Güclü iqtisadiyyat

 

İlham ƏLİYEV: "Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir

 

Artıq tarixə çevrilən 2018-ci il ölkəmiz və xalqımız üçün uğurlu oldu. İctimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində irəliləyiş baş verdi. Azərbaycan dünyada sayılıb-seçilən ölkə olduğunu bir daha təsdiq etdi. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində bunları vurğulamış və qeyd etmişdir ki, bütün bu işləri görmək üçün güclü iqtisadiyyat olmalıdır və bu iqtisadiyyat var.

Beynəlxalq qurumların hesabatlarında verilən qiymət də Azərbaycanın güclü iqtisadiyyatı olduğunu sübut edir. Belə ki, Dünya Bankının "Doing Business” proqramının son hesabatlarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Başqa sözlə, Dünya Bankı ölkəmizdə aparılan iqtisadi islahatları, onların şəffaflığını və nəticələrini yüksək dəyərləndirir.

Keçən il ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulub. Qeyri-neft sektoru, o cümlədən onun mühüm qolu olan aqrar sahə getdikcə inkişaf edir. İxracın strukturunda qeyri-neft məhsulları çoxalır. İl ərzində ixrac təxminən 40 faiz artıb.

Sosial proqramların və yeni sosial infrastruktur layihələrinin həyata keçirilməsi davam edir.

Bunların hamısı, qeyd edildiyi kimi, güclü iqtisadiyyata əsaslanır. Məsələn, keçən il məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı işlər görülüb. 5800 köçkün ailəsi üçün evlər və mənzillər tikilib. Yüzlərlə ailə Yeni ili yeni gözəl şəraitdə qarşılayıb. 626 yeni mənzillə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin məişət şəraiti yaxşılaşdırılıb. Prezident İlham Əliyev həmin istiqamətdə işlərin 2019-cu ildə də davam edəcəyini bildiribbu da Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşın dayandığını təsdiqləyir.

Dövlət başçısı həmçinin qeyd etmişdir ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir. Məhz bu amil ölkəmizə təkcə Azərbaycan üçün deyil, bir çox digər ölkələr üçünmühüm əhəmiyyət daşıyan layihələri gerçəkləşdirməyə imkan verir. Belə önəmli layihələrdən biri "Cənub qaz dəhlizi”dir. 2018-ci il tarixə bu dəhlizin rəsmi açılışı ili kimidüşdü. Belə ki, may ayının 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi keçirildi. Bu, Avropanın enerji xəritəsini dəyişən layihədir ki, Azərbaycan qazını 3500 kilometr məsafə boyu neçə-neçə ölkəyə çatdıracaq. "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatına başlanması, eləcə də mavi yanacağı Azərbaycanın və Gürcüstanın ərazisindən keçirərək Türkiyə sərhədinə çatdıran Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinin yekunlaşması bu dəhlizin açılışına imkan verdi.

Sonrakı ayda isə TANAP (Transanadolu Qaz Boru Kəməri) istifadəyə verildi. TANAP-ın işə düşməsi bir daha təsdiqlədi ki, "Cənub qaz dəhlizi” artıq reallığa çevrilir. Çünki TANAP bu dəhlizin 1900 kilometrlik ən böyük hissəsidir. Türkiyənin ərazisi boyu 20-dən çox bölgədən keçən bu kəməri "Cənub qaz dəhlizi”nin onurğa sütunu adlandırırlar.

"Cənub qaz dəhlizi”nin gerçəkləşməsi istiqamətində aparılan uğurlu işlər "Şahdəniz” qazının TANAP-a ötürülməsinə şərait yaratdı. Bu da nəinki layihənin, ümumiyyətlə, regionun tarixində önəm daşıyan hadisə kimi dəyərləndirilir. 2018-ci ildə TAP-ın (Transadriatik Qaz Boru Kəməri) tikintisi də rəvan gedib. Azərbaycan qazını Avropaya çatdıracaq bu kəmər yanacağı TANAP-dan qəbul edəcək. TANAP həm də bu baxımdan əhəmiyyətlidir. Prezident İlham Əliyev təbrikində bu layihələrin tarixi nailiyyət olduğunu qeyd etmişdir.

Azərbaycanın region, hətta bir çox digər ölkələr üçün əhəmiyyətli olan layihələri sırasında Ələt Ticarət Limanı da var. Bu da Azərbaycanın 2018-ci ildə nail olduğu böyük uğurlardandır. Çünki sözügedən limanın vasitəsilə Azərbaycan nəinki regionun, Avrasiyanın önəmli nəqliyyat mərkəzinə çevrilir. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Ələt Ticarət Limanının ərazisində avtomobil, dəmir və su yolları bir-birinə qovuşur ki, bu da güclü nəqliyyat infrastrukturu yaradır. Başqa sözlə, Azərbaycanın tranzit imkanları getdikcə genişlənir.

Ümumiyyətlə, 2018-ci ildən xalqımızın tarixində və yaddaşında qalan xoş hadisələr çoxdur. Keçən il orbitə Azərbaycanın üçüncü peyki buraxılmışdır. Deməli, Azərbaycan dünyanın məhdud sayda olan kosmik klubunun üzvlərindən biridirbu sahədə öz mövqelərini getdikcə möhkəmləndirir.

2018-ci ildə uzun müddətdir müzakirə olunan bir məsələ də müvəffəqiyyətlə həll olundu. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi öz həllini tapdı və bu işdə Azərbaycan mühüm rol oynadı.

Yeni ilə xalqımız bir-birinin ardınca qazandığı belə böyük uğurların müjdəsi ilə qədəm qoydu. Bu uğurlar həm gələcək işlər üçün möhkəm bünövrə, həm onları həyata keçirmək üçün xoş əhval-ruhiyyə, həm də sabaha böyük inamdır.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 8 yanvar.- S. 1; 4.