Arıçılıq
Dövlət dəstəyi
bu sahənin inkişafına yol açır
"Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” dövlət başçısının 2018-ci il 5 mart tarixli sərəncamından sonra Tovuz rayonunda da bu gəlirli sahəyə maraq xeyli artmış, hər arı ailəsinə (pətəyinə) görə dövlət tərəfindən 10 manat subsidiyanın verilməsi razılıqla qarşılanmışdır.
Ölkə rəhbərinin bu sərəncamınadək rayonda 5700 arı ailəsi saxlanılırdısa, hazırda 8700-ə çatmışdır. İndi rayonda elə kənd də yoxdur ki, orada arı saxlanılmasın. Sarı Tala, Böyük Qışlaq, Aşağı Quşçu, Azaflı, Əsrik kəndlərində, eləcə də Tovuz şəhərində çoxlu sayda arı ailəsi saxlanılır. Bunun da sayəsində hər il sakinlər xeyli gəlir əldə edirlər.
Azaflı kəndinin sakini Tofiq Mədətov deyir ki, 30 ildir arıçılıqla məşğuldur. Balın satışından götürdüyü gəlir ailəsinin dolanışığını təmin edir. Hazırda 120 arı ailəsinə xidmət göstərir. İnişil 300 kiloqram bal götürmüşdüsə, keçən il 400 kiloqram məhsul əldə edib. Balın satışında da elə bir problem yaşanmır. Məhsulu keyfiyyətli olduğundan elə qapıdaca alırlar.
Aşağı Quşçu kəndinin sakini Qabil Hacıyevin də arıçılıqda zəngin təcrübəsi var. İnişil onun 100 baş arı ailəsi var idi. 2018-ci ildə onların sayını 120-yə çatdırıb və həmin pətəklərdən 1 tona yaxın bal süzüb. Bunun da 500 kiloqramını Bakıda təşkil olunan bal yarmarkasında satıb.
Tovuz şəhərinin sakini Xəyal Qarayev də təcrübəli arıçılardandır. Bu sahədə əldə etdiyi təcrübə ona imkan verib ki, saxladığı arıları xəstəliklərdən qorusun. Söhbət zamanı Xəyal kişi dedi ki, arı məhsullarının xeyri o qədərdir ki, saymaqla qurtarmaz. Bal insan orqanizmi tərəfindən tamamilə mənimsənilir. Ona görə ki, arı məhsullarının 99 faizi insan qanının plazmasına yaxındır. Arının südü 18 dəfə, çiçək tozu 12 dəfə balından güclüdür.
Ümumiyyətlə, Tovuzda arıçlığın sirlərinə dərindən bələd olan çox sayda arıçı var. Onlar dövlətin arıcılığın inkişafi ilə bağlı yaratdığı imkanlardan yararlanaraq əllərindən gələni əsirgəmir, hər il bal istehsalında yüksək göstəricilərə nail olurlar.
Hazırda Tovuzda arı pətəklərinin qeydiyyatı aparılır. Qeydiyyat başa çatdırıldıqdan sonra subsidiyaların verilməsinə başlanacaq. Bir arı ailəsinin saxlanmasına il ərzində çəkilən xərcin 25 manat olduğunu nəzərə alsaq, dövlətin hər arı ailəsinə verəcəyi 10 manat subsidiya, söz yox ki, hər bir arıçı üçün böyük köməkdir. Bunu Tovuz Rayon Aqrar İnkişaf Mərkəzinin rəisi Rəhman Qasımov da söhbət zamanı dedi. O, inamla onu da qeyd etdi ki, rayonda mövcud arı ailələrinin indiki sayı son hədd deyil.
Sabir ƏLİYEV
Azərbaycan.- 2019.- 5 yanvar.- S. 6.