xüsusilə ağır cinayətlərin “isti izlər”lə açılması təmin olunub.
Diqqətə çatdırılıb ki, 2015-ci ildə ədalətli və şəffaf kadr siyasətinin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilməklə, bu sahədə görülən sistemli iş və məqsədyönlü tədbirlər davam etdirilib, kadrların demokratik əsaslarla müsabiqə yolu ilə seçilməsi prosesinin ardıcıllığı, fəaliyyətlərində uğurlar əldə etmiş işçilərin həvəsləndirilməsi, peşəkarlıq səviyyəsinə malik şəxslərin vəzifədə irəli çəkilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilib.
Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2015-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb.
Qeyd edilib ki, hesabat dövründə prokurorluq orqanları üzrə xidməti, icra və əmək intizamının pozuntusu hallarına və digər xətalara yol verdiklərinə görə 37 əməkdaş intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən 7 nəfər prokurorluq orqanlarından xaric olunub. Baş Prokurorluğun rəhbərliyinin göstərişi əsasında 2016-cı il yanvarın 6-da Bakı şəhəri Nəsimi rayonu, Sumqayıt şəhəri və Qubadlı Rayon prokurorluqlarında daxili nizam-intizam qaydalarına riayət edilməsi və işə davamiyyət vəziyyəti yoxlanılarkən xidməti və əmək intizamının kobud pozuntusu hallarına yol verdiklərinə görə 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.
Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb. Hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilib. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi, vətəndaşların yaşayış yerlərində qəbulunun prosedurları hazırlanaraq təcrübədə səmərəli tətbiqi həyata keçirilib. Eyni zamanda, bu sahədə işin təşkilində müəyyən çatışmazlıqların hələ də mövcudluğu diqqətə çatdırılaraq tələb edilib ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu işi gündəlik nəzarətdə saxlanılaraq “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” əmrin qeyd-şərtsiz icrası, həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili, bu sahəyə cavabdeh əməkdaşların məsuliyyətinin artırılması təmin olunsun.
Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq baş prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib.
Əməliyyat müşavirəsində baş prokurorun birinci müavini Rüstəm Usubov çıxış edərək 2015-ci il ərzində cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov 2015-ci ilin iş planının icra vəziyyəti və cari ilin iş planı barədə, Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin yeni qəbul olunmuş “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq surətdə təşkil edilməsi, bu istiqamətdə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat veriblər.
Əməliyyat müşavirəsində korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi barədə dövlətimizin başçısı İlham Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, cari ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinə qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə konkret göstərişlər verilib.
Eyni zamanda, 2015-ci il ərzində görülmüş işlərin vəziyyəti ümumiləşdirilərək nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.
Əməliyyat müşavirəsində
inam ifadə olunub ki, Azərbaycan Respublikası Prokurorluğunun
kollektivi 2016-cı ildə də Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən yeni məzmunlu siyasi tədbirlərin
reallaşdırılmasında, digər hüquq
mühafizə orqanları ilə əlaqəli şəkildə
cinayətkarlığa qarşı mübarizənin
gücləndirilməsində, dövlətçiliyimizin
maraqlarının və insan hüquq və azadlıqlarının
qorunmasında öz səlahiyyət hədləri
daxilində bütün zəruri tədbirlərin
görülməsini təmin edəcək.
Azərbaycan.- 2019.- 5 yanvar.- S. 4.