Dünya sirk
ulduzları Bakıda
Paytaxtın sakinləri
və qonaqları bayram günlərində
asudə vaxtlarını şən və mənalı
keçirmək üçün Bakı
Dövlət Sirkini seçirlər
Asudə vaxtların daha səmərəli
keçməsi üçün, adətən,
müxtəlif ünvanlar seçilir.
Bunlar yalnız kino-teatr, konsert salonları, yaxud turizm marşrutları deyil. Belə əyləncə məkanlarından biri də mərkəzi şəhərlərdə fəaliyyəti
ilə daim diqqət çəkən
sirklərdir. Bakı sirki
də daim tamaşaçı nəfəsi
ilə isinib. 1945-ci ildə Azərbaycanın
ilk milli sirk truppası kimi yaradılan Bakı Dövlət Sirki də belə əyləncə mərkəzlərindən
biri kimi tanınır. Xüsusən ilin əlamətdar və tarixi, eləcə də bayram günlərində burada tamaşaçı əlindən tərpənmək
olmur. Ötən
ilin son günlərindən
başlayaraq, Bakı Dövlət Sirkində yenidən anşlaqdır:
kiçikyaşlı məktəblilər
doğmaları, xüsusən
baba və nənələri ilə yollarını məhz buradan salırlar. Elə sirkin özünün də keçdiyi yol uzun və
keşməkeşli olub.
Bakı
Dövlət Sirkinin direktoru, əməkdar mədəniyyət işçisi
Vaqif Bağırzadə
əyləncə və
istirahət mərkəzinin
dünəni və buğunu barədə fikirlərini bölüşərkən
bildirdi ki, yüz ildən artıq bir dövr ərzində insanlara həyəcan və sevinc dolu anlar yaşadan
sirkin maneji fanatları hesabına bu gün də
öz missiyasını
- sənətə və
insanlara xidmət vəzifəsini yerinə yetirir: "Sirkin səhnəsində dünyanın
müxtəlif ölkələrindən
dəvət olunan kollektivlər çıxış
edirlər. Yaradıldığı ilk vaxtlar tamaşa
yalnız sirk nömrələrindən ibarət
olmayıb. Truppanın
tərkibinə estrada və balet artistlərinin çıxışları da
salınıb. Ənvər
Quliyev, "Ulduz bacıları”, kəndirbaz
Əlixan və digər artistlərin bir-birindən maraqlı nömrələrindən ibarət
truppanın fəaliyyəti
dövründə "Zirvədən
işıq” adlı proqramla Bakı sirki MDB məkanında, eləcə də Afrika, Asiya, Amerika və Avropada daimi qastrollarda olub”.
Nikitinlərin sirk binasında
milli tamaşalar
Bakı Dövlət Sirkinin hazırkı binası
1967-ci ildə istifadəyə
verilib. Memarları Ənvər İsmayılov
və Leontyev olan, tikildiyi dövrdə texniki imkanlarına görə çox müasir hesab edilən bina dünya sirkləri arasında seçilir.
Həmsöhbətimiz deyir ki, 1890-cı illərdə
rus sirkinin ustadı sayılan Nikitin qardaşları Bakıda ilk stasionar sirk-heyvanxana açıb,
1904-cü ildə isə
indiki Nəsimi bağının yerində
Şərqdə sirk-teatr
binası inşa etdiriblər: "Nikitinlərin
rəhbərliyi ilə
qrupun çıxış
etdiyi bina təəssüf ki,
1906-cı ildə yanıb.
Nikitinlər elə həmin il
onun yerində daşdan yeni sirk binası tikdiriblər. On ildən
sonra isə Yefimovlar Nikitin qardaşlarının sökülmüş
sirkinin yerində başqa birini inşa etdiriblər.
Sirkin başıbəlalı binalarının
tez-tez yanğına məruz qalmasının
min cür səbəb-bəhanələri
olub. Hətta 1924-cü ilin dekabrında
da sirkin binası yanıb. Az vaxt ərzində Y.Kudryavtsev də burada öz sirkini qurur. Həmin illər ərzində
onun səhnəsində
Rusiyanın müxtəlif
şəhərlərindən gələn sirk truppaları çıxış
edib. O dövrün
məşhur sirk truppaları Tanti qardaşlarının,
Lerrinin rəhbərlik
etdiyi kollektivlərin də Bakı qastrollarının sayı
xeyli artıb”.
Bakı Sirkinin kolxoz filialı
Maraqlıdır ki, Bakı sirkinin
kolxoz filialı da olub. Onun əsasını
qoyanlar isə yerli özfəaliyyətçilər,
kəndirbazlar və xalq pəhləvanları idi.
1945-ci ildə Azərbaycanda
ilk peşəkar sirk kollektivi yaradılıb. Kollektiv
Bakı Sirkinin kolxoz filialının və Azərbaycan estrada artistlərindən,
həmçinin bədii
özfəaliyyətçilərdən təşkil olunub. Kollektivin
"Azərbaycan toyu”
adlı ilk proqramını
dahi bəstəkar Üzeyir Hacıbəyli hazırlayıb. Proqramın rejissoru
Soltan Dadaşov, bəstəkarı Səid
Rüstəmov, baletmeysteri
Əminə Dilbazi, mətnin müəllifi Süleyman Rüstəm olub.
Sirk ustalarının
adını yaşadan
onların bir-birindən
maraqlı, rəngarəng,
həm də "qorxulu” nömrələri
olub. Məhz buna görə məşhur kəndirbaz Rza Əlixan, sim üzərində rəqs
edən "Ulduz bacıları” - Sona, Şəfiqə və Gülnaz, təlim görmüş itlərlə
şou göstərən
Maralxanım Şirinova,
jonqlyor Xosrov Abdullayev, akrobat İsmayıl Mirzəyev,
"Üç qardaş”
akrobat nömrəsi ilə tanınan Nikolay Qorkovenko, Xosrov Abdullayev və Viktor Xelaya, ilanoynadan Sofu Cəfərovun adları sirksevərlərin yaddaşına
yazılıb. Bunlarla
yanaşı, Yunis və Yusif Ağayev
qardaşlarının "Nəsrəddin və Bəhlul Danəndə” səhnələri, "Zorxana”
və milli güləş nümayişləri
də unudulmayan oyunlar sırasına daxildir. Xalq pəhləvanı Sali Süleymanın, klounlar - Qasım Məlikovla Kamal Abdullayevin çıxışları
da o dövrün ən yaddaqalan nömrələri hesab edilir.
Gələrsən, görərsən...
Bakı Dövlət Sirki həmişəki kimi, bu gün də
tamaşaçı qıtlığı
çəkmir, əksinə,
şou-tamaşa məkanının
qapısını döyənlərin
sayı ildən-ilə
artmaqdadır. Çünki burada bir-birindən
maraqlı, əyləncəli
proqramlar nümayiş
etdirilir. Bakı
Dövlət Sirkinin ictimaiyyətlə əlaqələr
şöbəsinin rəhbəri
Mahir Hümbətovun sözlərinə görə,
son illər tamaşa salonundakı anşlaqın
bir çox səbəbləri var ki, onlardan ən
əsası ölkə
ərazisində asudə
vaxtın səmərəli
təşkilinə daha
çox diqqət yetirilməsidir. Sirkdə də bu amil
özünü qabarıq
şəkildə göstərir:
"...Teatrdan, konsert salonlarından fərqli olaraq, sirk tamaşalarının
daha çox diqqət çəkməsi
həm də burada idmanla incəsənətin müxtəlif
sahələrinin sintezləşməsi
ilə proqramların tərtib edilməsidir. Sirkin mövsümi xarakter daşıması təsadüfi
deyil. Xüsusən əlamətdar günlərdə
sirklər tamaşaçılarla
dolub-boşalır. Bu il də
Bakı Dövlət Sirkinin tamaşaçıları
yaş baxımından
rəngarəngdir: uşaqdan-böyüyə
Bakı sakinləri, eləcə də paytaxtın qonaqları, hətta turistləri belə tamaşalara tələsirlər. Ötən ilin
payız mövsümü
oktyabr ayının sonlarında başlayıb.
İndiyədək iki proqram göstərilib. Üçüncü proqram isə aprel ayının əvvəllərindən, daha
doğrusu, Novruz bayramı ərəfəsindən
başlayacaq. Proqramda bir-birindən
maraqlı nömrələr
var. Rusiyanın məşhur
"Nikulin” və
Belarus sirklərinin ustaları
qonağımızdır. Proqram yanvar ayının 13-dək
davam edəcək.
Burada yalnız şən klounlar deyil, eyni zamanda əhliləşdirilmiş
vəhşi heyvanlarla
nömrələr də
göstərilir. Bunlar da
azyaşlı tamaşaçıların
daha çox sevdikləridir. Əlbəttə, cikitlər qrupu ilə akrobatların çıxardığı "hoqqa”lara tamaşaçılar
gün ərzində
3 dəfə baxmaq imkanı əldə ediblər. 5 yaşadək uşaqlar sirk tamaşalarına pulsuz buraxılır.
Bu, artıq ənənə
halını alıb:
son 16 ildir ki, davam etdirilir. 3 manejli sirkin
tamaşa salonu 2 min nəfərlikdir. Burada qiymətlər
sırasına görə
10, 12, 15 və 20 manatdır”.
Dünyada məşhurlarımız...
Yarandığı ilk illərdə Bakı Sirki SSRİ-nin Ümumittifaq Sirklər Birliyinin tərkibində olduğu üçün
gözdən-könüldən uzaq düşmüşdü. Digər mədəniyyət
sahələrində olduğu
kimi, burada da lazımi şəraitin yaradılması
ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Dünyanın məşhur "Sirk-disuley”nin ustalarının
adları arasında həmyerlimiz Üzeyir Cəfərovun da olması ürəkaçan
faktlardandır. Yaxud Çina
Franklina adı ilə tanınmış kloun Elçin Şirinovu sirksevərlərimiz
də gözəl tanıyırlar. Məhz belə
ustadların maraqlı
proqramları ilə Bakı Dövlət Sirki son illər dünyanı dolaşmaqdadır.
Belə sənətkarlarımızın səsi Almaniya, Rusiya, Niderland, İtaliya, Çin, Çili, Argentina... kimi ölkələrdən gəlir.
Onlar həmin ölkələrin
məşhur sirklərinin
tərkibində öz
çıxışları ilə xalqımızın
mədəniyyətini təqdim
edirlər. Ümumiyyətlə, sirklərin artistləri daim səfərlərdə
olurlar. Həm də hər nömrənin hazırlanması
üçün az qala, bir il vaxt
sərf edilir. Bu gün Bakı
sirkində göstərilən
proqramlar da zənginliyi ilə sevilir və baxılır. Axı,
proqramda "Lasta-rika”
kimi şoular da var. "Sözəbaxan”
pinqvinlərlə göstərilən
belə nömrələr
tamaşaçılarda xoş
ovqat və yüksək əhvali-ruhiyyə
yaradır axı...
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2019.- 6 yanvar.- S. 6.