Hədəflər dəf olundu

 

2018-ci il iqtisadi sahədə mühüm yeniliklərlə yadda qaldı

 

Daha bir il tarixə qovuşdu. Kimi bir yaş böyüdü, kimi də qocaldı. Qoca demişkən, elə qoca dünyanın da yaşının üstünə yaş gəldi, baxmayaraq ki, bir il onun üçün göz qırpımından da ani zamandır. Amma yaşı milyard illərlə ölçülən dünyamızın başı son illər olduğu kimi, 2018-ci ildə də dinc qalmadı - üzərindəki neçə-neçə evlər, şəhərlər, kəndlər dağıdıldı, qoynunda yer verdiyi yüz minlərlə insan evindən, obasından didərgin salındı, qanlı-qadalı saysız savaşlardan sinəsinə dağlar çəkildi.

Bütün bunlar XXI əsrin yola saldığımız 18-ci ilinin qara və bir də qırmızı rəngli mənzərəsidir.

Lakin bu dünyada Azərbaycan adlı kiçik bir ölkə də var və o, artıq neçə ildir, Prezident İlham Əliyevin dediyi kimi, sabitlik və inkişaf adasıdır. Beynəlxalq aləmdə, yaxın-uzaq regionlarda mahiyyətindən və sahəsindən asılı olmayaraq baş verən siyasi qarşıdurmalara, iqtisadi böhranlara tab gətirən ölkəmiz XX əsrin sonunda bərpa etdiyi müstəqilliyinin 27-ci ilini də bütün sahələrdə yaddaqalan uğurlarla yola saldı.

2018-ci il ölkəmiz üçün həm də ona görə əlamətdar oldu ki, xalqımız yenidən etimad göstərib İlham Əliyevi növbəti 7 il üçün özünün lideri, dövlətinin başçısı seçdi. Bu seçimdə xalq olaraq yanılmadığımızı təsdiqləyən amillərdən biri, bəlkə də birincisi Azərbaycanın ötən il sosial-iqtisadi sahələrdə qazandığı uğurlar oldu. Ölkədə ardıcıl həyata keçirilən islahatlar sayəsində 2018-ci il tarixə iqtisadi inkişafımızın yenidən sürətlənməsi dövrü kimi düşdü.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, ötən il strateji yol xəritələrinin icrası təmin edilmiş, o cümlədən kiçik və orta sahibkarlığın meyarlarının yenilənməsi, "Yaşıl dəhliz”in qaydalarının qəbulu, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparılmış, yeni aqro və texnoparklar, sənaye məhəllələri yaradılmışdır. Eyni zamanda sahibkarların vergi yükünün optimallaşdırılması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha sivil səviyyəyə çatdırılması üçün vergi və gömrük sahələrində islahatlar aparılmışdır.

Keçən ilin mühüm hadisələrindən biri də Azərbaycanda aparılan iqtisadi islahatlara Dünya Bankının "Doing Business 2019” hesabatında verilən yüksək qiymət olmuşdur. Həmin hesabatda Azərbaycan dünyada ən islahatçı ölkə elan edilmişdir. Yeri gəlmişkən qeyd edək ki, 2017-ci il və 2018-ci ilin ilk 4 ayında sözügedən hesabat üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə ölkəmizdə 70-dən çox islahat həyata keçirilmişdir. Həmin hesabatda Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmışdır. Bu göstərici MDB-də ən yüksək olmaqla BRICS ölkələrinin hamısının, G20 ölkələrinin isə dörddə-üçünün üstələnməsi deməkdir.

Ötən il həmçinin ölkədə aparılan institusional və struktur islahatları çərçivəsində "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün strategiya” qəbul olunmuş, həmçinin KOB-un İnkişaf, Dövlət Turizm, Qida Təhlükəsizliyi, Aqrar Kredit və İnkişaf agentlikləri, "DOST” Mərkəzi, TƏBİB, DAİM, "Aqrar tədarük və təchizat” ASC, Rəqəmsal Ticarət Qovşağı kimi yeni qurumlar fəaliyyətə başlamışdır. V.Qasımlı deyir ki, dövlət başçısının dizayn verdiyi yeni iqtisadi modelə uyğun institusional strukturlar ardıcıl şəkildə yenilənir: "Vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət qurumlarını tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq, nəticələrdən dövlət və özəl sektorlarının istifadə etmə imkanlarını yaratmaq üçün dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyanın təmin edilməsi sahəsində vahid yanaşmanın, standartların tətbiqi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi məqsədilə elektron hökumətin əhatə dairəsi genşləndirilir, "bir pəncərə” sistemindən 7/24/365 (yəni ilin bütün günləri və günün bütün saatları) prinsipinə keçid baş verir”.

2018-ci ildə qeyri-neft sektorunda özəl sahibkarlığın iştirakı ilə ticari bölmənin hesabına ölkə iqtisadiyyatının 1 faiz artdığını deyən icraçı direktor onu da qeyd edib ki, son 15 ildə 3,2 dəfə böyüyən iqtisadiyyatımızın belə bir faza üzərində, üstəlik neft hasilatının ilbəil azalması və neft qiymətlərinin kəskin volatilliyi fonunda inkişafı təqdirəlayiqdir: "İqtisadi artımda neft sahəsinə nisbətən qeyri-neft sektoru, dövlət bölməsinə baxanda özəl bölmə və qeyri-ticari sektorla müqayisədə ticari sektor getdikcə drayver rolunu daha çox oynayır, yəni iqtisadi artımın keyfiyyəti yüksəlir. Digər tərəfdən, dövlət investisiyalarının qidalandırdığı iqtisadi model islahatların transformasiya etdiyi, məhsuldarlığa və əlverişli biznes mühitinə əsaslanan modellə əvəzlənir”.

Elə bu yerdə qeyd edək ki, Azərbaycanda ÜDM-in strukturunda sənayenin üstün artım tempi qlobal trend olaraq dördüncü sənaye inqilabı ilə səsləşir. Sənayenin ÜDM-də xüsusi çəkisinə görə Avropada ön sırada gedən Azərbaycan hazırda bu sektorun strukturunda neftdən qeyri-neft bölməsinə uğurlu keçid edir. Faktlara nəzər salaq: təkcə son 2 ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında qeyri-neft sənaye məhsullarının həcmi xeyli artıb. Eyni zamanda Azərbaycanın liderliyi ilə Xəzər sahilindən başlamış Gürcüstan üzərindən Türkiyədə Aralıq dənizi sahilinə uzanan nəhəng kimya kompleksi yaradılıb. Təsadüfi deyil ki, Azərbaycan bu gün sənaye ölkəsi olaraq regionun təkcə enerji deyil, həm də neft-kimya sənayesi mərkəzi sayılır.

Ölkə iqtisadiyyatı üçün 2018-ci ilin yaddaqalan göstəricilərindən biri də xarici ticarət sahəsində qeyri-neft məhsullarının ixracının artması olmuşdur. İlkin qiymətləndirmələrə əsasən, ötən il xaricə satdığımız məhsulların dəyəri 30 faiz artmışdır ki, bunu da iqtisadiyyatımızın ixracyönümlü inkişafının göstəricisi kimi qəbul etmək mümkündür. İlkin proqnozlara görə, ötən il 2017-ci ilə nisbətən qeyri-neft məhsullarının ixracından ölkəyə 170 milyon dollar çox valyutanın daxil olması gözlənilir. Sözsüz ki, belə bir nəticənin əldə edilməsində "Azexport”, müxtəlif ölkələrdə yaradılan ticarət nümayəndəlikləri və evlərinin, eləcə də ixrac subsidiyaları və digər stimullaşdırıcı mexanizmlərin rolu danılmazdır.

2018-ci il Azərbaycan üçün həm də meqalayihələrin reallaşması ilə yadda qalmışdır. Keçən il "Cənub qaz dəhlizi” və onun bir hissəsi olan TANAP-ın açılışı olmuşdur ki, bu da 1,2 trilyon kubmetr ehtiyata malik "Şahdəniz-2” yatağından qazın Türkiyə, Gürcüstan və Avropaya nəqlinə şərait yaradır. Ölkəmizə külli miqdarda valyuta qazandıracaq sözügedən layihə bizim üçün ona görə əhəmiyyətlidir ki, bizə Avropada enerji təhlükəsizliyinin təmin edilməsində iştirakçı olmaqla bərabər, həm də Azərbaycanda yeni iş yerlərinin yaradılması, ətraf mühitin qorunması üçün əlavə imkanlar verir.

Ötən il Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Ticarət Limanı Kompleksinin açılışı da olmuşdur. Kompleks 2017-ci ildə Prezident İlham Əliyev tərəfindən açılmış Bakı-Tbilisi-Qars dəmiryol xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirir. Söz düşmüşkən qeyd edək ki, Prezident İlham Əliyevin keçən il xeyir-dua verdiyi layihələrdən biri də Türkiyədə "Petkim” neft-kimya kompleksinin ərazisində inşa olunan "Star” neft emalı zavodu olmuşdur. Bu zavod qardaş ölkənin ilk Xüsusi Sənaye Zonası elan edilmişdir.

Keçən il həmçinin 20 ildən artıq davam edən müzakirələrdən sonra Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə əlamətdar olmuşdur. Bu sənədin imzalanmasını Xəzəryanı dörd ölkə ilə bərabər, Azərbaycanın da uğuru hesab etmək olar. Konvensiya ölkəmizə nəqliyyat, logistika, tranzit, ticarət, enerji və bioresursların istifadəsi baxımından yeni imkanlar açır.

Digər əhəmiyyətli bir fakt: 2018-ci ildə tədiyə balansında profisit güclənmiş, strateji valyuta ehtiyatlarımız 45 milyard dollara yaxınlaşmaqla ÜDM-in 90 faizindən çoxunu təşkil etmişdir. Nəzərə alsaq ki, strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 3 dəfə çoxdur, onda 2019-cu ildə makroiqtisadi sabitlik üçün ciddi əsaslar olduğu üzə çıxar.

Ötən ili milli valyutamız üçün də uğurlu saymaq olar. Keçən il dünyanın ən sabit valyutalarından olmuş Azərbaycan manatı türk lirəsinə qarşı 29, İran rialına qarşı 3, Ukrayna qrivnasına qarşı 2, Gürcüstan larisinə qarşı 4, Qazaxıstan təngəsinə qarşı 16, Rusiya rubluna qarşı 18, Çin yuanına qarşı 6, ABŞ dollarına qarşı 1, avroya qarşı 5 faiz bahalaşmışdır.

 

Raqif MƏMMƏDOV

 

Azərbaycan.- 2019.- 8 yanvar.- S. 1; 2.