Komandanın
diplomat gedişi
İlham Əliyev Ermənistanı
həm təcrid, həm də bütün imkanlardan məhrum
edib
Keçən zaman göstərir ki, Ermənistanın işğal siyasətinə son qoymaması və Azərbaycanın ərazi bütövlüyünü tandımadığı təqdirdə onun iflası qaçılmazdır. Çünki Ermənistanın təcriddən xilas olması yalnız Azərbaycandan asılıdır.
Əldə edilən nailiyyətlərdən məharətlə istifadə edən Prezident İlham Əliyev işğalçı Ermənistana həm diplomatiya müstəvisində böyük zərbələr vurur, həm də bu ölkəni təcrid vəziyyətinə salmaqla onun sosial-iqtisadi vəziyyətini ağırlaşdırır.
Ermənistanda hərbi xuntanın hakimiyyətinə son verilməsi işğalçı ölkədə ötən ilin ən mühüm hadisəsi kimi tarixə yazıldı. Sarkisyan-Koçaryan koalisiyasından, onun yaratdığı xaosdan bezən xalq Ermənistanda hakimiyyətin devrilməsində fəal iştirak etdi. Baş nazir vəzifəsini ələ keçirən sabiq prezident Serj Sarkisyana qarşı kütləvi şəkildə çıxanlar onu devirə bildilər. 11 gün davam edən etiraz aksiyalarından sonra Serj Sarkisyan baş nazir vəzifəsindən istefa verməli oldu.
Xalq hərbi
xuntanı devirdi
Hələ ötən il aprelin 17-də Serj Sarkisyanın parlamentdə baş nazir kimi təsdiq edilməsindən sonra etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan bildirmişdi ki, minlərlə etirazçı Ermənistanda qeyri-zorakı məxməri inqilabı təşkil edir. Aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan ölkəni iflic edən kütləvi etirazlarla istefa verməyə məcbur oldu.
"Vətəntaş müqaviləsi” partiyasına və "Mənim addımım” hərəkatına rəhbərlik edən Nikol Paşinyan ultimatum şəklində bəyan etdi ki, o, mütləq baş nazir olmalıdır. Əks təqdirdə, Paşinyan hakimiyyəti daha genişmiqyaslı etiraz aksiyaları ilə hədələdi. Baş verənlərə hakimiyyətin münasibəti isə onun özülünün nə qədər zəif olduğunu aydın şəkildə üzə çıxardı. Hakimiyyət Serj Sarkisyan başda olmaqla Paşinyana təslim oldu. Hərbi xuntanı devirmək istəyənlər məqsədlərinə nail oldular.
Bunun proqnozunu Prezident İlham Əliyev həmişə söyləyirdi. Dövlət başçısının böyük uzaqgörənliklə söylədiyi "Erməni xalqının ən böyük düşməni ona rəhbərlik edən hərbi xuntadır. Xalq onu zəlil gününə qoyan, dövləti dalana dirəyən cinayətkar rejimdən xilas olmalıdır” fikri Yerevanda artıq reallığa çevrildi.
İlham
Əliyev Ermənistan rəhbərliyini "ofsayt”a salıb
Birmənalı həqiqətdir ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu diplomatik fəaliyyət, çevik siyasət Ermənistanı, onun sabiq baş naziri Serj Sarkisyanı şahmat dili ilə desək, həmişə mat vəziyyətində qoyub. Prezident İlham Əliyevin siyasəti sayəsində Sarkisyan və onun hazırkı sələfi Paşinyan nə hadisələrin iştirakçısı ola bilir, nə də onlara təsir etmək imkanlarına malikdir. İşğalçı ölkədə açıq bəyan edilir ki, Azərbaycanın təzyiqləri, diplomatik gedişləri qarşısında keçmiş və hazırki iqtidar duruş gətirə bilmir və bu səbəbdən rəsmi Yerevanın məğlubiyyətlərinin sayı durmadan artır.
Elə indinin özündə də həyata keçirdiyi işğal siyasəti Ermənistanın regional təcridinin daha da dərinləşməsi ilə müşayiət edilməkdədir. Burada hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkənin düşdüyü təcrid vəziyyətindən xilas olmaq istiqamətində edilən cəhdlər birmənalı şəkildə iflasa uğrayır. Ötən zaman göstərir ki, Ermənistanın işğal siyasətinə son qoymaması və Azərbaycanın ərazi bütövlüyünü tanımadığı təqdirdə onun iflası qaçılmazdır. Çünki Ermənistanın təcriddən xilas olması yalnız Azərbaycandan asılıdır.
Digər tərəfdən, region dövlətlərin və beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi də Ermənistanın işğalçılıq siyasətindən dünyada artan narazılığın real göstəricisidir. Belə vəziyyətdə aydındır ki, Ermənistan bütün diplomatik cəbhələrdə uduzmaqda davam edir.
Artıq birmənalı həqiqətdir ki, bu gün Ermənistanın bir dövlət olaraq varlığını davam etdirə bilməsi Azərbaycanla normal münasibətlərin qurulmasından, işğal siyasətindən əl çəkməsindən asılıdır. Əks təqdirdə, Ermənistanın indiki çöküşü davam edəcək, ölkə daha böyük sürətlə tənəzzül girdabına yuvarlanacaq.
Bunu əslində, bütün dünyada, o cümlədən Ermənistanın özündə də kifayət qədər aydın dərk edirlər. Bununla bağlı Ermənistanın "İravnuk” qəzeti yazır ki, Yerevan qonşu ölkələrin hamısı ilə münasibətlərini normallaşdırmasa, Dağlıq Qarabağ münaqişəsi həll edilməsə, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkədə hansısa iqtisadi tərəqqidən danışmaq mümkün deyil.
Qəzet Nikol Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərin yerinə yetirilməsinin mümkünsüz olduğunu, əslində, cəmiyyətdə baş nazirə inamın sürətlə əriyib getdiyini də xüsusi olaraq diqqətə çatdırır.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan uzun müddətdir ki, işğalçı ölkəyə çox aydın şəkildə Ermənistanın xilasının Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini açıq şəkildə bildirir. Beləliklə, Azərbaycan mövqeyini qəti şəkildə ortaya qoyur və bildirir ki, məsələnin sülh yolu ilə həlli üçün müvafiq addımlar atılmasa, onda hərb qaçılmaz olacaq.
İşğala
son qoyulmasa iflas qaçılmazdır
Hərb variantı işğalçı ölkə üçün daha böyük problemlər deməkdir və elə ötən il ərzində erməni tərəfi buna bilavasitə şahidlik etdi. Belə ki, dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələri 2018-ci ildə də döyüş meydanında uğurlu əməliyyatlar həyata keçirdi. May ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, İrəvan-Gorus-Laçın yolu nəzarətə götürüldü.
Bunun özü Ermənistanda kifayət qədər ciddi təşvişə yol açdı və elə indinin özündə də düşmən ölkədə ciddi rezonans yaratmaqda davam edir. Erməni ekspert David Şahnazaryan bu məsələyə toxunaraq bildirib ki, Azərbaycan Ermənistanla sərhəddə, Naxçıvan istiqamətində minlərlə hektar ərazini nəzarəti altına alıb: "Ən böyük təhlükə Qarabağı təhdid edir. Bu təhlükənin mənbəyi Azərbaycan, yaxud Türkiyə deyil, Ermənistanın hakimiyyətidir. Bu gün danışıqlar prosesində artıq geri dönməyən itkilərlə üz-üzəyik, Ermənistan-Azərbaycan sərhədində rəqib Naxçıvanda bir neçə min hektar ərazini nəzarəti altına alıb. Qoşunların təmas xəttində Azərbaycan hücum xarakterinə malik yeni hərbi qurğular tikir. 2019-cu il Qarabağın müdafiəsi baxımından hamımız üçün ağır olacaq”.
Ermənistanın rəsmi şəxslərinin uzun müddət bu faktı inkar etmələri fonunda Şahnazaryanın sərhəddəki ərazilərin Azərbaycanın nəzarəti altına keçməsi haqqında bəyanatı diqqət çəkir. Nikol Paşinyan da bu yaxınlarda nəhayət, etiraf etmişdi ki, mövqelərin yerdəyişməsi baş verib. Bu xüsusda Paşinyan bildirmişdi: "Mən rəsmi olaraq bəyan edirəm ki, mayın 8-i tarixinə Ermənistanın nəzarəti altnda olan torpaqlar bu cür olaraq qalır”.
Lakin Avstraliyadakı Holokost və qətliamların öyrənilməsi institutunun analitiki Masis İngilisyanın məqaləsində peyk vasitəsilə çəkilmiş fotoşəkillərlə əyani olaraq nümayiş etdirilir ki, Azərbaycan Ordusunun neytral ərazilərdə hərəkəti həm yayda, həm də payızda davam etdirilib. İngilisyanın hələ noyabr ayında dərc edilmiş məqaləsində deyilirdi ki, Azərbaycanın ordu bölmələrinin yeni mövqelərdə möhkəmlənməsinin nəticəsində ermənilər bir neçə postu qoyub gediblər, digər postları isə bir müddət sonra boşaltmağa məcbur olublar. Ümumilikdə, 11 min hektara yaxın ərazi Azərbaycan tərəfdən nəzarət altına alınıb ki, bunun da 8 min hektardan çox hissəsi əkinçilik üçün yararlıdır.
KTMT fiaskosu
Ötən il diqqət çəkən daha bir məqam isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun tutduğu vəzifədən azad edilməsi oldu.
Ermənistanın iddialarına və istəklərinə baxmayaraq, təşkilatın baş katibi postu Ermənistandan alındı. Halbuki, işğalçı ölkə bu postu 2020-ci ilə qədər saxlamağa çalışırdı. Ermənistanda inqilab yolu ilə hakimiyyəti ələ alan Nikol Paşinyan bu məsələdə kifayət qədər arxayın bir mövqe sərgiləyirdi. Elə bunun nəticəsi idi ki, Paşinyan 2008-ci ilin martında Yerevanda prezident seçkilərinin nəticələrinə etiraz edən nümayişçilərə qarşı ordunun tətbiq edilməsi işindən yapışdı, bir-birinin ardınca bu işdə əli olanlara, o cümlədən həmin dövrdə Yerevan qarnizounun komandanı olmuş KTMT baş katibi, Rusiyaya sıx bağlı olan general Yuri Xaçaturova cinayət işi qaldırılmasına getdi.
Paşinyanın hökuməti onun geri çağırılması və yerinə Ermənistanın başqa nümayəndəsinin göndərilməsi mexanizmini tapmağa çalışsa da, Xaçaturov ötən ilin noyabrında keçirilən Astana sammiti ərəfəsində özü istefa verdi. Baş nazir Nikol Paşinyan Astanaya yola düşməzdən əvvəl deyirdi ki, sammitdə Xaçaturovun istefasını baş katib postunun fors-major situasiyada boşalması ilə eyniləşdirəcək. Və israr edəcək ki, əsasnamədə bunun əksini göstərən heç bir müddəa olmadığından Ermənistan Xaçaturovun yerinə 2020-ci ilə qədər öz nümayəndəsini, indiki halda keçmiş müdafiə naziri Mikael Arutyunyanı göndərə bilər.
Bütün bunlardan sonra KTMT-yə üzv ölkələrin başçıları Astanaya toplaşdılar və əsas məsələ - blokun yeni baş katibinin seçilməsi barədə 3 saatdan çox bağlı qapılar arxasında müzakirə apardılar. Müzakirələrdən sonra Qazaxıstan Prezidenti Nursultan Nazarbayev elan etdi ki, bu məsələdə yekdil mövqeyə gəlmək mümkün olmayıb və dekabrın 6-da yenidən müzakirə aparılacaq. Amma Nazarbayev onu da elan etdi ki, daha Ermənistanın öz nümayəndəsini göndərmək şansı yoxdur, bloka rotasiya qaydasına uyğun olaraq Belarus nümayəndəsi başçılıq etməlidir.
Barəsində bəhs edilən tədbir həm də onunla yadda qaldı ki, Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, KTMT çərçivəsində müşahidəçi və tərəfdaş dövlətin hüquqi statusunu müəyyən edən sənədə imza atıldı. Belə vəziyyətdə maraq doğuran odur ki, qurum Azərbaycanı burada müşahidəçi qismində görməyi planlaşdırır. Bu da o deməkdir ki, faktiki olaraq Azərbaycanın regiondakı yerini, çəkisini, əhəmiyyətini nəzərə alaraq təşkilat öz nizamnaməsində dəyişiklik etdi. Beləliklə, Azərbaycan təşkilat yanında müşahidəçi dövlət statusunu qazanır. Bu, Azərbaycan üçün hazırlanmış bir sənəddir. Ermənistan rəhbərliyi isə bu fonda gördü ki, KTMT-də Azərbaycanın çox böyük nüfuzu var.
Bu da məlumdur ki, Azərbaycanın Ermənistanı çıxmaqla KTMT üzvləri ilə ikitərəfli formatda çox yaxşı münasibətləri, Belarus və Qazaxıstanla isə xüsusi münasibətləri var. Məhz bu münasibətlər sayəsində iki il əvvəl Ermənistanın KTMT baş katibi vəzifəsinə öz nümayəndəsini seçdirməsi xeyli müddət baş tutmamışdı. Astanada sammitdə baş verənlərdə Azərbaycan Prezidentinin Qazaxıstan və Belarus liderləri ilə xüsusi münasibətlərinin rolunu inkar etmək olmaz.
Ermənistanda da etiraf edirlər ki, Azərbaycan üzv olmasa da, KTMT-də çox güclü mövqeyə malikdir. Elə bunun nəticəsidir ki, Ermənistan mətbuatı və işğalçı ölkənin ekspert dairəsi indi də KTMT-nin Astana sammitində baş verənləri faciə kimi dəyərləndirir. 1995-1998-ci illərdə KTMT-nin baş katibi olmuş Stepan Qriqoryan Astana sammitində baş verənləri ciddi böhran kimi səciyyələndirir. Onun qənaətinə görə, Ermənistan üçün ən ciddi təhlükə Belarusun KTMT-nin baş katibi postuna irəli sürdüyü namizədlə bağlıdır. Belə ki, Belarusun irəli sürdüyü namizəd hərbi akademiyanı Bakıda bitirib və Azərbaycanla sıx əlaqələri var.
Ermənistan müxalifətinin təmsilçisi, işğalçı ölkənin parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə bildirir ki, Ermənistanın təhlükəsizlik sahəsində öz mövqelərini itirməsi göz qabağındadır: "Baş katib postunun Belarusa keçəcəyinə artıq şübhə yoxdur və bu, Paşinyan hökumətinin növbəti iflasıdır”.
Ekspertlərin fikrincə, Eduard Şarmazanovun Ermənistanın yeganə istinad nöqtəsi olan KTMT-də də iflasa uğramasının səbəblərini Paşinyan hökumətində axtarması təbiidir. Astana sammitində baş verənlərlə bağlı "Moskovskiy komsomolets” qəzetində dərc olunan analitik şərhdə maraqlı bir məqama toxunulub. Qəzet yazır ki, Ermənistanın planları Aleksandr Lukaşenkonun müqaviməti ilə toqquşub. Lukaşenko bildirib ki, əgər Ermənistan öz təmsilçisini baş katib postundan geri çağırıbsa, o zaman bu məsələ, ümumiyyətlə, müzakirə edilməməlidir və rotasiya prinsipinə uyğun olaraq KTMT-nin baş katibi Belarusun namizədi olmalıdır.
Total saxtakarlıqla baş tutan
parlament seçkiləri
Ermənistanda son parlament seçkilərinin nəticələri
isə bu ölkənin iflasının qaçılmaz
olduğunu bir daha sübut etdi. Ötən ilin dekabrında
keçirilən növbədənkənar parlament seçkiləri
də mahiyyət etibarı ilə əvvəlkilərdən fərqlənməyərək
total şəkildə çoxsaylı qanun pozuntuları ilə
yadda qaldı. Özü də bu o şəraitdə baş verdi ki, seçici fəallığı o qədər
də yüksək olmadı. Səsvermə hüququna malik
olan vətəndaşların 48,63 faizi
seçkilərdə iştirak etdi.
Ermənistanda rəsmi rəqəmlərə əsasən,
səsvermə hüququna malik vətəndaşların
sayı 2 milyon 573 min 779 nəfərdir. Seçkiyə onların yarıdan
çoxu, yəni, 51,37 faizi
qatılmayıb.
Bir sözlə, seçkilər göstərdi ki, erməni
xalqı idarəedici elitanın nə müxalif, nə də
iqtidar kəsiminə etibar edir. Odur ki, seçici fəallığı
həmişə olduğundan daha aşağı idi və
küçələrə axışan kütlənin təzyiqilə
oxlokratik rejim qurmuş Paşinyan xalqın böyük əksəriyyətinin
etimadını qazana bilmədi.
Bununla belə, Ermənistanda baş nazirin vəzifəsini
icra edən Nikol Paşinyanın alyansı parlament
seçkisində qalib gəlib. Alyans səslərin 70
faizindən çoxunu yığaraq, Paşinyanın sözlərilə
desək, ölkəyə "inqilabi çoxluğu”
qazandırıb. Paşinyanın "Mənim
addımım” alyansı səslərin 70,4
faizini qazanıb. Hakimiyyət çevrilişi zamanı
Paşinyana dəstək verən oliqarx Hagik Tsarukyanın rəhbəri
olduğu "Çiçəklənən Ermənistan”
partiyası isə səslərin 8,3 faizini
əldə edib.
Liberal, qərbyönümlü
"İşıqlı Ermənistan” partiyası 6,4 faiz səslə üçüncü yeri
tutub. Bu partiyaya Paşinyanın müttəfiqi
Edmon Marukyan başçılıq edir.
Sabiq
prezident Serj Sarkisyanın sədri olduğu "Respublika”
partiyası isə səslərin cəmi 4,7
faizini yığıb ki, bu da parlamentə daxil olmaq
üçün qoyulan 5 faizlik baryerdən azdır.
"Daşnaktsütyun” partiyası 3,9 faiz
səs toplayıb.
Mövcud qanunvericiliyə əsasən, parlamentdə
minimum 3 partiya təmsil olunmalıdır. Eyni zamanda,
heç bir partiya parlamentdə yerlərin üçdə-ikisini,
yaxud 66 faizindən çoxunu əldə edə bilməz.
Səslərin heç olmasa 33 faizi müxalifət
partiyasına verilməlidir.
Sosial-iqtisadi böhran dərinləşir
Sosial-iqtisadi sahədə böyük problemlər
yaşayan Ermənistanda vəziyyətin getdikcə daha da pisləşməsi
müşahidə olunur. Hakimiyyətin dəyişməsi ilə nəticələnmiş
inqilab eyforiyası bitdikdən sonra Ermənistanda mövcud
sosial-iqtisadi problemlər yenidən ön plana
çıxıb. İndi cəmiyyət
yeni hakimiyyətdən üzləşdikləri sosial çətinliklərin
həllini tələb edir. Lakin məlum
hakimiyyət dəyişikliyinə rəğmən, qeyd olunan
istiqamətlər üzrə müsbətə doğru dəyişən
nəsə yoxdur. Əksinə,
düşmən ölkənin
çöküşünün daha sürətli xarakter
alacağı proqnozlaşdırılır. Bunu Ermənistanın
cari il dövlət büdcəsindən də
görmək olar.
Büdcənin
gəlirləri 1,5 trilyon dram, xərcləri
1,6 trilyon dram göstərilir. Qeyd edək ki, 1
dollar 480 drama bərabərdir. Amma məsələ
bundadır ki, bu fonda büdcədə
sosial ödənişlərdə, maaşlarda hansısa
artım yoxdur. Bununla bağlı ekspert Babken
Tunyan qeyd edir ki, ölkədə "məxməri inqilab” da
hansısa nailiyyətə nail olmadı. O bildirir ki, Ermənistanda
təqaüd və maaşlar artmayacaq. Onun sözlərinə
görə, bu gün ölkədəki
pensiyaçıların təqaüdləri 100 dram
artırılarsa, bu, dövlət büdcəsinə çox
böyük məbləğə başa gələ bilər:
"Təbii ki, belə bir addımın atılmasının
ölkə əhalisinin rifahına elə də böyük
bir təsir göstərməyəcəyini nəzərə
alsaq, bu halda, belə bir sual doğa bilər: hökumət tərəfindən
belə bir addım atılmasına dəyərmi? Əslində,
pensiyaçıların təqaüdlərinin 1000 dram
artırılması ölkədəki bugünkü qiymət
artımı ilə müqayisədə heç nədir, yəni,
belə bir addımın atılması xalqın rifah səviyyəsinin
yüksəlməsinə heç bir təsir göstərə
bilməz. Əslində, bu seçimi Nazirlər
Kabineti etməlidir. Ermənistanda insanlar
erkən seçkilərdən sonra "məxməri
inqilab”ın iqtisadi təsirləri haqqında tez-tez
danışmağa başlayıblar. Əgər
doğrudan da, deyildiyi kimi, ölkədə vergi gəlirləri
artırılacağı təqdirdə, pensiya və
maaşların səviyyəsində artım olmayacaqsa, bunun əhali
arasında hansı effekt verəcəyini də anlamaq
lazımdır”.
Bir daha
xatırladaq ki, Ermənistan parlamentinin 2019-cu il
üçün qəbul etdiyi dövlət büdcəsində
respublikada minimum əməkhaqqı və əmək
pensiyalarının eyni səviyyədə qalacağı
bildirilib. Bununla yanaşı, əmək
pensiyalarının hesablanmasında da heç bir dəyişiklik
edilmir. Bu gün Ermənistanda
pensiyaların miqdarı 16 min dram civarındadır.
Maraqlıdır ki, "Respublika” partiyasının mətbuat
katibi Eduard Şarmazanov yeni hökumətin vergi artımı
hesabına ölkədəki pensiya və maaşların
artırılacağı barədə dediklərinin populizmdən
başqa bir şey olmadığını bildirib. Ermənistanda
sadəcə, bu ilin büdcəsində hərbi xərclərin
artırılması nəzərədə tutulur ki, bunun da
reallaşması böyük sual altındadır.
Qeyd edək ki, Ermənistan 2019-cu ildə hərbi
büdcəsini 647 milyon dollara qədər artırmaq niyyətinə
düşüb. İşğalçı ölkənin
müdafiə büdcəsinin kəskin artımı ilk dəfə
2018-ci ildə olub. Həmin vaxt hərbi büdcə
2017-ci ildəkinə nisbətən 17,6
faiz artaraq 518 milyon dollar təşkil edib. Gələn il isə ermənilər bu göstəricini təxminən
647 milyon dollara çatdırmaq niyyətindədirlər.
Hərbi
büdcənin bu cür artırılması ümumi daxili məhsulda
hiss ediləcək şəkildə əks olunub. Belə ki,
bu göstərici bu il 3,8 faizə yaxın
olub, gələn il isə 4,5 faizə çatacaq. Hərbi büdcənin belə sürətli
artımı əlbəttə ki, Ermənistan
üçün ciddi çətinliklər yaradacaq. Bu rəqəmin ümumi daxili məhsulda nisbəti
5-6 faizdən çox olması ölkə iqtisadiyyatı
üçün kifayət qədər ciddi təhlükədir.
Amma bu artım Ermənistanın Azərbaycan ilə
ayaqlaşa biləcəyi demək deyil. Əksinə,
hərbi büdcənin belə artımı Ermənistan
iqtisadiyyatının daha böyük problemlərlə üzləşməsi
deməkdir. Digər tərəfdən isə
hətta indiki artım nəzərə alınmaqla Ermənistanın
hərbi büdcəsinin Azərbaycandakına
çatmasına hələ çox var. Bu baxımdan, Ermənistanın
hərbi büdcəsini artırması onun
çöküşünü daha da sürətləndirəcək.
Ermənistan
həmin vəsaitə ancaq sosial sahələrə ayrılan xərcləri
azaltmaqla nail ola bilər. Əslində,
artıq müəyyən azalmalar özünü göstərir.
Məsələn, Ermənistan prezidenti Armen Sarkisyanın
aparatı "Airbus” təyyarəsindən məhrum edilib,
dövlət başçısının xərcləri 741
milyon dram və ya 1,5 milyon dollar
azaldılıb. 2019-cu il üçün prezidentin xərcləri
1,183 milyard dram və ya 2,4 milyon dollar təşkil
edəcək. Bu da 2018-ci ildəki analoji göstəricinin 61,5 faizini təşkil edir.
Yoxsulluq, işsizlik və miqrasiya
problemi
Erməni mediası yazır ki, indiki hakimiyyət komandasının
fəaliyyəti nəticəsində Ermənistanın
boşalması davam edəcək. Bunun əsas səbəbi
kimi məhz Paşinyan iqtidarının yarıtmaz siyasəti,
Dağlıq Qarabağ münaqişəsinin həllinin
uzanmasına görə təcrid vəziyyətinə
düşmüş Ermənistanın inkişafdan geri
qalması göstərilir. Bu durumda ölkədə
əhalinin sayının ildən-ilə azalması elə bir
həddə çatıb ki, daha nə vaxtsa artacağı
barədə qorxa-qorxa danışırlar.
Ekspert
Naira Zohrabyan bu xüsusda bildirir: "Əgər Ermənistanda
real iqtisadi artım olsaydı, yüksək sürətli
miqrasiya və vətəndaşlığı dəyişmək
lazım gəlməzdi. Ermənistanın
depopulyasiyası, yəni, əhalinin ölkəni tərk etməsi
aşkar faktdır. İndi iş qabiliyyəti olan gənc
insanlar Ermənistanı tərk edir, çünki onlar burada
iş tapa bilmirlər. Rəsmi statistikaya görə,
30 faiz insan yoxsuldur, hərçənd bura işləyən,
lakin aldığı maaşla yaşaya bilməyən təbəqə
daxil edilmir. Bunu nəzərə alsaq, faiz
dərəcəsi daha da böyüyəcək. Digər tərəfdən, maaşların
azlığına, yüksək işsizliyə və
alıcılıq qabiliyyətinin son dərəcədə
aşağı olmasına baxmayaraq, qiymətlər durmadan
artır və vətəndaşlar sadəcə olaraq
heç nə ala bilmirlər. Beynəlxalq
səviyyədə ərzağın qiyməti
aşağı düşür, Ermənistanda isə
artır. Bütün bunlar təbii olaraq
miqrasiyaya təsir edir və insanlar öz ölkəsini tərk
edir”.
Rusiyanın
Elmi Tədqiqatların Dəstəklənməsi Fondunun Ekspert
Şurasının sədri Qriqori Trofimçuk isə qeyd edir
ki, yaranmış durumda Ermənistanda xaos yüksələn xətt
üzrə inkişaf edir: "İndiyə kimi Ermənistanın
yeni baş naziri Nikol Paşinyana öz öhdəliklərini
yerinə yetirməkdə heç kim mane
olmurdu və o, bu müddətdə əsas sahələrdə
həyat səviyyəsini yaxşılaşdıra, o cümlədən
tariflərin endirilməsinə nail ola bilərdi. Ancaq bu, baş vermədi və parlamentin yeni tərkibi
ilə də baş verə bilməzdi. Buna
görə Ermənistanda xaos yüksələn xətt
üzrə inkişaf edir. Bu, o deməkdir
ki, Ermənistana sabitliyin qayıtması üçün uzun
müddət lazımdır. Və burada
kütlə istənilən anda Paşinyanı endirə bilər”.
Bütün bunlar bir daha Ermənistanda gərgin vəziyyətin
davam edəcəyini aydın nümayiş etdirir.
Elçin CƏFƏROV
Azərbaycan.-
2019.- 6 yanvar.- S. 1; 2.