Bataqlıqlar
üzərində tikilən modern sənaye kompleksi
Neftçala Sənaye
Məhəlləsi yeni iqtisadi inkişaf strategiyasının bəhrəsidir
Zamanın tələblərinə uyğun olaraq ölkəmizdə aparılan islahatlar, uğurla həyata keçirilən dövlət proqramları, genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi və makroiqtisadi sabitlik güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaradıb.
Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi sənayeləşmə siyasəti nəticəsində yüzlərlə müasir müəssisə açılıb, yerli məhsulların istehsalı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi çoxalıb.
Sənayenin
inkişafına dair dövlət proqramı bəhrəsini
verir
Prezident İlham Əliyevin "Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə uyğun olaraq, prioritet hədəf kimi seçilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də məhz sənayeləşmə və qeyri-neft sənayesinin inkişafıdır. Artıq "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən proseslər öz bəhrəsini verməkdədir.
Ölkəmizdə qeyri-neft sektorunun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq, eləcə də regionlarda kənd təsərrüfatı ilə yanaşı, sənaye sahəsində çalışmaq istəyənlərin maraqlarının təmin edilməsi məqsədilə sənaye parkları və məhəllələri yaradılır.
Azərbaycan Prezidentinin "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli fərmanına əsasən, respublikamızda sənaye məhəllələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr 2017-ci ildən reallığa çevrilib. Yəni, 2017-ci il Azərbaycan sənaye sektorunda yeni mərhələnin başlanğıcı kimi tarixə yazıldı, desək, yanılmarıq. Çünki 2017-ci ilin sentyabr ayında Azərbaycanın ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayıb.
Kiçik və
orta sahibkarlığın inkişafına dövlət dəstəyi
Sənaye məhəllələrinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.
Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.
Sənaye məhəlləsi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə verilir və yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədi ilə istifadə edilir. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.
Regionlarda yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir.
Şoran torpaq
üzərində salınan sənaye məhəlləsi
Beş il öncə, 2014-cü il may ayının 28-ində - Respublika Günündə Neftçalaya səfər edən İlham Əliyev xüsusi göstəriş verərək bildirdi ki, kiçik və orta sahibkarlığın inkişafı üçün ərazi ayrılmalı və bütün infrastruktur layihələri dövlət tərəfindən icra olunmalıdır: "İctimaiyyət və rayon rəhbərliyi yer müəyyən etsin. Həmin ərazidə dövlət hesabına infrastruktur layihələri icra olunacaq. Bütün kommunikasiyalar çəkiləcək və sahibkarlara şərait yaradılacaq ki, onlar orada öz sənaye müəssisələrini qursunlar. Dövlət də öz tərəfindən maliyyə dəstəyini göstərəcək”.
Dövlət başçısının göstərişindən sonra ərazi müəyyənləşdirildi və 2015-ci il fevral ayının 2-də Neftçala rayonunda Azərbaycanın ilk sənaye məhəlləsinin yaradılması haqqında sərəncam imzalandı. Sənaye məhəlləsinin inşası üçün 10 hektar torpaq sahəsi ayrıldı. İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tikinti işlərinə torpağın şoran və bataqlıq olması mane olurdu. Bu səbəbdən də torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün bir müddət drenaj, bərkidilmə-qurudulma işləri aparıldı və bundan sonra sürətli tikinti-quruculuq işlərinə başlanıldı. Tez bir zamanda burada böyük sənaye kompleksi yaradıldı və 2017-ci il sentyabr ayının 24-də Prezident İlham Əliyevin iştirakı ilə məhəllənin açılış mərasimi keçirildi.
45,3 milyon manat
investisiya, 9 müəssisə
Artıq il yarımdır ki, Neftçala Sənaye Məhəlləsi fəaliyyətdədir. Bu qısa müddət ərzində məhəllədə fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri məhsullar "Made in Azerbaijan” brendi ilə həm daxili, həm də xarici bazarlarda satışa çıxarılır.
İlk sənaye məhəlləsində bu gün aqrar sektor üçün mühüm əhəmiyyət kəsb edən pivot suvarma sistemləri, təkrar emaldan hazırlanan taralar, polietilen suvarma boruları, kağız stəkanlar istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq, toyuq, xırda və iribuynuzlu mal-qara yemi, plastik məmulatlar, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Məhəllədə ümumilikdə 500-ə yaxın iş yeri açılıb.
Məhəllədə sahibkarlar üçün yaradılan şərait və istehsal prosesi ilə yaxından tanış olmaq üçün Neftçalaya üz tutduq.
Yüksək standartlara cavab verən
7 istehsal korpusu
Bir zamanlar bataqlıqlar içərisində olan ərazidə
tikilən böyük sənaye kompleksi göz oxşayır. Məhəlləyə
gedən yollar asfaltlanıb, ətrafına müxtəlif
ağaclar əkilib və işıqlandırma sistemi ilə təchiz
olunub.
Sənaye
məhəlləsinin idarəedici təşkilatı
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən
"Azərbaycan İnvestisiya Şirkəti”dir. Şirkət
tərəfindən burada 5 MVt gücündə transformator, 25
m3/saat sutəmizləyici qurğu, 100 m3/saat gücündə
təbii qaz təchizatı yaradılıb, rabitə və nəqliyyat
infrastrukturu sahibkarların istifadəsinə verilib, abadlıq
işləri görülüb. Sənaye məhəlləsinin
ərazisində yüksək standartlara cavab verən 7 istehsal
korpusu (6922 m2), inzibati bina (1200 m2, 2 mərtəbə), texniki və
köməkçi binalar (1000 m2) tikilib.
Direktor Nəriman Xəlilov deyir ki, ümumiyyətlə,
sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsi üçün zəruri infrastruktura malik
olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul
istehsalı və xidmət göstərilməsi
üçün istifadə edilən ərazidir. Sənaye məhəllələrinin
üstünlüyü ondan ibarətdir ki, ilk növbədə,
sahibkar öz müəssisəsi üçün
infrastrukturun yaradılmasına pul xərcləmir. Yalnız icarə haqqı ödəyir. Sənaye məhəllələrinin ərazisində
xarici və daxili infrastruktur (elektrik enerjisi və isitmə,
qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından
mühafizə obyektləri, inzibati obyektlər və s.)
yaradılır. Sənaye məhəllələri
dövlətin sənaye potensialının inkişaf zəncirində
növbəti və möhkəm halqaya çevrilməklə
ölkənin ixrac strukturunun qeyri-neft sektoru lehinə dəyişdirilməsinə
ciddi şəkildə kömək edir.
Ofis, sığorta, poçt, tibb məntəqəsi
və kitabxana
İstehsal
korpuslarından öncə inzibati bina ilə də tanış olduq. Bina toplantı
və təlimlərin keçirilməsi üçün
iclas otağından, müasir ofislərdən, sərgi-satış
mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və
sənaye məhəlləsinin idarəedici təşkilatının
istifadəsi üçün nəzərdə tutulan sahələrdən
ibarətdir. Burada sahibkarlara ümumi
mühasibatlıq, hüquqi məsləhətlər,
sığorta, kitabxana, "Startup”lar üçün ofis, yeməkxana
və tibbi xidmətlər göstərilir. Sahibkarların fəaliyyətinə dəstək
üçün Neftçala Sənaye Məhəlləsinin bütün
ərazisi pulsuz internetlə təmin olunub.
Bir
sözlə, regionlarda sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli
istifadə etməklə sənaye sahələrinin inkişaf
etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin
azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin
gücləndirilməsi, məşğulluğun və məşğulluqda
sənayenin xüsusi çəkisinin artırılması
baxımından Neftçala Sənaye Məhəlləsinin
yaradılması böyük əhəmiyyət kəsb edir.
12 milyon ədəd banka
konserv və 1000 ton soyudulmuş təzə balıq
Neftçala
Sənaye Məhəlləsinin rezidentlərindən biri
"Azproduct” MMC-dir. Müasir texnologiyaların tətbiq
edildiyi, balıq emalı və konservləşdirilməsi sahəsində
fəaliyyət göstərən müəssisədə ildə
12 milyon ədəd şərti banka (250
qr) konserv və 1000 ton soyudulmuş təzə balıq istehsal
olunur.
2017-ci
ilin oktyabrında istifadəyə verilən müəssisəyə
1,7 milyon manat investisiya qoyulub. Əlavə dövlət dəstəyi olaraq müəssisəyə
İnvestisiya Təşviqi Sənədi təqdim edilib. Bu, müəssisənin təqribən 290 min manata qənaət
etməsinə imkan verib. İstehsal sahəsində
40 nəfər işlə təmin edilib.
Balıq konservi istehsalının texnoloji prosesinə gəlincə
isə müəssisənin təsisçisi Şamxal Məmmədov
bildirdi ki, öncə xammal anbarlara yığılır. Müasir avadanlıqlar
vasitəsi ilə balıqların buzları əridilir, təmizlənir
və qablaşdırılır. Sonra isə
buxarla nəmlik çıxarılır, souz əlavə
edilir və qapaq bağlanır. Bu prosesdən
sonra hazır məhsul sterilizasiya edilir, qab qurudulur, üzərinə
etiket vurulur, termo paketləmədən keçir və
hazır məhsul kimi anbara yığılır.
Soyudulmuş təzə balıq emalının texnoloji
prosesi də maraqlıdır. Balıq qəbul
olunduqdan sonra müasir avadanlıqlarda yuyulur və təmizlənir,
qablaşdırılır və hazır məhsul kimi anbara
ötürülür.
Təsisçinin sözlərinə görə, müəssisədəki
avadanlıqlar Almaniya, Niderland, Norveç, Estoniya və
Danimarkadan gətirilib.
Dünyanın ən müasir suvarma
sistemləri
Sənaye məhəlləsində balıq, toyuq və
mal-qara yemi istehsalını həyata keçirən "Kəhf”
Məhdud Məsuliyyətli Cəmiyyəti də fəaliyyətdədir. İllik
istehsal gücü 25 min ton olan müəssisənin
yaradılmasına 12 milyon manat investisiya yatırılıb.
İllik dövriyyəsi 30 milyon manatdır.
İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına müəssisəyə 5,9
milyon manat məbləğində güzəştli kredit
ayrılıb. Bundan başqa, müəssisəyə
İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, sahibkara 1,2 milyon manat vəsaitə qənaət etmək
imkanı yaradır. Müəssisədə 30 nəfərə
yaxın şəxs işlə təmin edilib. Yem istehsalını həyata keçirən
avadanlıqlar, yəni, müasir texnologiya Avstriya və
Türkiyədən gətirilib.
Sənaye məhəlləsinin digər bir rezidenti
"Gilan PİVOT” MMC-dir. Müəssisədə müasir
texnologiyalar əsasında dairəvi suvarma - yəni,
"Pivot” suvarma sistemləri istehsal olunur. Bu yeni
texnologiya əkin sahələrinin suvarılma sisteminin daha da
asanlaşdırılmasına xidmət edir. "Pivot”
sistemləri dünyada ən müasir və ən səmərəli
suvarma vasitəsidir. Bu sistem məhsuldarlığı
bir neçə dəfə artırır. Artıq bu sistemdən Azərbaycanda təkcə
pambıqçılıqda yox, başqa sahələrdə də
istifadə olunur və demək olar ki, aqrar sektorda böyük
dönüş yaradıb.
Ümumi investisiya dəyəri 1 milyon manat olan müəssisənin
illik istehsal gücü 60-80 suvarma sistemidir.
Kənd təsərrüfatı təyinatlı
taralar, polietilen suvarma boruları
Məhəllədə plastik məmulatlar, o cümlədən
kənd təsərrüfatı təyinatlı taralar istehsal
edən "Metak” MMC-nin illik istehsal gücü 2 milyon
taradır.
Müəssisəyə 1,35 milyon manat
investisiya qoyulub və İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına 600 min manat güzəştli kredit verilib. Həmçinin İnvestisiya Təşviqi Sənədi
də təqdim edilib ki, bu, müəssisənin təqribən
35 min manata qənaət etməsinə imkan verir. Müəssisənin məhsulları daxili bazarda,
xüsusilə kənd təsərrüfatında
qablaşdırmaya olan tələbatın ödənilməsində
əhəmiyyətli rol oynayır.
Məhəllədəki "Toğrul-2008” MMC isə
polietilen suvarma boruları istehsal edir. 100 min manat investisiya
hesabına yaradılan müəssisənin illik istehsal
gücü 360 tondur. Müəssisənin
həm Neftçalada, həm də ətrafdakı yaxın
rayonlarda tullantı polietilen məhsullarının qəbulu məntəqələri
mövcuddur. Bu məntəqələrdə
toplanan plastik tullantılar müəssisəyə gətirilərək
yenidən xammala çevrilir və həmin xammaldan polietilen
suvarma boruları hazırlanır. İstehsal
edilən məhsul ətraf rayonlarda fermerlərin bu sahədə
ehtiyaclarının ödənilməsinə yönəldilir.
Modul tipli məktəb binaları
Modul tipli məktəb binalarının
quraşdırılması ilə məşğul olan
"Providence Limited” MMC də Neftçala Sənaye Məhəlləsinin
rezidentlərindəndir.
80 min manat investisiya yönəldilən müəssisədə
hazırda 15 nəfər çalışır. Modul tipli məktəblərin
yaradılmasının üstünlüyü onların azməsrəfli
olması ilə yanaşı, qısa müddət ərzində
istənilən relyefdə quraşdırılması, asan
daşınması, sinif otaqlarının sayının
şagirdlərin sayına uyğun olaraq rahatlıqla
azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər
üstünlüyü budur ki, qəzalı vəziyyətdə
olan təhsil müəssisələrində təmir-tikinti
işləri aparılarkən tədris prosesi
dayandırılmır və müvəqqəti olaraq səyyar
məktəb quraşdırılır.
2018-ci ildə 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və
qəzalı vəziyyətdəki kənd məktəbi modul
tipli məktəblərlə əvəz edilib. Modul tipli məktəblər
Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala,
Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz,
Göygöl, Tərtər ,Göyçay, Qəbələ,
Oğuz və digər rayonlarda quraşdırılıb.
Kağız stəkanlar içərisində
quru çay və kofe
"Sun Rise Production” MMC-nin sənaye məhəlləsində
yaratdığı müəssisədə isə
kağız stəkanlar və hazır içkilər istehsal
olunur. Yəni, kağız stəkanların içərisinə
çay və kofe yerləşdirilir. Bu stəkanlara
sadəcə olaraq qaynar su tökməklə içkini
hazır vəziyyətə gətirmək olur.
Xammalı
Türkiyədən alan müəssisənin
istehsal sahəsinin yaradılmasına 619 min manat investisiya
yönəldilib. Bundan başqa, müəssisəyə
İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, təqribən
84 min manata qənaət etməyə imkan yaradır.
Fəaliyyətə
başladığı 2017-ci ildə ayda 200 min ədəd
kağız stəkan sifarişi alan müəssisədə
indi yenilənmə prosesi gedir. Belə ki,
kağız stəkanların həm formatı, həm də
ölçüsü dəyişir. Beləliklə,
daha maraqlı dizaynda və böyük ölçüdə
stəkanlar istehsal ediləcək.
Plastik tullantılar üçün
metal konteynerlər
Burada fəaliyyət
göstərən digər bir müəssisə isə
"Petroqeoqaz” MMC-dir. Müəssisədə əsasən kənd
təsərrüfatı avadanlığı və metal
konstruksiyalar istehsal edilir. Bunların içərisində
üzən su nasosları, "Pivot” suvarma sisteminin
detalları - böyük və kiçik mala və
ütü qoşquları, eləcə də plastik
tullantılar üçün metal konteyner.
Müəssisənin
rəhbəri Bayram Vəliyevin sözlərinə görə,
plastik tullantılar üçün metal konteynerlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
sifarişləri əsasında hazırlanıb. 500 ədəddən çox sifariş artıq icra
olunub. Belə ki, Neftçala, Salyan, Saatlı, Sabirabad,
Hacıqabul, İmişli rayonlarından alınan sifarişlər
əsasında da plastik tullantılar üçün metal
konteynerlər hazırlanıb. Müəssisədə həmçinin
küçə işıqlandırılması
üçün metal dayaqlar istehsal olunur.
Sənaye məhəlləsində kiçik sahibkarlar
üçün yaradılan emalatxanada isə müxtəlif məmulatlar
hazırlanır. Burada kiçik sahibkarlar üçün
hər cür şərait yaradılıb.
Azərbaycanın ilk sənaye məhəlləsini gəzib
dolaşaraq burada sahibkarlar üçün yaradılan şəraitin
şahidi olduq.
Neftçalanın inkişafında çox
böyük rolu olan bu sənaye məhəlləsinin fəaliyyəti
həm rayon, həm də ölkə iqtisadiyyatına çox
böyük təkan verir. Sənaye məhəlləsinin
yaradılması əslində, bu istiqamətdə
görülmüş işlərin yeni mərhələsinin
başlanmasıdır. Ötən il
Masallı Sənaye Məhəlləsi fəaliyyətə
başlayıb, bu il isə Hacıqabul Sənaye Məhəlləsinin
açılışı olacaq. Sabirabadda isə
tikinti-quruculuq işləri gedir.
Bir sözlə, İlham Əliyevin vaxtilə verdiyi qərarlar
artıq həyatda öz əksini tapır və ölkəmizdə
modern sənayeləşmə istiqamətində aparılan
siyasət uğurlu nəticələr verir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.-
6 yanvar.- S. 1; 3.