Dünyanın ən yaxşıları sırasında

 

Lənkəran Uşaq Rəssamlıq Məktəbi 35 ildir ki, fəaliyyət göstəir. Hazırda burada Lənkəran, Lerik, Masallı və Astara rayonlarından olan 60-dan çox şagird təhsil alır. Onlara rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ təsviri sənət, moda rəssamlığı, dizayn və digər ixtisaslar öyrədilir.

Məktəbin direktoru, tanınmış rəssam Adil Əsədli deyir ki, 2018-ci il onlar üçün çox uğurlu olub. Yaponiya, Polşa, Hindistan, Yunanıstan, Misir və digər ölkələrdə keçirilən sənət yarışmalarında nailiyyətlər qazanan bu təhsil ocağı dünya miqyasında tanınan 100 uşaq rəssamlıq məktəbi arasında layiqli yer tutub.

Misir səfirliyinin dəvəti ilə beynəlxalq sərgiyə qatılan məktəbin şagirdi Şəhriyar Rzazadə ikinci dərəcəli diplomla təltif olunub, Zümrüd Abbaszadənin rəsm əsərləri Yunanıstanda keçirilən rəsm müsabiqəsində üçüncü yerə layiq görülüb. Beş yaşından rəssamlığa həvəs göstərən 15 yaşlı Zümrüd bir neçə janrda şəkillər çəkir, daha çox rəngli boya ilə kətan üzərində işləməyə üstünlük verir.

Belə misalların sayını artırmaq da olar. Əsası odur ki, bölgədə rəssamlığa həvəs göstərən istedadlı uşaqlar diqqətdən kənarda qalmır, belələrini üzə çıxarmaq üçün hərtərəfli şərait yaradılır.

 

Ağaddin BABAYEV

 

Azərbaycan.- 2019.- 6 yanvar.- S. 4.