Sibiri Sibir edən
Azərbaycanlı
Bu yaxınlarda Sibirdə, Qornopravdinsk qəsəbəsində neftçi Fərman Salmanovun bürünc heykəli ucaldılıb. Bu, Rusiya torpağında Azərbaycan oğlunun xatirəsini əbədiləşdirən ilk abidə deyil. Fərman Salmanovun Surqutda və Xantı-Mansiskdə də heykəlləri, Moskvada büstləri var.
...Dağlar öz yüksəkliyində və əzəmətində qalır - bizdən uzaqda da olsalar, yaxında da. Böyük nur çeşmələrinin işığı təkcə öz ətrafına deyil, uzaq məsafələrdəki yollara-rizlərə də düşür. Xalqına şan-şöhrət gətirən oğullar isə elinin-obasının fəxrinə, qüruruna çevrilir - vətəndə də olsalar, ondan xeyli uzaqlarda da...
Gənc yaşlarından Azərbaycandan uzaqlarda yaşayan, Sibirdə, qədim Yuqra diyarında əsl xariqələr yaradan Fərman Salmanov xalqımıza həmişə başucalığı gətirib. 12 il əvvəl dünyasını dəyişsə də, dərin qatlarının "qara qızıl” sərvətini üzə çıxardığı Sibir torpağında əfsanələşən, daim yadda qalan və əməlləri yaşayan bir obraza çevrilib.
Kim idi Fərman Salmanov? Sibir neftini kəşf
edən məşhur geoloq. Yaşadığı
dövrün ən yüksək mükafatlarına
- Sosialist Əməyi
Qəhrəmanı fəxri
adına, Lenin mükafatına layiq görülmüşdü. Geologiya-minerologiya
elmləri doktoru elmi dərəcəsini isti iş otağı
və rahat laboratoriyalarda deyil, şaxtası insanın iliyinə işləyən
Sibir çöllərində,
qarla örtülmüş
vadilərdə, buz bağlamış okean sahillərində neft yataqlarını kəşf
edə-edə qazanmışdı.
Rusiya Elmlər Akademiyasının
müxbir üzvü seçilmişdi. Rusiya Federasiyasının
əməkdar geoloqu adını almışdı.
Fərman Salmanov şöhrətin bu zirvəsinə çatanadək keşməkeşli
yollardan adlamışdı. Qəribədir ki, Fərmanın ağlı kəsməyə
başlayanda Şəmkirin
Morul kəndində babası Süleyman kişidən eşitdiyi
ilk nağıl Sibir haqqında olmuşdu.
Əslində bu, acı bir həyat hekayəti idi. Belə ki, Süleyman
kişi hələ gənc ikən, 1888-ci ildə dini vergiləri ödəməkdən boyun
qaçırdığı üçün 20 il müddətinə Sibirə
sürgün edilmişdi.
Lakin Rusiya-Yaponiya müharibəsində
igidlik göstərməsi
Süleymanı xilas etmiş və o, evləndiyi rus qızı Olqanı da götürüb vətənə gəlmişdi.
Olqa dilimizi öyrənmiş,
dinimizi qəbul etmiş və artıq Firuzə kimi kənddə-kəsəkdə
hamı ilə doğmalaşmışdı. Balaca Fərman nənəsindən az da olsa,
rus dilini öyrənə bilmişdi.
Odur ki, SSRİ neft sənayesi naziri Nikolay Baybakov Şəmkirdə səfərdə
olarkən hörmətli
qonağı məktəblilər
adından salamlamaq Fərmana həvalə edilmişdi. Görüş zamanı Baybakov Fərmandan soruşmuşdu
ki, böyüyəndə
nəçi olmaq istəyir. O isə dərhal "neftçi olacağam” demişdi. Uşağın başını sığallayan Baybakov sanki bu yolda
ona xeyir-dua vermişdi.
İllər keçdikcə yeniyetmə
Fərmanın təxəyyülündə
"Sibir” və "neft” məfhumları birləşərək onu
uzaq yollara, böyük məqsədlərə
səsləyir.
1954-cü ildə Azərbaycan
Sənaye İnstitutunu
(indi Azərbaycan Neft və Sənaye
Universiteti) bitirən gənc mühəndis-geoloq
Moskvaya məktub göndərərək N.Baybakovdan
xahiş edir ki, onun Sibirdə
işləməsinə imkan
yaradılsın. Fərmanı Moskvaya çağırır,
hətta yol pulunu da verib
Kuzbasa göndərirlər.
Beləliklə, bir zamanlar Sibirdə günahsız cəza çəkməyə
məhkum edilən kişinin nəvəsi indi buraya xoş
əhvali-ruhiyyə ilə,
xeyirxah missiya ilə qədəm qoyur.
Lakin iki-üç il
Kemerovo və Novosibirsk vilayətlərində
aparılan neft axtarışları heç
bir nəticə vermir. Odur ki, 1957-ci ilin
avqust ayında Fərman Salmanov yuxarı instansiyalara müraciət etmədən
və heç kəsdən icazə istəmədən öz geoloqlar dəstəsi ilə Surquta yollanır və orada qazma işlərinə
başlayır. Bu hərəkətinə görə
onu işdən çıxarmaq və həbs etmək istəyirlər. Daxilindən gələn
bir səs isə Fərmana "geriyə çəkilmə!”
deyirdi. O, bütün
təzyiqlərə dözüb
ərazini tərk etmirdi. Nəhayət, müdiriyyət "yuxarılar”ın razılığını
alıb köhnə tarixlə əmr imzalayır və Salmanovun Surquta getməsini rəsmiləşdirir.
1961-ci ilin yazında
çox sevdiyi Novruz bayramı Fərmana xoş müjdə gətirir. Mart ayının 21-də Megion
kəndi ərazisində
qazılan ilk quyu 2180 metr dərinlikdən fontan vurur. Lakin bu quyunun ehtiyatlarının
cüzi olduğunu söyləyərək Salmanovun
qələbəsinə əhəmiyyət
vermirlər. Çox keçmədən
Ust-Balıq rayonunda ikinci quyu fontan
vurur. Salmanov müdiriyyətə radioqramla
xəbər verir:
"Burada neft aşıb-daşır”. Bununla
kifayətlənməyib SSRİ-nin o vaxtkı rəhbəri Nikita Xruşşova
ötkəm məzmunlu
belə bir teleqram da göndərir:
"Mən nefti tapdım! Bax, belə! Salmanov”.
Fərman Salmanovun gələcək
karyerası çox uğurlu oldu. O, Qərbi
Sibirdə neft və qazla bağlı
ən böyük müəssisələrə rəhbərlik
etdi. Tarixdə isə "Mamont”, "Megion”, "Pravdinsk”, "Urenqoy”, "Yamburq” kimi nəhəng karbohidrogen yataqlarını
kəşf etmiş geoloq kimi qaldı.
"Müəllif”i azərbaycanlı Salmanov olan bu cür
yataqların sayı
130-dan çoxdur.
Vaxtilə insan ayağı dəyməyən yerlərdə
indi Qornopravdinsk kimi abad bir
qəsəbənin olması
da Fərman Salmanovun adı ilə bağlıdır. Sözügedən ərazidə Salmanov neft kəşf edəndən sonra burada insan məskən
salmışdır. Məhz
buna görə də bir-iki il əvvəl
qərara alınmışdı
ki, qəsəbənin
mərkəzində onun
xatirəsinə abidə
kompleksi yaradılsın.
Kompleksin
müəllifi heykəltəraş
Aleksandr Rukovişnikovdur.
Bu, həmin heykəltəraşdır
ki, indiyədək böyük yazıçılar
Fyodor Dostoyevski və Nikolay Şoloxov, məşhur şair-aktyor
Vladimir Vısotskinin heykəllərini
yaratmışdır.
Fərman Salmanovun ən böyük abidəsi isə insanların qəlbində ucalıb. "Fərman sanki bu gün də
Yuqra diyarı ilə addımlayır.
Onun insanlara bəxş etdiyi entuziazmı bu yerlərin sakinləri nəsildən-nəslə
ötürürlər”. Bu, kompleksin açılış
mərasimində xüsusi
qeyd edilib. Bir daha vurğulanıb ki, Sibiri Sibir
edən Fərman Salmanov olub. Salmanovun kəşf etdiyi yataqların hasilatı hələ də tükənməyib və
onlar Rusiyanın hazırkı neft-qaz kompleksinin bazasını təşkil edir.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 6 yanvar.- S. 5.